Məhkəmə Rəsul Cəfərovu ev dustaqlığına buraxmayıb

Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib.

Hüquqşünas Gunay İsmayılova Amerikanın Səsinə bildirib ki, hakim Nəsimi rayon Məhkəməsinin qərarının qüvvədə saxlayıb.

İstintaq tərəfi Rəsul Cəfərov istintaqdan gizlənə biləcəyini deyib. Öz növbəsində Rəsul Cəfərov bununla razılaşmayıb.

Rəsul Cəfərov bir neçə QHT-yə qarşı ümumi cinayət işi üzrə cəlb edilib. Hazırda onun cinayət işi ayrı icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Ötən həftənin sonlarında istintaq Cəfərova qarşı Azərbaycan CM-in 313 və 179.3.2-ci maddələri ilə yeni, - vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürüb. Bu ittihamlar üzrə onu 12 ilədək həbs gözləyir.

“Demokratiya Naminə İncəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.