Rza Siyami daha əvvəl İran Azərbaycanında ildə iki türkcə filmin çəkilməsinin yetərli olacağını ifadə etmişdi. Amerikanın Səsinə danışan rejissor artıq vəziyyətin dəyişdiyini vurğulayır. Onun sözlərinə görə, “bu dörd ildə gedişat düşündüyümüzdən daha sürətli və daha güclü irəlilədi.”
Bu il İran Azərbaycanında çəkilmiş türkcə filmlərdən ikisi fevral ayında keçirilən Beynəlxalq Fəcr Kino Festivalında nümayiş etdiriliblər; Ərk qardaşlarının çəkdiyi “Dəri” filmi və Niki Kəriminin “Atabay” filmi.
Bu dörd ilin içində gedişat düşündüyümüzdən daha sürətli və daha güclü irəlilədi.
Rza Siyami deyir, “mən o vaxt gedişata baxaraq düşünürdüm ki, ildə iki filmin çəkilməsi də çox çətin olacaq və iki filmə yetişsək yaxşıdır. Amma bu dörd ilin içində gedişat düşündüyümüzdən daha sürətli və daha güclü irəlilədi. İndi iki filmdən də çox çəkilib. Onlardan ikisi festivala alınıb.”
Bəhram və Bəhmən Ərk qardaşların “Dəri” filmi 38-ci Beynəlxalq Fəcr Festivalının “Sənət və Təcrübə” bölümündə “Büllur Simurğ” mükafatını almağa nail olub. Festivalın ən yaxşı film musiqisi mükafatı da “Dəri” filminin musiqisini bəstələyən Bamdad Afşara verilib.
Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində çəkilmiş “Atabay” filmi isə rejissor və prodüseri olan məşhur Niki Kərimi sayəsində, xüsusilə də filmin mətbuat konfransında yaşanan qızğın mübahisədən sonra İran mətbuatı və kinosevərlərin diqqətini cəlb edib.
SEE ALSO: Ural Hatəmi: İranda artıq yeni bir türk kinosu dalğası varRza Siyaminin sözlərinə görə, “builki iki filmin festivala getməsi, mübahisə mövzusu olması və mükafat alması, türkcə filmlərdə irəliləyiş prosesini həm sürətləndirəcək, həm də gücləndirəcək. Mənim bildiyimə görə, gələcək il üçün ən az altı-yeddi film planlaşdırılır. Bunlar müxtəlif mərhələdədirlər. Ssenari yazan var, büdcə toplayan var, hətta çəkilişini bitirən var. Bu gedişatla altı-yeddi filmə tərəf gedir.”
Hazırda Azərbaycan vilayətlərində gənclərin çəkdiyi qısametrajlı filmlərin 90 faizi türkcədir. Farsca film çəkən çox azalıb.
Rejissor həmçinin 1990-cı illərdən bəri İran Azərbaycanında türk dilində çəkilən kino və televiziya filmləri, teleseriallar və qısametrajlı filmlər haqqında ətraflı məlumat verir:
“Hazırda Azərbaycan vilayətlərində gənclərin çəkdiyi qısametrajlı filmlərin 90 faizi türkcədir. Farsca film çəkən çox azalıb. İldə bəlkə 50-dən çox qısametrajlı filmimiz türkcə çəkilir. Bu nəslin 10 faizi belə peşəkar sinəmaya girməyi bacarsa, o düşüncəni də gətirsə, yəni yarı yolda buraxmasa ki, mənin tanıdığım qədər bunların çoxu davam edəcək, dörd-beş ildən sonra ildə 20-30 filmin çəkilməsi də mümkün ola bilər.”
Fəcr Kino Festivalının mətbuat konfransında jurnalistlərin biri “Atabay” filiminin atmosferinin türkiyəli rejissor Nuri Bilge Ceylanın filmlərindəki atmosferə oxşadığını önə çəkib. Rejissor Niki Kərimi və ssenarist Hadi Hicazifər isə bu oxşarlığı rədd etməyiblər. Hadi Hicazifər bu barədə deyib ki, “türk ədəbiyyatı ilə bağlı bir həqiqət var. Coğrafi yaxınlıq etibari ilə vahid bir ruha sahibdir. Mifoloji anlayış son dərəcə yaxındır. Dil zənglinliyi və əfsanələrdə ortaq ünsürlər olduqca çoxdur.”
Rza Siyami hesab edir ki, “İran Azərbaycanında çəkilən filmlərdə türk ruhu və kimliyinin olması Türkiyə filmlərindən təsir almaqdan öncə bizim rejissorlarımızın mədəniyyətimizə, ədəbiyyatımıza, mifologiyamıza və musiqimizə diqqət və mütaliələri və o ruhu dərk etmələri ilə filmlərdə əks olunmalıdır.”