Rüfət Səfərov: Həbsdən, ağır işgəncələrdən, ən dözülməz hallardan belə qorxmuram [Audio-müsahibə]

Rüfət Səfərov

Zərdab rayon Prokurorluğunuin keçmiş müstəntiqinin Amerikanın Səsinə müsahibəsi

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində ona qarşı qaldırılan cinayət işi ilə bağlı münasibət bildirib. Bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev Amerikanın Səsinin sualının cavabında Rüfət Səfərova qarşı konkret faktlar əsasında Cinayət Məcəlləsinin 311.3 (rüşvət alma) maddəsi ilə cinayət işinin başlandığını bildirib.

Your browser doesn’t support HTML5

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun Amerikanın Səsinə müsahibəsi

Amerikanın Səsi: Bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sizə qarşı rüşvət alma ittihamı ilə konkret faktlar əsasında cinayət işi qaldırıldığını bildirib. Buna münasibətiniz necədir?

Təbii ki, mən tərəfdən bu absurd qiymətləndirilir. İrəli sürüləcək ittihamı qəbul etmir, sırf siyasi motivlərlə əlaqələndirirəm.

Rüfət Səfərov: Əvvəla qeyd edim ki, xidməti fəaliyyətdə olarkən mənim barəmdə şikayətlər Korrpusiyaya qarşı Mübarizə İdarəsinə daxil olmayıb. Nədənsə bu, siyasi bəyanatla istefa verib xalqın tərəfinə keçəndən sonra baş verib. Təbii ki, mən tərəfdən bu absurd qiymətləndirilir. İrəli sürüləcək ittihamı qəbul etmir, sırf siyasi motivlərlə əlaqələndirirəm. Yaşayaq görək, ittihamla tanış olaq. Hələ ki, şahid, şübhəli, yaxud təqsirləndirilən şəxs statusunda hər hansı bir dəvət almamışam. Yaşayaq görək, nəticəni xalqla birgə paylaşacağıq, inşallah.

Amerikanın Səsi: Bu cinayət işi qaldırıldıqdan sonra hansı hərəkətlərə baş vurmaq fikrindəsiniz?

Bunlardan heç bir haqq-ədalət gözləmirəm. Çünki ölkədəki hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin hansı acınacaqlı durumda olduğuna mən bələdəm. Yalnız xalqıma güvənirəm.

Rüfət Səfərov: Yəqin ki, məlumatınız var, iki gün öncə Zərdab əhalisinə mənim bir müraciətim oldu, onu ölkə mediası yayımladı. Çox güman ki, mənim keçmiş həmkarlarımın səbr-kasasını daşıran o müraciət olub. Lakin, mən Amerikanın Səsi vasitəsi ilə dünyaya elan edirəm ki, hər hansı bir həbsdən, ağır işgəncələrdən, ən dözülməz hallardan belə qorxmuram. Buna həm psixoloji, həm də fiziki formada hazıram. Mənim yeganə güvənc yerim xalqımdır. Bunlardan heç bir haqq-ədalət gözləmirəm. Çünki ölkədəki hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin hansı acınacaqlı durumda olduğuna mən bələdəm. Yalnız xalqıma güvənirəm və çox güman ki, xalqla bərabər addımlayacağıq.

Amerikanın Səsi: Dedilər ki, sizə qarşı cinayət işi konkret faktlar əsasənda qaldırılıb. Belə faktlar nə qədər realdır?

Necə ola bilir ki, Zərdab rayon Prokurorluğunun müstəntiqi olarkən bu məzmunlu şikayətlər Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmayıb, mən istefa verib xalqın tərəfinə keçəndən sonra bu hallar meydana çıxıb.

Rüfət Səfərov: Məndən ötrü bu gülünc xarakterlidir. Mən bir daha xatırladıram, beş il müddətində prokurorluq orqanlarında çalışmışam. Necə ola bilir ki, Zərdab rayon Prokurorluğunun müstəntiqi olarkən bu məzmunlu şikayətlər Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmayıb, mən istefa verib xalqın tərəfinə keçəndən sonra bu hallar meydana çıxıb. Bunun özü göstərir ki, sırf qərəzli, qeyri-obyektiv və əsassız ittihamdır. Bunu dərk etmək üçün məncə hüquqşünas olmağa ehtiyac yoxdur.

Amerikanın Səsi: Hər hansı siyasi partiyaya və ya hərəkata üzv olacağınız barədə nə deyə bilərsiniz? Olacaqsınızmı?

Rüfət Səfərov: Bu günlərdə bu barədə bir neçə dəfə anoloji suallarla qarşılaşmışam. Düşünürəm ki, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq üçün hər hansı siyasi partiyaya və ya hərəkata üzv olmaq vacib deyildir. Müstəqil şəxs kimi, müstəqil hüquqşünas olaraq, vətəndaş olaraq öz fikirlərimi bildirmişəm. Bundan sonra da şəxsi düşüncələrimi paylaşacağam. Çox güman ki, sərbəst vətəndaş olaraq bundan sonra mübarizəmin arxasında olacağam.

Amerikanın Səsi: Hökumətə, hüquq-mühafizə orqanlarına, cinayət işini qaldıran orqana sözünüz varmı?

Biz tarix üçün çalışırıq. Bu vacib məsələdir, bunu unautmayaq. Tarix hər bir məsələyə xırdalığına qədər öz dəyərini verəcəkdir.

Rüfət Səfərov: Sözüm cənab baş prokuror Zakir Qaralovadır. Çox güman ki, bu cinayət işi ilə bağlı biz yaxın bir neçə ildə işləyəcəyik. Baş prokurorun nəzərinə çatdırmaq istəyirəm ki, həm o, həm də mən bir məsələni unutmayaq. Biz tarix üçün çalışırıq. Bu vacib məsələdir, bunu unautmayaq. Tarix hər bir məsələyə xırdalığına qədər öz dəyərini verəcəkdir.