Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin Parisdə keçirdiyi görüş Ukraynanın şərqində atəşkəsin pozulmasına görə kimin günahlandırılması ilə əlaqədar nəticəsiz başa çatıb.
Dörd ölkənin baş diplomatının görüşü cəbhə xəttindən ağır silahların çəkilməsini nəzərdə tutan atəşkəsə əməl ediləcəyi ilə bağlı qeyri-müəyyənliyin mövcud olduğu şəraitdə keçib.
Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer danışıqların çətin olduğunu deyib.
Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin ATƏT-in müşahidə missiyasına dəstək kimi bir sıra texniki məsələlərdə razılığın əldə edildiyini, lakin atəşkəsin pozulmasına görə kimin günahlandırılması ilə bağlı razılığa gəlinmədiyini bildirib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, müzakirələr əsas etibarilə sülh razılığa əməl olunması məsələsi ətrafında aparılıb.
Senatda ABŞ qanunvericiləri qarşısında danışan dövlət katibi Con Kerri Rusiyanın ona Ukraynada fəaliyyətlərilə bağlı dəfələrlə yalan məlumat verdiyini deyib.
Britaniyanın Baş naziri Deyvid Kameron isə bildirib ki, Rusiyanın Ukraynada hərəkətləri ilə bağlı məsul tutulmaması Moldova və Baltikyanı ölkələrdə də sabitliyin pozulması ilə nəticələnə bilər.