Salyan rayonunda dəhşətli qətlin üstü açılıb

Qətl

Müxalifət partiyasının üzvü sifarişlə öldürülüb və sifariş siyasi deyil
Salyan rayonunda müxalifət partiyasının üzvünə qarşı baş vermiş amansız qətlin üstü açılıb. Qəsd sifarişlidir və siyasi təfərrüatları yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com saytına verilən məlumata görə, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olduğu müəyyən edilib.

İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Şahin Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə “Mitsubishi-Pajero” markalı avtomobil kirayələyib.

Daha sonra Rauf Rəhimov Tacəddin Qafarov və Təvəkkül Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim etmiş və onu avtomobilə əyləşdirib aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərlərində olan bıçaqlarla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib.

Məlum olub ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan Rauf Rəhimov, tanışları Tural Əsgərov, Kənan Alıyev, Təvəkkül Seyidov, Tacəddin Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də adları hələlik istintaqa məlum olmayan digər şəxslər “Mitsubishi Pajero” markalı avtomobillə Çingiz Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək mənzilə basqın etmiş, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçiriblər.

Hazırda hər iki cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.