"İnsanın dirilərə ümidi qalmayanda, ölülərdən kömək gözləyir" [Audio-Müsahibə]

Qulu Məhərrəmli

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibəsində Azərbaycan mətbuatının hazırkı vəziyyəti haqqında danışıb.

Your browser doesn’t support HTML5

"İnsanın dirilərə ümidi qalmayanda, ölülərdən kömək gözləyir"


Bir neçə gün öncə ANS rəhbərlərinin mərhum prezident Heydər Əliyevə məktub yazmasını şərh edən Qulu Məhərəmli deyir ki, insanın dirilərə ümidi qalmayanda, ölülərdən kömək gözləyir.

“Şübhəsiz ki, Heydər Əliyevin ruhu onun qurduğu siyasi sistem sayəsində hələ də yaşamaqda davam edir. Amma düşünmürəm ki, bu ruh ANS-ə kömək edə bilsin. Hələlik isə məlum olan odur ki, ANS-in rəhbərlərindən biri olan Mirşahinin qardaşı bu yaxınlarda həbs olundu.”

"Rəhbərə məktub" - Gündüz Ağayev

Onun sözlərinə görə, bu həbsin birbaşa məktubla əlaqəsi olub-olmadığını demək çətindir, ancaq ölkədə heç nə səbəbsiz baş vemədiyi üçün yəqin ki, bu və ya digər şəkildə bunlar bir-birinə bağlıdır.

Azərbaycanda gözəl qanunlar var amma bunlardan yalnızca insanlara zərər verənləri yerinə yetirilir

​Qulu Məhərrəmli qeyd edir ki, vəfat etmiş şəxsə məktub yazılma ənənəsinin Sovet dövründən qalıb və həmin vaxt ədalət axtaran insanlar proletariatın dahi rəhbəri Leninə müaricət edirdi. O zamanlar rəhbərin Kremldə oturan davamçıları problemi həll edirdilər.

“Amma inanmıram ki, ANS-in rəhbərləri bu qədər romantic olsunlar və bu məktubun onların problemini həll edəcəyini düşünsünlər. Məncə bu cəmiyyətə bir mesaj vermək üçün rəmzi xarakter daşıyan hərəkətdir.”

Hazırda bizim cəmiyyətdə ümidsizlik artdığı üçün mistikaya inam da artıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra saytlara girişə blok qoyulmasına münasibət bildirən Qulu Məhərrəmli bildirib ki, bu qərar İlham Əliyevin verdiyi bəyanatın ruhuna ziddir.

“Prezident internetin və mətbuatın azad olduğunu bildirir amma sonra məhkəmə qərarı ilə saytlara giriş bağlanır. Simvolik olan is odur ki, bu hadisə Ümumdünya İnformasiya günü baş verir.”

Hər cür məhdudiyyət insanı yeniliyə səfərbər edir

Onun sözlərinə görə, saytların bloklanması 15 il öncə Azərbaycan jurnalistikasında başlayan və hələ də davam etməkdə olan azad medianın sıxışdırılması, ciddi mətbu orqanların bir-bir sıradançıxarılması prosesinin nəticəsidir. O qeyd edir ki, azad mətbuat cəmiyyətin oksigenidir və əgər bunu məhv edib, yalnız ələ baxan mətbuatı saxlayacaqsansa, hər hansı gələcəkdən danışmaq əhəmiyyətsizdir.

Hazırda jurnalistika bugün-sabah su altında qalıb, məhv olacaq adaya bənzəyir.

Qulu Məhərrəmli saytların bağlanması nəticəsində insanların saytlara daxil olmaq üçün müxtəlif yollar axtaracağını və bunun da Azərbaycan cəmiyyətinin texnoloji təfəkkürünü çiçəkləndirəcəyini bildirib.

Azad mətbuatın bu qədər sıxışdırıldığı bir dövrdə tələbələrə jurnalistikanı tədris etməyi hərbi əsiri müalicə edən həkimin işinə bənzədən professor Qulu Məhərrəmli, təhsillə praktikanın arasındakı uçurumdan danışıb.

“Biz tələbələrə jurnalistikanın prinsiplərini, qaydalarını öyrədirik, namuslu, vicdanlı, dürüst olmağı, dəqiq və qərzsiz informasiya yaymağı öyrədirik amma onlar istehsalata getdik artıq başqa vəziyyətlə. Başqa əxlaq prinsipləri ilə qarşılaşırlar. Bunu görmək bir müəllim kimi bizim ürəyimizi sızladır.”