Rüşvət alanlar tutulub

Binə bələdiyyəsinin sədri və müavini həbs edilib, polislər barədə istintaq aparılır.

Bakı şəhərinin Binə qəsəbəsinin sədri Babaxan İsayev və müavini Əlisa Panayev rüşvət alarkən prokurorluq tərəfindən tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə,

Bakı şəhər sakininin Binə bələdiyyəsinin sədri Babaxan İsayevin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Bələdiyyənin sədri Babaxan İsayev xidməti otağında müavini Əlisa Panayevlə birgə satılan torpaq sahəsi üçün vətəndaşdan 4.400 manat pulu rüşvət kimi qəbul edib, onun tanışının adına fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsinin ayrılması barədə Hövsan südçülük sovxozunun direktorunun adından verilmiş saxta əmrdən çıxarışı təqdim edən zaman cinayət başında yaxalanıb.

Prokurorluq apardığı axtarış nəticəsində çoxsaylı saxta ştamp və möhür vurulmuş boş blanklar, ayrı-ayrı qurumlara və dövlət orqanlarının adına olan saxta möhür və ştamplar aşkar edərək götürüb.

Cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Turan Agentliyinin məlumatında isə iki yol polis əməkdaşının rüşvət alarkən yaxalandığını bildirir.

Polis əməkdaşlarının rüşvət aldığını Daxili İşlər Nazirliyi reyd apararkən müəyyən edib. Hər iki polis əməkdaşı barədə istintaq aparılır.

2011-ci ildə Dövlət Yol Polisinin 39 əməkdaşı xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə daxili işlər orqanlarında xidmətdən xaric, 20 nəfərsə tutduğu vəzifədən azad edilib.