Rafiq Tağının işi üzrə Avropa Məhkəməsinə şikayət verilib

Yazıçı Rafiq Tağı əməliyyatdan sonra

Mərhum yazıçı-publisist Rafiq Tağının işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu barədə vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb və aldığı xəsarətlərdən noyabrın 23-də xəstəxanada vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb. İstintaqın dayandırılması qərarından yerli məhkəmələrə verilən şikayət təmin olunmayıb.

Elçin Sadıqov deyib ki, Avropa Məhkəməsinə göndərilən şikayətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunun tanınmasını xahiş ediblər: “Düşünürük ki, Avropa Məhkəməsi obyektiv qərar qəbul edəcək”.

Vəkil əlavə edib ki, istintaq dayandırılsa da, əməliyyat tapşırığı qüvvədədir: “Amma əməliyyat-axtarış tədbirlərinin necə getdiyi və nə dərəcədə yerinə yetirildiyi barədə məlumat verilmir. Yəqin ki, əməliyyat tapşırığı səmərəli formada yerinə yetirilmiş olsaydı, qətli törədən şəxsi tapmaq olardı”, o qeyd edib.