Ankarada yayımlanan “Maduniyyət” jurnalının yazı işləri müdiri, sosioloq Ural Hatəmi deyir ki, “bugün İranda türkcə filmlərə bu qədər rəğbət göstərilməsinin bir tarixi var. Bu iş bir gecədə və ya bir-iki ildə olmadı. Bu, illər öncədən başlandı və gəlib bu günkü uğura yetişdi.”
Ural Hatəmi Amerikanın Səsinə müsahibədə son vaxtlar İran Azərbaycanında çəkilən türkcə filmlərə artan rəğbəti dəyərləndirib. O həmçinin keçən günlərdə türkcə-farsca “Atabay” filminin mətbuat konfransında yaşananlar ilə bağlı düşüncələrini açıqlayıb.
Hatəmi mərhum rejissor Yədullah Səmədinin 1990-cı illərdə türk dilində çəkdiyi “Dəli Dümrül” və “Saray” filmləri ilə bərabər yeni bir dönəmin başladığını vurğulayır.
1997 ilində Yədullah Səmədinin Saray filminin Təbrizdə və digər türk şəhərlərində kino zallarını doldurmasından başlayan bir prosesdir bu. Səmədinin bu filmləri ilə türk filmlərinin istehsalında bir dönəm başladı.
“1997 ilində Yədullah Səmədinin Saray filminin Təbrizdə və digər türk şəhərlərində kino zallarını doldurmasından başlayan bir prosesdir bu. Səmədinin bu filmləri ilə türk filmlərinin istehsalında bir dönəm başladı,” yazar söyləyir.
O bu gün İran Azərbaycanında bir çox uğura imza atan gənc kino yaradıcılarının çətin proseslərdən keçdiyini ifadə edir:
“Bunlar bu proseslərdə ağır bir iş yükü ilə çalışdılar. Çox çətinlik çəkdilər. Senzuraya məruz qaldılar, lisenziya ala bilmədilər, başlarına bir sürü oyun gəldi və bugünkü duruma gəldik. Sonunda biz bu gün bu gənclərin çəkdiyi filmlərin bu şəkildə kino zallarını doldurmasını görürük və bunu İranda yeni bir türk sinəması dalğası olaraq adlandırırıq.”
Fevralın 7-də İranın Fəcr Kino Festivalında nümayiş etdirilən türkcə-farsca “Atabay” filminin mətbuat konfransında qızğın bir mübahisə yaşandı. Ssenarist Hadi Hicazifər filmin türk dilində çəkilməsinə etiraz edən jurnalistin sözlərini “faşist düşüncələr” olaraq dəyərləndirdi.
Onlar istəmirlər ki, sinəma mühitində türklərə yol versinlər. İstəmirlər türklərin oyanışı və şüurlanması orada da yaşansın.
Ural Hatəmi deyir: “O jurnalistin etirazı əslində İranın milliyyətçi və şovinist kinoçuları və kino yazarlarının yığılmış təpkisidir. Onlar istəmirlər ki, sinəma mühitində türklərə yol versinlər. İstəmirlər türklərin oyanışı və şüurlanması orada da yaşansın. Çünki sinəma dediyimiz o mühit o qədər həssas bir mühitdir ki, oraya bir məsələ girdi isə çox sürətli və təsirli bir şəkildə topluma yayılacaq. Əgər türklük məsələsi və türk dili o hövzədə və o mühitdə yayılmağa başlasa, bunlar bilir ki, artıq onun qarşısını ala bilməyəcəklər.”
Bu gün görürük ki, sırf folklor, əfsanə və mifologiyadan çıxıb, sosioloji, psixoloji və bəzən fəlsəfi məzmunu olan türkcə filmlər çəkilir.
Sosioloq həmçinin son illərdə türk dilində çəkilmiş qısa və uzunmetrajlı filmlər ilə mərhum Səmədinin 90-cı illərdə çəkdiyi filmləri məzmun baxımından müqayisə edib.
“Yədullah Səmədi haqqında oxuduğum qədər, o da güncəl (aktual) mövzuları işləmək istəyən biri idi. Ancaq sistemin buna mane olmasını gördük. Yəni dövlət onun o hövzdədən çıxmasına icazə vermir. Onu əfsanələr, tarix, folklor və Azərbaycanın o kənd mədəniyyəti içərisində sıxışdırır və orada saxlayır. Ancaq bu gün görürük ki, artıq oradan çıxırlar. Sırf folklor, əfsanə və mifologiyadan çıxıb, sosioloji, psixoloji və bəzən fəlsəfi məzmunu olan türkcə filmlərin çəkildiyini biz görürük. Biz bu proseslərdə bir canlı varlığın dünyaya gəlməsi və yavaş yavaş böyüməsini görməkdəyik,” Ural Hatəmi qeyd edir.
O əlavə edir, “bu ayrıseçkilik məsələsi, bu türklük məsələsi özünə yer axtarır. Harada ki bacara bilir, orada özünü göstərir, açığa verir və orada patlaq verir. Son zamanlarda bu qədər filmin çəkilməsi və xüsusilə Atabay filmi ilə bağlı yaşananlar bunun bir göstəricisidir... 20 il bundan öncə kimsə düşünməzdi ki, məsələn bir gün Traktor kimi bir komanda bu şəkildə türkün məsələsini danışacaq. Və ya bu düşünülməzdi ki, 2020 ilində bir sinəma mühiti olacaq və bu məsələlər danışılacaq.”