Azərbaycanda Respublika günü qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. Bununla da müsəlman şərqində ilk respublika tipli demokratik dövlət yaranıb. Xalq Cümhuriyyəti 23 ay yaşayıb. 1920-ci il aprelin 28-də sovet qoşunları Azərbaycanı işğal edib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək dövlət müstəqilliyini yenidən bərpa edib
Prezident İlham Əliyev Respublika Günü münasibətilə paytaxtda Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, rəsmi qəbul təşkil edilib. O bildirib ki, doxsan iki il öncə Azərbaycan müsəlman şərqində ilk demokratik respublika yaradıb. “Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə bu sözləri 1950-ci illərdə “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına bayram müraciətində deyib. Onun sözlərini Rəsulızadəsevərlər onun anadan olduğu Novxanı kəndindəki abidəsi önündə səsləndirib.
Bir sözlə, müxalifətdə olan siyasi partiyalar və Rəsulzadəsevərlər bayram sevinclərini onun heykəli önündə mitinqlər təşkil etməklə bölüşüb. Çıxışlarda iqtidarın Xalq Cümhuriyyəti və onun rəhbərləri ilə bağlı siyasəti kəskin tənqid edilib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı azadlıqsevər insanları bu il keçiriləcək parlament seçkilərində fəal olmağa səsləyib. Onun fikrincə, Azərbaycanın demokratik gələcəyi seçkilərdən keçir.
AXCP sədrinin müavini İbrahim Vəliyev bildirib ki, Xalq Cümhuriyyəti Azərbaycan xalqının yaşadığı kiçik bir ərazidə yaranıb və dünyaya nümunədir. Vaxt gələcək, Azərbaycanın hər yerində respublika qalib gələcək.
“Vətəndaş və İnkişaf” partiyasının sədri Əli Əliyev Azərbaycanda demokratiya bərqərar olunanadək müxalifətin mübarizəsinin davam edəcəyini deyib.
“Demokrat” partiyasının sədri Sərdar Cəlaloğlu hazırkı iqtidarın respublika quruluşuna qarşı addımlar atdığını qeyd edib. Onun fikrincə, ölkədə rəsmi bayram əhval-ruhiyyəsi hiss edilmir.
AXCP sədri Əli Kərimli Məhəmməd Əmin Rəsulzadə ideyalarının qalib gələcəyinə inanır. Onun sözlərinə görə, Azərbaycan xalqı dünyada cəmi 25 ölkədə respublikaçılıq olanda respublika qurub. Gələcək zülmün deyil, azadlığındır.
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə isə Azərbaycan siyasi qüvvələrini birliyə və dialoqa çağırıb. “Müsavat” partiyasının başqanı İsa Qəmbər də iqtidarı kəskin tənqid edib və Rəsulzadə ideyalarının qalib gələcəyini diqqətə çatdırıb. O iqtidarın cümhuriyyət qurucularına biganə münasibətinin dözülməz olduğunu deyib.