Rəsul Cəfərov həbs edilib [Video]

Your browser doesn’t support HTML5

Rəsul Cəfərov həbs edilib (yenilənib-1)

Hüquq müdafiəçisinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

Nəsimi rayon məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cəfərov özünü günahkar hesab etmir.

***

Rəsul Cəfərov hazırda Nəsimi rayon Məhkəməsinə aparılıb.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Rəsul Cəfərova qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürüb.

Cəfərov özünü günahkar hesab etmir.

***

Hüquq müdafiəçisi Rəsul Cəfərov saxlanılıb.

Vəkili Xalid Bağırov bildirib ki, onu Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsinə çağırıblar və deyiblər ki, Cəfərov məhz Bağırovun onu müdafiə etməsini istəyir.

Cəfərov və vəkil artıq bir neçə saatdır Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindədir.

Xatıraladaq ki, Cəfərov iyulun 31-də prokurorluğun sözügedən idarəsinə çağırılıb və bir sıra yerli və xarici QHT-lərə qarşı iş üzrə şahid qismində dindirilib. Sonra onun evində axtarış aparılıb.

Növbəti günlər o, yenidən prokurorluğa çağırılıb və tələb olunan sənədləri aparıb. Çox güman ki, bu gün Rəsulova qarı cinayət ittihamı irəli sürülüb.

Rəsul Cəfərov 2006-cı ildən hüquq müdafiə fəaliyyəti ilə məşğul olur. O, “Demokratiya naminə oxu” və “Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyalarının fəal iştirakçısı olub, siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olub.

Strasburqda AŞPA-nın sonuncu sessiyası zamanı Rəsul Cəfərov və bir sıra digər hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslar problemi haqqında məruzə ediblər.

Bir ay əvvəl Bakıda ATƏT PA-nın sessiyasında isə Cəfərov və digərləri vətəndaş cəmiyyətinin problemləri üzrə ictimai dinləmələr keçiriblər.

Hər iki tədbir Bakının mənfi reaksiyasına səbəb olub.