Haray: İranda həbs olunan azərbaycanlı mədəni fəalların durumu

Haray: İranda həbs olunan azərbaycanlı mədəni fəalların durumu

Haray proqramının bugünkü buraxılışını İranda həbs olunan azərbaycanlı mədəni fəalların vəziyyətinə həsr etmişik. Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının sözlərinə görə, müxtəlif təşkilatlar onların azad olunmasına çalışırlar. Cənab Qaradağlı ilə söhbəti sizə təqdim edirik.

Sual: Hazırda İranda yaşayan azərbaycanlıların həbsdə olan nə qədər insanı var? Yəni söhbət siyasi məqsədlərlə həbsdən gedir, mədəni hüquqlar uğrunda mübarizə aparan insanlardan gedir.

Cavab: Son 4 ayda ibtidai haqları uğrunda mübarizə aparan 16-17 nəfər İranda yaşayan azərbaycanlı həbs edilib. Onların hamısı 4 aydan çoxdur ki, Təbrizin İttilaat təcridxanasında təkkameralı məhbəsdə saxlanılır. Bunların arasında iki nəfər xanım var. Yürüş Mehrəlibəylidən isə 3 aydın xəbər yoxdur. Yürüş bəyi edəndən sonra onun həyat yoldaşı Zəhra Fərəczadəni də həbs edərək Yürüş bəydən etiraf almağa çalışdılar. Buna baxmayaraq heç bir məlumat əldə edə bilmədilər. Bunlardan əlavə ustad, yazıçı Əkbər Azad da 4 aya yaxındır həbsdə saxlanılır. Doktor Əlirza Abdullahi, doctor Lətif Həsəni, Bəhman Nəsirzadə, Şəhram Radimeyl də hazırda həbsdədir. Bu gün aldığımız yeni bir məlumata görə, 16 nəfərdən təxminən 10 nəfəri İttilaat təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürüblər. Ancaq Yürüş bəy, mühəndis Həsən Rəhimi hələlik İttilaatın təkkameralı otağında saxlanılır.

Sual: Həmin şəxslərin hüquqları uğrunda mübarizə necə aparılır? Yəni onların hüquqları İranda, beynəlxalq aləmdə yaşayan iranlı azərbaycanlılar tərəfindən, diasporalar tərəfindən müdafiə olunurmu? Beynəlxalq təşkilatların müdafiəsi necə həyata keçirilir? Onların müdafiəsi ilə bağlı bəyanatlar yayıblarmı?

Cavab: Bunlardan öncə bir çox siyasi məhbus saxlanılmışdı. Onlar barəsində bir çox əfv təşkilatları və digər beynəlxalq qurumlar bəyanat yayıblar. Ancaq son zamanlar bir sıra təşkilatlar məhbus məsələsinə biganə yanaşır. Baxmayaraq ki, onların 4 aydan çoxdur qanunsuz həbsdə saxlanmasına baxmayaraq bəyanat yaymadılar. Onlar arasında Amnesty International və bir sıra başqa təşkilatlar var. Ancaq diaspora və Güney Azərbaycan təşkilatları olaraq bir neçə dəfə həm Avropada, həm BMT binasının qarşısında, o cümlədən Türkiyə və Azərbaycanda aksiyalar keçirilib.

Sual: İranda son dövrdə, yəni son dord ayda azərbaycanlıların milli mədəni fəalları həbsinə səbəb nədir?

Cavab: Son 4 ayda saxlanılan 16 nəfərdən 15-i bizim təşkilatın təsisçilərindən idi. Mahmudəli Çöhrəqanlı istefa verdikdən sonra bildirdi ki, növbəti lider içəridə olacaq. Bu açıqlamadan sonra həbslər həyata keçirilməyə başladı. Bundan başqa yeni birlik təşkilatı qurulmalı idi və bu qurum İranda demokratiyanı önə çəkməli idi.