Səid Əzizi İranda hakimiyyət və qeyri-fars qruplar arasında bir dialoqun olmadığını, amma İranın müxalif qrupları ilə əlaqə baxımından, türklərin digər qeyri-fars qruplardan fərqli bir vəziyyətdə olduğunu ifadə edir. Azərbaycan Demokratik Birliyi təşkilatının sözçüsü Amerikanın Səsi ilə söhbətdə İranda müxtəlif qruplar arasında əlaqələr və dialoqun səviyyəsini dəyərləndirib. O, İranda Azərbaycan və türk məsələsinin ancaq dialoq yolu ilə çözüləcəyinə inandığını vurğulayır.
Your browser doesn’t support HTML5
Sağlam bir toplumda problemlərin həlli üçün dialoqdan başqa bir vasitə olmadığını önə çəkən Səid Əzizi deyir ki, “media əsri olan və insan tarixində ən mühüm rol oynayan keçən yüz ildə, təəssüf ki, bölgəmizdə və xüsusilə İran toplumunda diktatorluq hakim olub. Diktator da, öz xeyrinə olmadığı üçün, dialoq vasitəsini aradan qaldırıb.”
Biz ayrılmaq da istəsək, qalmaq da istəsək, istiqlal da, federalizm də dialoq yolu ilə olacaq. Biz nə Suriyəni, nə İraqı nə də Liviyanı istəyirik. Biz PKK şivəsini istəmirik. Bu şivələr bizə yaraşmır.Səid Əzizi
“Bizimlə hakimiyyət arasında, hakimiyyətlə millət arasında, millətin bir-biri ilə, müxaliflərin hakimiyyətlə, müxaliflərin bir-biri ilə və eləcə xırdalayıb aşağıya gəldikcə dialoq səviyyəsi çox zəif və bərbad vəziyyətdədir,” deyə siyasi fəal bildirir.
O, hakimiyyətlə dialoq baxımından qeyri-fars qrupların oxşar durumda olduğunu ifadə edir:
“Hakimiyyətlə dialoq baxımından bizim digər qeyr-fars qruplarla fərqimiz yoxdur. Yəni, İranda hakimiyyət ərəbə də, kürdə də, türkə də eyni şəkildə baxır. Heç birini etnik ya milli azlıq kimi qəbul edib ya onlarla müzakirəyə girməyib. Əgər bir zamanlar hakimiyyət bəzi kürd qruplarla müzakirəyə gedirdisə, bu, o qruplara qarşı planlarını həyata keçirmək üçün idi. Onları sakitləşdirmək istəyirdi. Yəni, kürdlərin haqq və hüquqlarını vermək deyil, onları tələyə salmağa çalışırdı. Necə ki gördük, bunları müzakirə masasında terror etdilər.”
Səid Əzizi İran Kürdüstanı Demokrat Partiyası liderləri Əbdülrəhman Qasımlı və Sadiq Şərəfkəndinin müvafiq olaraq 1989-cu ildə Vyanada və 1992-ci ildə Berlində qətlə yetirilmə hadisələrinə işarə edir. Hər iki lider qətlə yetirildikləri zaman İran İslam Respublikasının nümayəndələri ilə danışıqlar aparırdılar.
Azərbaycan Demokratik Birliyi təşkilatının sözçüsü qeyri-fars qruplar və İranın müxalif qrupları arasındakı dialoq baxımından mənzərənin fərqli olduğunu deyir.
“Azərbaycan və türkə qarşı yaranmış olan atmosfer İranda bir təhər bütün vətəndaşların beyninə yerləşib. Bu baxımdan İranın sağçı və solçu qrupları, qanuni və qeyri-qanuni şəkildə fəaliyyət göstərən müxaliflərin ya anti-türk mövqeləri var və əsasən türkün varlığını inkar edirlər ya da türkə qarşı müdafiəçi bir mövqe alırlar. Onlar da ki, bir az solçudurlar, Azərbaycan və türkün haqq və hüququnu bir şəkildə qəbul etsələr də, bizimlə olan əlaqələri başqa qeyri-farslar ilə əlaqələrindən fərqlidir,” deyə Səid Əzizi bəyan edir.
Biz təşəbbüskar olub bu dialoq qapılarını açmağa çalışmalıyıq. Gözləməyək ki, fars qruplar gəlib bizimlə danışacaq.Səid Əzizi
O, əlavə edir ki, “anti-türk təbliğatın təsirində, İranlı müxalif qruplar bizdən çox kürd təşkilatlara meyilli olublar. Bunun bir önəmli səbəbi də budur ki, bizim kürdlərinki kimi nizamlı bir təşkilatımız olmayıb. 1946 dekabrında Milli Hökümət devrildikdən sonra biz təşkilatımızı itirdik amma kürdlər milli təşkilatlarını qoruya bildilər. Buna görə də, müxtəlif dövrlərdə yaşanan olaylarda o toplumun bir hissəsini təmsil edən müxalif qrup kimi digər müxalif qruplarla bərabər hərəkət edə bildilər. Əlbəttə, iranlı müxaliflərin kürd qruplarla dialoqu kürd toplumunun problemlərini həll etmək üçün deyil, hakimiyyət qarşı bir əlaqə şəklində olub.”
Səid Əzizi güneydəki hərəkatın iranlı siyasi qruplarla dialoq qapılarını açmağa ehtiyacı olduğuna inandığını deyir. Onun fikrincə, Azərbaycan məsələsinin həlli ancaq İranın digər qrupları, o cümlədən fars toplumu ilə dialoq yolu ilə mümkün olacaq.
Anti-türk təbliğatın təsirində, İranlı müxalif qruplar bizdən çox kürd təşkilatlara meyilli olublar. Bunun bir önəmli səbəbi də budur ki, bizim kürdlərinki kimi nizamlı bir təşkilatımız olmayıb.Səid Əzizi
“Biz təşəbbüskar olub bu dialoq qapılarını açmağa çalışmalıyıq. Biz gözləməyək ki, fars qruplar gəlib bizimlə danışacaq. Onlar heç vaxt gəlməyəcək. Onlar hakimiyyətdə üst qüvvədirlər. Yəni haqqı verilməyən haqqı üçün getməlidir... Biz haqqımızı almaq üçün hər qapını döyməyə məcburuq... Bu fikir ki, İranı rəsmiyyətə tanımadan, fars toplumu ilə danışmadan Azərbaycan bu zülmlərdən və bu ayrı-seçkilikdən qurtulacaq, səhvdir. Biz ayrılmaq da istəsək, qalmaq da istəsək, istiqlal da, federalizm də dialoq yolu ilə olacaq. Biz nə Suriyanı, nə İraqı, nə də Liviyanı istəyirik. Biz PKK şivəsini istəmirik. Bu şivələr bizə yaraşmır və Allah bizim millətimizə bunları göstərməsin. Məsələmizi danışıq yolu ilə dinc şəkildə həll etməliyik. Həm beynəlxalq səviyyədə həm də ölkə səviyyəsində dostlarımızı tapıb, ya da dostumuz olmayan amma bizi qəbul edən insanlarla danışmalıyıq,” deyə türk fəal əlavə edir.
Səid Əzizi milli hərəkat qüvvələrinin bu kontekstdə eyni fikirdə olmadıqlarını ancaq hazırkı dövrün dialoqa üstünlük verən qüvvələr üçün daha əlverişli olduğunu qeyd edir.