4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Prezident seçkiləri-2013 (Seçki plakatı)

Hazırda 7 prezidentliyə namizəd var
Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyası (MSK) 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Namizədliyi qeydə alınanlar - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir.

MSK Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyini qeydə almayıb.
MSK Qüdrət Həsənquliyev təqdim etdiyi 44 111 imzadan 40 324-nü, Hafiz Hacıyevin təqdim etdiyi 44 900 imzadan 40 286-nı, Araz Əlizadənin təqdim etdiyi 44 550 imzadan 40 250-ni, Fərəc Quliyevin təqdim etdiyi 45 333 imzadan 40 172 etibarlı hesab edib.

Fuad Əliyevin təqdim etdiyi 44 286 imzadan 8 186-nın doğru olmadığını müəyyən edilib. O 40 min imza toplamamış hesab olunub və namizədliyi qeydə alınmayıb.

İndiyədək Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, müstəqil namizəd Zahid Orucun prezidentliyə namizədliyi qeydə alınıb.

Hazırda 7 prezidentliyə namizəd qeydiyyata alınıb.

Namizədliyi qeydə alınmış şəxslərin təşviqat kampaniyası sentyabrın 16-da başlayacaq.

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.