Məntəqə Seçki Komissiyasının üzvləri Azadlıq qəzeti və Meydan televiziyasını məhkəməyə verib [Video]

Bələdiyyə seçkiləri

Bələdiyyə seçkiləri zamanı qanun pozuntusu aşkarlanan Yasamal rayon 12 saylı seçki məntəqəsinin sədri Əfrus Hacıyeva “Azadlıq” qəzetini və Meydan TV-ni məhkəməyə verib. Məhkəmə iddiası 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri redaksiyaları onarın şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirməkdə ittiham edir, buna görə 5 min manat mənəvi təzminat və təkzib tələb edirlər. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.

İddiaçılara görə, “Azadlıq” qəzetində və Meydan TV-də 12 saylı məntəqədə saxtakarlığın baş verdiyinə dair getmiş materiallar onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzlarına xələl gətirib.

Xatırladaq ki,2014-cü ildekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayonu 12 saylı seçki məntəqəsində seçicinin qutuya topa bülleten atdığını çəkib və məntəqə sədrinə baş verən halı dedikdə o, jurnalistin işinə müdaxilə edib və onu məntəqədən çıxarıb.

Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə baş vermiş qanun pozuntusunu əsas gətirərək onun nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb.