Riçard Morninqstar: Siyasi məhbuslarla bağlı şəffaf və ədalətli məhkəmə keçirilməsini gözləyirik

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerika səfiri həbsdə olan siyasi fəallar, NİDA-çı Zaur Qurbanlı və narkotiklərdən danışıb
ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Azərbaycan hakimiyyətini yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərin işlərinin ədalətli və şəffaf araşdırılmasına çağırıb.

“Biz hakimiyyətdən Azərbaycanda siyasi məhbuslarla bağlı əşya və dəlillərə əsaslanaraq, şəffaf ədalətli məhkəmə keçirilməsini gözləyirik”, deyə Morninqstar bu gün jurnalistlərlə söhbətində ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini şərh edərkən bildirib.

Səfirlik həbsdə olan gənc NİDA fəalı, talassemiya xəstəsi Zaur Qurbanlının səhhətinin pisləşməsi ilə əlaqədar hər-hansı addımlar atırmı? Bu suala cavabda səfir deyib.

“Biz səfirlik olaraq bütün məhbuslarla humanist davranmağa çağırırıq və çalışırıq. Qeyd etdiyiniz şəxsin (Qurbanlının) bu xəstəliyi ilə əlaqədar ona ən yaxşı tibbi xidmət göstərilməsinə çağırırıq”, deyə səfir qeyd edib.

Qurbanlı aprelin 1-də mütəşəkkil qrup tərkibində qanunsuz partlayıcı maddə saxlamaq ittihamı ilə həbs edilib. Gənc fəal talassemiya xəstəsidir və son həftələr xəstəliyi sürətlə güclənir.

ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Azərbaycanın işğal olunmuş ərazilərində narkotik becərilməsi və nəqli ilə barədə yayılan məlumatlarla bağlı qısa açıqlama verib:

“Mən şəxsən bu məlumatla bağlı faktlarla tanış olmamışam. Biz bu cür xəbərlərin həqiqəti nə dərəcədə əks etdirdiyini bilmirik. Amma mən bir şeyi deyə bilərəm ki, ABŞ dünyanın istənilən yerində narkotiklərin yetişdirilməsi, satışı və nəqlinin əleyhinədir”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hökumətinin nəzarətindən kənarda qalmış, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdə narkotik becərilir, istehsal olunur və satılır. Bundan əldə olunan vəsaitlə isə silah əldə olunur. Eyni zamanda, bu ərazi beynəlxalq narkotranzit ərazisinə çevrilir.