İsa Qəmbər: Müsavatın 100 illik tarixi - azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir

İsa Qəmbər: Müsavatın 100 illik tarixi - azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir

Müsavat Partiyasının yaradıcısı Məmməd Əmin Rəsulzadə ötən əsrin 50-ci illərində Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına tarixi müraciətini edib. Müsavat başqanı İsa Qəmbər partiyasının 100 illik tarixi yolu, demokratiya və insan haqları ilə bağlı mübarizə tarixindən danışıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, partiyanın tarixi yolu, ölkənin müstəqilliyi, demokratiya və insan haqları ilə bağlı mübarizə tarixindən danışıb. Müsavat Partiyasının yaradıcısı Məmməd Əmin Rəsulzadə ötən əsrin 50-ci illərində Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına tarixi müraciətini edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər də bu gün Amerikanın Səsi vasitəsi ilə xalqa müraciət edib.

Sual: Müsavat Partiyasının 100 ili tamam oldu. Bu yüz ildə partiyasının Azərbaycan xalqının tarixində rolunu necə görürsünüz?

Cavab: Müsavat Partiyası Azərbaycan tarixinin ən şərəfli və ləyaqətli səhifələrindən birini təşkil edir. 100 illik tarix, dəyərlər, azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir. Ədalətsizliyə, avtoritarizmə, totalitarizmə qarşı mübarizə tarixidir. Bu partiya Azərbaycanın dövlət müstəqilliyini təmin edib. Hər kəsə bəllidir ki, əgər 1918-ci ildə islam şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmasa idi, 1920-ci ildə Rusiya yenidən keçmiş imperiya ərazilərini işğal edəndə bəlkə də Azərbaycan Respublikası mövcud olmazdı. Hansısa quberniya şəklində Bakını, Gəncəni Rusiyaya qatıb, onlara formal muxtariyyət verilərdi. Nəticədə də 1991-ci ildə SSRİ çökəndə Azərbaycanın müstəqilliyini bərpa etmək mümkün olmazdı. Necə ki, bu gün Çeçenistanın, Tatarıstanın, başqa bölgələrin müstəqilliyini təmin etmək hüququ cəhətdən çox çətin məsələyə çevrilib. Bu baxımdan, Müsavatın ən böyük xidməti cümhuriyyəti yaradıb, tarixə həkk etməsidir. Eyni zamanda, Müsavat Azərbaycana böyük ideologiya verib, siyasi cərəyan təqdim edib, yol və istiqamət göstərib. Dövlətin rəmzlərini, üçrəngli bayrağı, gerbi Azərbaycana təqdim edib. Müsavat həm də bir mübarizə rəmzi ortaya qoyub. Həm 1918-1920-ci illərdəki hakimiyyət, həm 1920-ci ildən 1991-ci ilədək mühacirətdə və gizli şəraitdə fədakarlıqla aparılan mübarizə, həm də 1991-ci ildən indiyədək bizim nəslin üzərinə düşən bir dövr. Biz fəxr edirik ki, 1991-ci ilin sonları 1992-ci ilin əvvəllərində Müsavatın xaricdə yaşayan liderləri partiyanın fəaliyyətini Azərbaycanda bərpa etmək qərarına gəldilər və bu şərəfli missiyanı bizə etibar etdilər, bizə güvəndilər. Biz fəxr edirik ki, bütün çətinliklərə baxmayaraq partiyanı son 20 ildə də yaşatmışıq, ölkənin əsas siyasi qüvvəsinə çevirə bilmişik, seçkilərdə xalqın etibarını qazana bilmişik. Doğrudur vəziyyəti kifayət qədər köklü şəkildə dəyişə bilməmişik. Bunun da daxili və xarici səbəbləri kifayət qədər aydındır. Ən əsası odur ki, bu ideya yaşayır. Xalq, xüsusən də gənclər Müsavat ideyasına bağlıdır, Rəsulzadə şəxsiyyətinə sayğılıdır. Biz inanırıq ki, gəncliyin böyük iştirakı ilə bu dəyərlərin təkcə qəlblərdə, şüurlarda yox, dövlət səviyyəsində yaşamasına, dövlət siyasətində özünü göstərməsinə nail olacağıq.

Sual: Müsavatın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmədi. Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi bunu adi bir partiyanın yubileyi adlandırdı. Necə qiymətləndirirsiniz?

Cavab: Bu nadanlıqdır. Bu təkcə bisavadlıq deyil, həm də nadanlıqdır. Çünki, ibtidai sinif şagirdinə də bəllidir ki, 100 illik bir partiya adi partiya deyil. Dünyada 100 illik siyasi partiyalara malik xalqların sayı o qədər də çox deyil. Nəzərə alsaq ki, bu 100 il sadəcə bir xronologiya faktı deyil, bir qədər əvvəl söylədiyim kimi, bu 100 il zəngin bir mübarizə tarixidir. Böyük ideologiya, siyasət məktəbi və dəyərləridir. Əliyev hakimiyyətinin bu dəyərlərə belə sayğısız yanaşması bir sıra amillərlə bağlıdır. Bir tərəfdən, Azərbaycan tarixini etnik təmizləməyə məruz qoymaq istəyirlər ki, orada Heydər Əliyev və onun övladı üçün bir boşluq yaransın və guya Azərbaycanda bunlardan böyük siyasətçi olmayıb. Bu mənada Rəsulzadəyə, Elçibəyə və onun silahdaşlarına mənfi münasibət bəslənir. Digər tərəfdən də, bu gün ölkədə hakimiyyətə qarşı mübarizə aparan qüvvələrin önündə gedənlərdən biri, bəlkə də birincisi Müsavat Partiyası olduğu üçün iqtidar Müsavata qarşı hər hansı müsbət münasibətin göstərilməsindən qorxur. Hesab edirlər ki, bu ölkədə vəziyyəti onların ziyanına dəyişə bilər. Bu iki səbəbdən özlərini cılız aparırlar. Hesab edirəm ki, heç bir halda bu cür xırda maraqlar Azərbaycan xalqının tarixinə, mənəviyyatına hörmətsizliyə gətirib çıxarmamalıdır.

Sual: Müsavat Partiyası şərqdə ilk demokratik, çoxpartiyalı parlamenti olan respublika qurub, qadınlara ilk dəfə olaraq səsvermə hüququ verib. Qadınlara səsvermə hüququnun verilməsi Avropanın bir çox ölkələri üçün də örnək kimi göstərilir. Müsavat Partiyasının demokratiya uğrunda mübarizəsini necə xarakterizə edərdiniz?

Cavab: Müsavat tarixi boyu demokratiya, liberal-demokrat dəyərlərə sadiq olub. Bu dəyərləri yayıb. Hətta, bəzən təəccüb edirəm ki, 2o-ci əsrin əvvəllərində Müsavat hökuməti bu dəyərlərə bir çox Avropa dövlətlərindən daha çox sayğılı davranıb, daha çox mütərəqqi addımlar atıb. Bu isə o deməkdir ki, bu dəyərlər xalqımızın təbiətindən, partiyanı, müstəqil cümhuriyyəti quranların mahiyyətindən irəli gəlir. Bu insanlar millətin problemlərinin həllini insan azadlığında görürlər. İstər qadınlara səsvermə hüququ olsun, tarixi bir fakt da var ki, o zaman parlamentdə hökumətin əleyhinə qiyama hazırlaşan bir bolşevik deputat olub, amma parlamentin icazəsi olmadığı üçün həmin deputat həbs edilməyib. Parlament həbsə icazə verənədək isə deputat qaçıb gizlənib və sonradan Müsavat hökumətinə qarşı qiyamda həlledici rol oynayıb. Müsavat hökuməti bunları qabaqcadan bilsə də qanunun aliliyinə əməl edib. Tarix boyu Müsavat bu dəyərlərə sayğılı davranıb və biz də Azərbaycanda partiyanı bərpa etdikdən sonra həmin dəyərləri inkişaf etdiririk. Qadınlara partiya rəhbərliyində 25 faiz kvota müəyyən etmişik, Azərbaycanın tarixində ilk praymeriz keçirmişik, deputatlığa namizədləri partiyanın rəhbərliyi deyil, partiyanın üzvləri səsvermə yolu ilə müəyyənləşdirib. Bir sıra başqa addımlar da atmışıq ki, partiyada azadlıqlar yüksək səviyyədə olsun. Bunları cəmiyyətdə də yaymağa çalışmışıq. O cümlədən də, bir şəxsin iki dəfədən artıq partiyanın rəhbəri və digər rəhbər strukturların başçısı olması məhdudlaşdırılıb. Bütün bunlar, Müsavatın demokratiyaya münasibətin və Azərbaycana verdiyi örnəklərin nümunələridir.

Sual: Vaxtı ilə Müsavat Partiyasının lideri Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqına tarixi müraciətini Amerikanın Səsi radiosu vasitəsi ilə edib. Tarix elə gətirib ki, bu gün, Müsavatın 100 illik yubileyində bu sualı mən sizə verməliyəm. Azərbaycan xalqına Amerikanın Səsi radiosu vasitəsi ilə mesajınız nədir?

Cavab: Bu faktı xatırlatdığınıza görə təşəkkür edirəm. Eyni zamanda, demək istəyirəm ki, Amerikanın Səsi, Azadlıq radiosu kimi radioların formalaşmasında, xüsusən onların Azərbaycan şöbələrinin formalaşmasında Rəsulzadənin, Müsavat Partiyasının böyük təsiri var. Yəni, azadlıqlar uğrunda mübarizə aparan təşkilatlar olmasa idi, xalqlarını azad görmək istəyən fədakar insanlar olmasa idi, azad dünya nədən bu qədər xərc çəkib, bu radioları və onların müvafiq şöbələrini yaratmalı idi? Bu baxımdan, bu dəyərlər bir-birinə bağlı dəyərlərdir. Rəsulzadənin Amerikanın Səsi radiosu vasitəsi ilə xalqımıza müraciəti onun xalqımıza ən böyük vəsiyyətlərindən, əmanətlərindən biridir. Amerikanın Səsi radiosuna Müsavat Partiyasına yaratdığı bu imkana görə bir daha təşəkkür edirəm. Bizim sözümüz isə bir daha Rəsulzadənin sözüdür. Biz xalqımıza, millətimizə, insanımıza inanırıq. Biz inanırıq ki, Azərbaycan azad dünyanın bir hissəsi olmağa layiqdir və qadirdir. Ona görə də, hər bir vətəndaşımızı buna inanmağa, özünə inanmağa, millətə inanmağa, bir-birinə inanmağa çağırıram. Əmin edirəm ki, bir-birimizə inansaq, özümüzə inansaq qarşımızda duran ən ağır vəzifələrin öhdəsindən gələ bilərik. Azərbaycanı müstəqil dövlətə çevirdiyimiz kimi, müstəqilliyimizi bərpa edə bildiyimiz kimi, Azərbaycanda demokratiyanı da bərqərar edə bilərik və bütün problemləri həll etməyə gücümüz çatar. Biz özümüzə, millətimizə inansaq bütün böyük hədəflərə çata biləcəyik. Bunu bizə Rəsulzadə deyib, bunu bizə Elçibəy deyib. Biz bu yolu davam edirik. Azərbaycanımızın işğal olunmuş ərazilərinin azad olunması, firavan həyatı, bütövləşməsi, güneydəki bacı-qardaşlarımızla birgə hərəkət edə bilməmiz və bütün bu istiqamətlərdə uğur qazanmağa gücümüz çatar. Yetər ki, fəal olaq, mövqe ortaya qoyaq və gələcəyə inanaq. Mən fürsətdən istifadə edib 18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibəti ilə Amerikanın Səsinin bütün dinləyicilərini təbrik edirəm.