Riçard Vaytz: Avropa İttifaqının sülh quruculuğu səylərində daha böyük rol oynaması müsbət işarədir

Your browser doesn’t support HTML5

Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibəsində İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü, Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı barışıq prosesində rolunu şərh edib.

Amerikanın Səsi: Cənab Vaytz, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev davam edən gərginliklərə son qoymaq və Dağlıq Qarabağ münaqişəsinin həlli yönündəki səyləri müzakirə etmək məqsədilə dekabrın 14-də Brüsseldə görüş keçiriblər. Görüşə Avropa Şurasının Prezidenti Şarl Mişel ev sahibliyi edib. O deyib ki, Ermənistan və Azərbaycan liderləri iki ölkə arasında kommunikasiya infrastruktularının, o cümlədən dəmir yolu xəttlərinin bərpası, eləcə də sərhəd və gömrük nəzarəti üçün proses başlatmağa razılaşıblar. Siz iki ölkə arasında rabitə əlaqələrinin yaranmasına nə dərəcədə nikbin yanaşırsınız?

SEE ALSO: Avropa İttifaqının Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri post-münaqişə dövründəki durumu müzakirə edib

Riçard Vaytz: Görüşün özündən və ya ən azından Avropa İttifaqının xülasəsindən belə görünür ki, mühüm məsələlərlə bağlı irəliləyişlər əldə olunub. Bunlardan biri kommunikasiya və nəqliyyatdır. Bundan əlavə müdafiə əlaqələri, saxlanılan hərbi qulluqçuların mümkün mübadiləsi, Aİ-nin mümkün rolu və sərhədlərin və ya ən azından demilitarizasiya zonalarının müəyyənləşdirilməsi. Yəni, belə görünür ki, görüş yaxşı keçib.

Nəqliyyat və kommunikasiya məsələsinə gəldikdə, hər iki ölkə, Ermənistan və Azərbaycan bundan faydalana bilər. Lakin hələlik başqa paketlərin və ya tələbələrin olub-olmayacağı bəlli deyil. Amma düşünürəm ki, uzunmüddətli məntiq bu ölkələri bu əlaqələri inkişaf etdirməyə doğru aparacaq.

Amerikanın Səsi: Azərbaycan dekabrın 5-də noyabr ayında tələfatlı döyüşlər zamanı ələ keçirilən 10 erməni əsgəri Ermənistana qaytarıb, Ermənistan isə qarşılığında Dağlıq Qarabağda minaların yerlərini göstərən xəritələri paylaşıb. Daha sonra Azərbaycan dekabrın 19-da Avropa İttifaqının vasitəçiliyi ilə daha 10 erməni hərbçini Yerevana qaytarıb. Ən son isə Ermənistan dekabrın 20-də Azərbaycanın iki hərbi qulluqçusunu geri qaytarıb. Bunları iki ölkə arasında barışığa doğru aparan müsbət addımlar olaraq görmək mümkündür mü?

Riçard Vaytz: Bəli, bu addımlar doğru istiqamətdədir. İdeal olaraq minaların harada olduğu barədə tam məlumat, məhbusların və ya saxlanılanların mübadiləsi, təkcə müdafiə nazirləri deyil, digər liderlər arasında birbaşa kommunikasiyanın bərpası olmalıdır. Bunların hamısı, Aİ-nin bəyanatında qeyd olunduğu kimi həyata keçirilsə, müsbət addım kimi görünür.

SEE ALSO: Ermənistan 2 Azərbaycan hərbçisini qaytarıb

Amerikanın Səsi: Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh quruculuğu səylərində hansı rol oynaya bilər?

Riçard Vaytz: Bəli, bu mənə maraqlı gəldi, çünki mən daha öncə Aİ, ABŞ və ya başqa Qərb ölkələrinin bu məsələdə böyük rolunu görməmişdim. Belə görünürdü ki, məsələ ilə bağlı qərarları Rusiya, Türkiyə və döyüşən tərəflər verəcəkdi. Amma Avropa İttifaqının daha böyük rol oynaması, bəlkə də, Qərbin münaqişənin aradan qaldırılması və münaqişə zonasının sabitləşməsində rol oynaya biləcəyinə dair müsbət işarədir. Ona görə də, mən Aİ-nin bu irəliləyişlərin əldə olunmasında rol oynadığını gördüyümə görə şadam.

Amerikanın Səsi: Bəs Vaşinqton necə? ABŞ barışıq səylərinə necə töhfə verə bilər?

SEE ALSO: Ned Prays: ABŞ Azərbaycanın Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçini azad etməsini alqışlayır

Riçard Vaytz: Mən Vaşinqtonun Aİ-nin rolunu, Aİ-nin döyüşlərin yenilənməsinin qarşısını almaq üçün gərginliyin mənbələri aradan qaldırmaq və iki ölkə arasında əlaqələri yenidən qurmaqla bağlı etməyə çalışdığını dəstəkləməli olduğunu düşünürəm. Belə görünür ki, bunlar hamısı ABŞ-ın da marağındadır.

Bundan əlavə Vaşinqtonun mümkün rəqiblərinin, məsələn Rusiyanın münaqişə zonasındakı təsirini azaldan hər şey faydalı olar. Ona görə də ümid edirəm və düşünürəm ki, onlar rol oynayar. Bayden administrasiyası bu təşəbbüsləri həyata keçirmək üçün Aİ-dakı tərəfdaşlarımızla yaxından işləyəcək.