İranda fizik 10 il həbsə məhkum edilib

Ümid Kövkəbi xarici ölkələrlə əməkdaşlıqda və bu yolla qanunsuz gəlir əldə etməkdə təqsirli bilinib.

15 aydır İranda həbsdə saxlanan ABŞ-ın Texas Universitetinin fizika üzrə doktorantı Ümid Kövkəbi 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi 29 yaşlı Ümid Kövkəbini xarici ölkələrlə əlaqə saxlamaqda, onlarla əməkdaşlıqda, həmçinin bu yolla qanunsuz gəlir əldə etməkdə təqsirli bilib. İran mənbələri bildirir ki, Ümid Kövkəbi İsrailin “Mossad” təşkilatına casusluqda günahlandırılan 13 nəfər müttəhimdən biridir. Həmin müttəhimlərin kimliyi indiyədək rəsmən açıqlanmayıb.

Ümid Kövkəbinin vəkili Səid Xəlili müvəkkilinə qarşı irəli sürülən casusluq ittihamını rədd edib. O, jurnalistlərə deyib ki, Ümid Kövkəbiyə qarşı irəli sürülən ittihamlar əsassızdır: “Məhkəmə prosesi keçirildiyi vaxtda mənim müvəkkilimlə görüşüb danışmağıma da imkan verməyiblər”.

Ümid Kövkəbi 2010-cu ilin fevral ayında təhsilini davam etdirmək üçün ABŞ-a gedəndə Tehran aeroportunda tutulub. Həmin vaxtdan o Tehranın Evin zindanında saxlanılır.

Mayın 13-də Tehranda keçirilən qapalı məhkəmədə İsrailin “Mossad” təşkilatına casusluqda günahlandırılan 13 nəfərə hökm oxunub. Hökmdə göstərilir ki, təqsirləndirilənlər peyklə yayılan xarici telekanalların təbliğat vasitəsilə “Mossad” təşkilatına cəlb edilib.