İran parlamentinin sədri Azərbaycana gəlir

İran parlamentinin sədri Azərbaycana gəlir

İran parlamentinin sədri hesab edir ki, qərb ölkələri nüvə ilə bağlı vahid sistemin tətbiq edilməsini qəbul etsələr, aparılan müzakirələrdə nəticə əldə etmək mümkündür. “Biz danışıqların məsələnin həllinə kömək edəcəyinə inanırıq, amma müzakirələr məqsədli formada aparılmalıdır”.

İran parlamentinin spikeri Əli Laricani iyunun 30-da Azərbaycana səfərə gələcək

Cənab Laricani Trend agentliyinə müsahibəsidnə bildirib ki, Azərbaycan və İran arasında əlaqələr yüksək səviyyədədir. “İki ölkənin əlaqələri müxtəlif sahələrdə yüksək səviyyədədir. Xoşbəxtlikdən son illərdə iki ölkənin siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrinin inkişafı üçün diplomatik danışıqlar aparılır və əlaqələr daha da inkişaf etdirilir”.
O İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib.Biz əvvəllər də demişik və indi də təkrar edirik ki, regiondakı münaqişələr region daxilində danışıqların aparılması ilə həll edilməlidir. Təcrübə də göstərir ki, böyük ölkələrin regional münaqişələrə müdaxiləsi olanda həmin münaqişə uzanır. Onlar bu məsələdə öz mənafelərini güdürlər”.
Parlamentin sədri İranın nüvə proqramındam danışarkən deyib ki, İranın sülhyönlü nüvə fəaliyyəti ilə bağlı müzakirələrdə mövcud problem budur ki, ABŞ və Qərb ölkələri İrana qarşı "məhrumetmə" siyasətindən istifadə edir. “ABŞ və Qərb ölkələri istəyirlər ki, müsəlman ölkəsində nüvə texnologiyası sahəsində bilik olmasın. Onlar nüvə texnologiyasını öz əllərində saxlamaq istəyirlər. Mədən yanacaqları bir gün tükənəcək, elə buna görə də onlar sonrakı bir neçə onilliyi düşünürlər. Mədən yanacaqları tükəndikdən sonra müsəlman ölkələrinin onlara möhtac olmasını istəyirlər”.

Cənab Laricani hesab edir ki, qərb ölkələri İranın təkcə nüvə texnologiyası əldə etməsindən narahat deyil. “Onlar İranın digər yeni texnologiyalar sahəsində əldə etdiyi naliyyətlərdən də narahatdırlar. Əsas problem ondadır ki, onlar bugünkü dünyanın dəyişdiyini qəbul etmək istəmirlər. Daha elmə qadağa qoymaq mümkün deyil. Digər ölkələrə də yeni texnologiyalar sahəsində inkişaf etməyə şərait yaradılmalıdır. İranın nüvə fəaliyyəti məsələsi ABŞ və bəzi Qərb ölkələrinin qərəzli siyasəti ilə üzləşib.
Dəfələrlə Qərb ölkələri ilə aparılan müzakirələrdə onlar qapalı görüşdə bir cür çıxış ediblər, görüşdən sonra başqa mövqe bildiriblər. Yəni vahid mövqedən çıxış etməyiblər. Onlar qapalı keçirilən görüşlərdə başqa mövqedən çıxış etsələr də, görüşdən sonra dünya ictimaiyyətinin rəyinə təsir etmək üçün təbliğat aparırlar”.
Onun fikrincə, problemin həlli üçün Qərb ölkələri dinc məqsədli nüvə fəaliyyəti ilə bağlı bütün ölkələrdə vahid sistemin işlənməsini qəbul etməlidirlər. “Bəzi ölkələr üçün bir sistemin, digər ölkələr üçün başqa sistemin tətbiq edilməsi qəbulolunmazdır və bugünkü dünya bunu qəbul etməz. Əgər Qərb ölkələri vahid sistemin tətbiq edilməsini qəbul etsələr, aparılan müzakirələrdə nəticə əldə etmək mümkündür. Biz danışıqların məsələnin həllinə kömək edəcəyinə inanırıq, amma müzakirələr məqsədli formada aparılmalıdır”.