Noyabrın 25-i qadınlara qarşı zorakılıqlarla mübarizə günüdür [Audio-müsahibə & Fotoqalereya]

1999-cu ildə BMT noyabr ayının 25-ni qadına qarşı zorakılıqlarla mübarizə günü elan edib. Bu münasibətlə Azərbaycanın Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə “Qadını vurma, ona vurul!” şüarı altında tədbir keçirilib.

Your browser doesn’t support HTML5

Zərifə Quliyeva ilə müsahibə


Tədbirin iştirakçısı “Birliyə Doğru” təşkilatının rəhbəri Zərifə Quliyevanın Amerikanın Səsinə bildirdiyinə görə, layihə Azərbaycanın tanınmış qadınlarının iştirakı ilə fotosərgi formasında hazırlanıb. Xüsusi formatda hazırlanmış fotosərgidə əks olunan fotolarda xanımlar zorakılığı ifadə edən formada qrim olunublar.

Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, Eurovisionda təmsilçi Səbinə Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Gunay Malikqızı, jurnalist Ülkər Qasımova və “Birliyə Doğru” təşkilatının sədri Zərifə Quliyeva çəkilib. Qadınların bu imici Gürcüstandan xüsusi dəvət olunmuş qrim ustası Mariya İnasaridze tərəfindən hazırlanıb, fotoların müəllifi isə fotoqraf Ruslan Teymurflutovdur.

Zərifə Quliyeva hesab edir ki, layihənin təzəliyi onun vizual imic yaratmasındadır. “Birliyə Doğru” təşkilatının rəhbərinin sözlərinə görə, qadınlar qadına qarşı zorakılığa qarşı təhsil və karyeralarını yaxşılaşdırmaq yolu ilə mübarizə apara bilər.