Accessibility links

Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!


Cəmil Həsənli Sərbəst Kürsüdə
Cəmil Həsənli Sərbəst Kürsüdə

Milli Şuranın vahid namizədi Sərbəst Kürsüdə iki saat ərzində oxucuların suallarını canlı olaraq cavablandırıb

Sentyabrın 4-də Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli “Amerikanın səsi”nin "Sərbəst Kürsü"canlı forumunda iki saat ərzində suallara cavab verib. Foruma maraq yüksək olduğundan və çoxsaylı suallar daxil olduğundan cənab Həsənli iki saat ərzində sualların yalnız bir hissəsinə cavab verə bilib. Müxalifətin vahid namizədinə ünvanlanan suallar əsasən ölkədə demokratik, ədalətli seçki mühitinin yaradılması, müxalifətin vahid qurumda birləşməsinin müsbət tərəfi, Dağlıq Qarabağ münaqişəsi, sosial durum, neft amilinin insanların həyatına təsirinin artırılması, Güney Azərbaycan problemi, İran rejimindən qaçan azərbaycanlılara Azərbaycanda yaşamaq imkanlarının yaradılması, qonşularla münasibətlər, Azərbaycan-Rusiya münasibətləri, Avrasiya Gömrük İttifaqı, Qərb institutlarına inteqrasiya, insan hüquqları, demokratiya və çoxsaylı başqa məsələlər ətrafında olub. Foruma marağın yüksək olduğunu nəzərə alaraq forumu olduğu kimi sizə təqdim edirik:

Emil Quliyev [moderator]: Cəmil bəy, sizi Sərbəst Kürsüdə salamlayırıq. Vaxtınızı ayırıb Sərbəst Kürsəyə gəldiyiniz üçün minnətdarıq.


Cəmil Həsənli: Təşəkkür edirəm, Emil bəy! Maraqlı suallar olacağını düşünürəm. Azərbaycanda mühüm bir siyasi kampaniya başlanılıb. Biz seçki hazırlıqları dövrünü yaşayırıq. Ölkəmizdə bu məsələlərlə bağlı ciddi problemlər var. Ümid edirəm ki, bu istiqamətdə sizin suallarınızı cavablandıra biləcəyəm.


Emil Quliyev: Cəmil bəy, biz də ümid edirik bugünkü suallar məhz bu mövzuda olacaq və sizin Sərbəst Kürsüdə iştirakınız oxucularımıza Milli Şura və onun prezident seçkilərində iştirakı ilə bağlı suallarına cavab tapmaq imkanı yaradacaq. Foruma ilk sualı Süleyman Sultanlı adlı oxucu göndərib. O yazır:
- Cəmil müəllim salam. Biz sizə güvənirik. Mən şəxsən Rüstəm İbrahimbəyovdansa sizin namizəd olmanızı istəyirdim və şükürlər olsun, nəhayət namizəd oldunuz. Sualım belədir ki, siz əvvəl namizəd olmaq istəmirdiniz. Nə üçün? Və hansı hadisədən sonra namizədliyi qəbul etmək qərarına gəldiniz. Uğurlar!


Cavab: Süleyman bəy təşəkkür. Milli Şura modeli Rüstəm bəyin şəxsiyyəti üzərində qurulmuşdu. Bu uğurlu bir model idi. Rüstəm İbrahimbəyov Azərbaycan ziyalı elitasının yüksək pilləsində dayanan bir fikir adamıdır və Milli Şura doğru olaraq onun namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Lakin məlum prosedur çətinliklər, Rüstəm bəyin namizədliyi üçün əlavə çətinliklər yaratdı. Milli Şura ciddi bir böhranla qarşılaşdı. Bu halda həm Rüstəm bəy, həm də Milli Şurada təmsil olunan aparıcı partiyalar bu missiyanı üzərimə götürməyi məndən xahiş etdilər. Baxmayaraq ki, mən əvvəl bu yükü üzərimə götürməkdən imtina etmişdim. Yaranmış böhranlı vəziyyət və qeyd etdiyim rəhbər xadimlərin xahişlərini nəzərə alaraq mən Milli Şuranın yeni namizədi olmağa razılıq verdim.


Sual [Cenublu]: Sizin siyasətinizdə Güney Azərbaycan hansı yeri tutur. Bizim hüquqları müdafiə edən ata dövlətimizi görəcəyikmi? Allahdan Elçibəyə rəhmət diləyirəm.


Cavab: Əbülfəz bəyə sayğılı münasibətinizə görə təşəkkür edirəm. Güney sevgisi bizim içərimizdə unudulmaz müəllimimiz Əbülfəz bəy yaradıb. Əlbəttə, Güney Azərbaycanla bağlı insan haqları, dil və mədəniyyət haqları, tarixi keçmişə sahiblik haqqı kimi məsələlərdə zəruri addımların atılması vacibdir. Güneyli dostlarımızın müstəqil Azərbaycanda hər hansı ayrı-seçkiliyə məruz qalması ədalət anlayışından çox uzaqdır. Güneyin milli mübarizə tarixinin yazılması ilə bağlı bir sıra araşdırmalar aparmışam. Hesab edirəm ki, Güney probleminin müzakirəyə gəlməsi baxımından bu araşdırmalar müəyyən rol oynayıb. Bununla belə qonşu dövlətlərə münasibətdə beynəlxalq münasibətlərin universal prinsipləri, beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən yanaşılmasını vacib hesab edirəm.


Emil Quliyev [moderator]: "Kemale Resid" adlı Twitter istifadəçisi soruşur:

- Londona səfərinizin məqsədi nədir? Bu səfəri kim təşkil edib?


Cavab: Sualınız üçün təşəkkür edirəm Kəmalə xanım.
Bu dəvət Londonda fəaliyyət göstərən bir cəmiyyət tərəfindən həyata keçirilir. Burada söhbət Azərbaycanda prezident seçkiləri ilə bağlı, seçki mühiti, seçki demokratiyası və hazırkı seçki şəraiti ətrafında müzakirələr keçirməkdir. Britaniya Parlamentində, Xarici İşlər Nazirliyində və seçki demokratiyası ilə məşğul olan bir sıra QHT-lər və vətəndaş cəmiyyətləri ilə müzakirələrin keçirilməsi nəzərdə tutulur.


Sual [Rauf Binnetov]: Salam Emil bəy və Cəmil müəllim Milli Şurayla bağlı mənim fikrim belədir ki, mən Milli Şuranın səmimiyyətinə inanmiram. Azərbaycan müxalifətinin liderləri 1988-1993 illərin romantizmindən çıxa bilməyib. İyulun 2-dəki iclasda Eldar Namazavovun vahid namizədliyi elan olunsaydı daha məntiqli olardı. Cənab Rüstəm İbrahimbəyovun xalqı necə aldatmasını isə mən başa düşə bilmirəm. Əgər Rüstəm müəllimin ciddi şəkildə seçkilərdə iştirak etmək fikri var idisə, o, gərək Rusiya vətəndaşlığından çıxmaq qərarını keçən ildən verəydi. Cəmil müəllim, sizin namizədliyiniz yerinə Eldar Namazovun vahid namizədliyi elan olunsaydı Milli Şura daha çox səmimi olmazdımı?


Cavab: Milli Şura ilə bağlı və Azərbaycan müxalifət partiyaları ilə bağlı sizin fikirlərinizi bölüşmürəm. Rüstəm İbrahimbəyov haqqında dediklərinizə şübhəsiz ki, qatılmıram. Mən bu prosesin içərisində olan bir şəxs kimi bildirirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycanda demokratik bir dövlətin qurulmasına, xalqın hakimiyyəti formalaşdırmaq haqqını özünə qaytarılmasını vacib hesab edən və bunun üçün böyük işlər görmüş tanınmış bir fikir adamıdır. Onu yaxından tanımadan haqqında belə ifadələr işlətməyi sizə məsləhət görməzdim. Bir il bundan əvvəl Rüstəm bəyin seçkilərə qatılmaq, namizəd olmaq heç ağlından keçmirdi. O, mənəvi cəhətdən çox yüksəkdə dayanan adamdır. Xalqımızın düşdüyü vəziyyət onu aktiv siyasətə qoşulmağa vadar edib.
Eldar Namazova gəldikdə deməliyəm ki, Eldar bəy son illərin siyasi və mənəvi proseslərində fəal iştirak edən bir dostumuzdur. Son vaxtlar hakimiyyət orqanları tərəfindən ona və “EL” hərəkatının rəhbərliyində təmsil olunan şəxslərə qarşı apardığı böhtan və təqib kampaniyasının heç bir mənəvi və siyasi əsası yoxdur. Hakimiyyətin hücumlarına qarşı biz Eldar bəyi və “El” hərəkatının rəhbərliyini müdafiə edirik. Əgər Milli Şura Eldar bəyin namizədliyini müzakirəyə gətirsəydi, mən böyük məmuniyyətlə ona səs verərdim.


Sual [Asim Məmmədov]: Salam, Cəmil müəllim. Məlum olduğu kimi sizin siyasi baxışlarınız müəyyən qədər anti-Rusiya və anti-İran yönümlüdür. Belə olan halda, prezident seçiləcəyiniz təqdirdə bu iki ölkə ilə münasibətlərimiz pozula bilərmi? Rusiya və İrana qarşı müvafiq olaraq Dərbənd və Cənubi Azərbaycana görə ərazi iddiaları sürmək fikriniz varmı?


Cavab: Biz ərazisi işğal olunmuş bir ölkəyik. 20 ildən çoxdur ki, Azərbaycanın əraziləri işğal altındadır. Ona görə də qonşu dövlətlərə qarşı ərazi iddiaların irəli sürməsi fikrindən uzaq olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiyada iki milyon azərbaycanlı yaşayır. Bunlar qonşu ölkədə iş, çörək və dolanışıq əldə edirlər. Qonşularla və bütövlükdə xarici dövlətlərlə münasibətləri inkişaf müstəvisinə aparan yola üstünlük vermək lazımdır. Azərbaycanın ərazisi və sərhədləri ATƏT prinsipləri, BMT-nin sənədləri ilə təsbit olunub. Bunu qoruyub saxlamaq lazımdır. Azərbaycanın pozulmuş ərazi bütövlüyünü bərpa etməyə üstünlük vermək lazımdır. Nəinki, qonşu dövlətlərlə münaqişəli vəziyyət yaratmağa. Post-sovet məkanında müasir sərhədlər SSRİ dağılandan sonra Ermənistan istisna olmaqla bütün digər dövlətlər tərəfindən tanınıb. Sovet dövründə bu respublikalar mövcud olduqları ərazilərlə ATƏT-ə və BMT-yə daxil olublar. Buna hörmətlə yanaşmaq lazımdır.
İranla sərhədlərimiz 1921-ci il Sovet Rusiyası ilə İran arasında imzalanmış müqavilə ilə tənzimlənir və bu sərhədlər bu gün də qüvvədədir. Hesab edirəm ki, buna da hörmətlə yanaşmaq lazımdır.


Emil Quliyev [moderator]: Emin Nuraddinov Facebook istifadəçisi soruşur ki, İlqar Məmmədova münasibətiniz necədir? Təxmin edirik ki, o, Respublikaçı Alternativ Hərəkatının prezidentliyə namizədini nəzərdə tutur.


Cəmil Həsənli: Çox yaxşıdır. İlqar bəy son illərdə Azərbaycan cəmiyyətinin yetirdiyi çox istedadlı adamlarından biridir. Onun həbsi qanunsuz xarakter daşıyır və biz dəfələrlə İlqar bəyin qanunsuz həbsinə qarşı öz münasibətimizi bildirimişik. Mənə belə gəlir ki, İlqarın həbsi yalnız İsmayıllıya gedib hadisə yerinə baxmasıyla bağlı deyildir. Bu daha çox onun Azərbaycan siyasi mühitində iradə nümayiş etdirməsiylə bağlıdır. İlqar bəyin fəaliyyətini yüksək qiymətləndirirəm, ona və ReAL Vətəndaş Hərəkatında təmsil olunan dostlarımıza uğurlar arzulayıram.


Sual [Ramin]: Salam Cemil bəy,
Sizin prezidentliyə namizəd olmağınıza çox sevindim, İnşallah qalib gəlib Azərbaycanın layiqli prezidenti olarsınız.
Sizden 1 xahişim var. Siz Lənkərana gəlin, seçicilərlə görüşün. İnsanların inamını yalnız canlı ünsiyyətlə qazanmaq mümkündür. Mən də əlimdən gələni edirəm sizin təbliğatınızı aparıram, Sizə Uğurlar.


Cavab: Ramin bəy, çox sağ olun. Sizin ümidlərinizi doğrultmağa çalışacağam. Seçkilərdə təbliğat kampaniyası başladıqdan sonra Lənkərana gəlməyi də planlaşdırırıq. Təbliğat üçün vaxt cəmisi 21 gün olsa da, düşünürəm ki, Lənkəran regional mərkəz olaraq bu 21 günün içərisinə sığışacaq.


Sual [Leman]: Salam Cəmil müəllim. Mən də BDU tarix məzunuyam və sizin kimi ziyalımızın prezidentliyə namizəd olması məni hədsiz dərəcədə sevincə qərq edir. Ancaq bu xalq seçkiyə inanmır və hakimiyyətə narazılıqlarını seçkiyə getməməklə ifadə edirlər. Dolayısıyla bu yolla hakimiyyətin dəyirmanına su tökdüklərindən xəbərləri belə yoxdu. Bu vəziyyətdə qısa müddət ərzində xalq necə maariflənəcək ki, seçkidə iştirak etsin? Bu sahədə sistematik plan varmı? Bir balaca haşiyə çıxmaq isteyirem, tarixi müqaise ederek. İnönü zamanında CHP indiki bizim iqtidar kimi repressiya keçirirdi, tək partiya dönəmi idi. Ancaq 50-ci ilərdə Demokrat Partinin CHP-ye qalib gəlməsi sırf hər bir regionda təşkilatlanması və xalqın hər birinə qapı açaraq onların yanında yer alması idi. Baxmayaraq ki, CHP hakimiyyəti yeni yaranmış səriştəsiz partiyanın siyasi manevrlerini daha da məhdudlaşdırmaq üçün seçkilərin gününü irəli çəkmişdi. Necə ki indi hakimiyyət etdi. Tarixdən bu hadisəni yada salmaqda məqsədim budur ki, 21 günlük təbliğat və təşviqat dönemini çox səmərəli keçirilsin və imkansız kimi görünsə də hər bir regionda yüksək səviyyədə təşkilatlanma aparılsın.


Cavab: Ləman xanım təkliflərinizə görə təşəkkür edirəm. Lakin inanın Türkiyədə hətta tək partiyalı dönəmdə bu gün Azərbaycanda müşahidə edilən biabırçılıqlar olmayıb. Türkiyə 1946-cı ildə çox partiyalı sistemə keçdi və 1950-ci il seçkilərində müxalifət qələbə çaldı. Bu Türkiyənin böyük tarixi nailiyyəti idi. Prezident İnönü çoxpartiyalı sistemə keçəndə CHP-nin qarşıdakı seçkilərdə iqtidardan gedəcəyini açıq şəkildə demişdi. Və əlavə etmişdi ki, vətənimizin taleyi bizi demokratik seçimlərə keçməyə vadar edir. Onlar öz məğlubiyyətini bilə-bilə bu seçimlərə getdilər. Azərbaycanda isə ayrı bir şəraitdir. Faktiki olaraq bu gün Azərbaycan təkpartiyalı sistemlə idarə olunur. Hesab edirəm ki, on il yəni, iki dönəm prezident olmaq millətə xidmət etmək üçün böyük imkanlar verir. Eyni şəxsin üçüncü dəfə seçkiyə qatılması geriyə doğru bir addımdır. Sadəcə olaraq Azərbaycanda xalqın hakimiyyəti formalaşdırmaq haqqı əlindən alınıb. Biz millətimizin seçim haqqını özünə qaytarmasına xalqın öz gücünə inam hissini bərpa olunmasına çalışacağıq. Daimi xalq siyasi proseslərdən uzaqlaşdırıla bilməz. Hakimiyyət qarşısında güc görməlidir. Xalqın haqqına sayğı ilə yanaşmalıdır. Ölkəmizdə seçki yolu ilə hakimiyyətdən getmək ənənəsi formalaşmalıdır.


Sual [Turkan]: Salam Cəmil bəy, uğurlar sizə. Sizin planınızda Azərbaycanın vahid gömrük ittifaqina daxil olmaq məsələsi varmı? Mən istəmərəm ki, ölkəm müstəqilliyini itirsin və keçmiş zülmkar SSRİ bərpa olunsun.


Cavab: Bilirsiniz, mən Milli Şura tərəfindən prezidentliyə namizəd göstərilmişəm və Azərbaycanın xarici siyasət strategiyası ilə bağlı Milli Şuranın həm Memorandumunda, həm də Bəyannaməsində mühüm müddəalar vardır. Bunlara əməl edilməsi vacibdir. SSRİ keçmişin hadisəsidir, onun bərpa olunmaq təhlükəsi yoxdur, Azərbaycanın müstəqilliyi ümumdünya prosesidir və çalışmalıyıq ki, vətəndaşlarımız müstəqilliyin bəhrələrini öz həyatlarında hiss etsinlər.


Emil Quliyev [moderator]: Natiq Adilov Facebook vasitəsilə yazır:
- Cəmil bəy, sızi salamlayıram. Sualım: Xəzərin neftin demirəm, prezident olsanız dənizin kənarına çəkilən o hasarları nə edəcəksiniz?


Cəmil Həsənli: Məqsədimiz ədalətli bir cəmiyyətin bərqərar edilməsidir. Azərbaycan xalqının pozulmuş hüquqları, normal həyat haqqı bərpa edilməlidir, nəinki Xəzərin sahillərindən Azərbaycan neftindən də xalq pay almaq haqqını təsbit etməlidir. Azərbaycan xalqından başqa ölkənin neftindən bütün işbazlar faydalanır. Təəssüf ki, neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Bunun sirri açılmalıdır. Bu gün Xəzərin sahəlləri ayrı-ayrı işbazlar tərəfindən Çin səddi kimi bir hasarlarla əhatə edilib. Hələ Milli Məclisdə Xəzərin sahiliylə bağlı məsələlər müzakirə ediləndə mən dedim ki, dənizdən 20 metr məsafədə olan sahilin ayrı-ayrı adamlara verilməsi Azərbaycan xalqını dənizin üzünə həsrət qoyacaq. Sosial cəhətdən müdafiə olunmayan, çörək pulu tapmayan adamların dənizdən ödənişli formada istifadə etməsini heç nə ilə izah etmək olmaz.


Sual [Aliaga]: Salam Cəmil bəy. Seçkinin nəticəsində qalib gəlsəniz, aparacağınız aqrar islahatlar nədən ibarət olacaq?


Cavab: Aqrar məsələ ciddi bir məsələ kimi Azərbaycan cəmiyyətinin qarşısında dayanır. Təəssüf ki, barlı-bərəkətli Azərbaycan rayonlarının böyük əksəriyyəti son illərdə mərkəzdən verilən dotasiyalar hesabına yaşayır. Ölkəmizdə büdcə daxil olmalarının 92 faizi Bakının, qalan 8 faizi bütün Azərbyacanın payına düşür. Bu o deməkdir ki, Bakıdan kənar həyat yoxdur. Qanunsuz və nəzarətsiz idxal kənd təssərrüfatının belini qırdı. 25-30 faizlik kreditlərlə kənd təsərrüfatını qaldırmaq mümkün deyil. Bu gün kənd yerlərində demək olar ki, bütün əhali bankların əsarətinə düşüb. Bu sadəcə olaraq soyğunçuluqdur. Dövlətin maliyyə resursları ilə bankları ələ keçirmiş ayrı-ayrı hakim elita üzvləri bir qayda olaraq belə yüksək kredit faizləri ilə əhalini diz çökdürüb. Buna son qoymaq lazımdır. Azərbaycanın taleyi Kənd Təsərrüfatının dirçəldilməsindən keçir. Əhalimiz zəhmətkeşdir. Zəhmətinin bəhrəsini görməyə ona əlverişli şərait yaratmaq torpaqdan səmərəli istifadə haqqı verilməlidir. Bu hakimiyyətin təəssüf ki, Kənd Təssərrüfatının inkişafında heç bir marağı yoxdur.


Sual [Bəyim Həsənli]: Axşamınız xeyir, Cəmil bəy! Sualım gənclərlə bağlıdır. Prezident seçildikdən sonra gənclərin xaricdə təhsilini necə dəstəkləyəcəksiniz? Bu əsasda xüsusi işlər görüləcəkmi və planlarınız varmı?


Cavab: Xaricdə təhsil Azərbaycanın dünyaya inteqrasiya olmasının əsas vasitələrindən biridir. Lakin bu ölkə içində təhsilin unudulması hesabına olmamalıdır. Təxminən ay yarım öncə rəsmən elan olundu ki, ölkəmizin 18 rayon və şəhərlərinin bütün məktəblərində 9-cu sinif şagirdlərinin 46,6 faizi ana dili üzrə buraxılış imtahanlarından qeyri-kafi qiymət alıb. Bu böyük fəlakətdir. Bu yalnız təhsil məsələsi deyil. Ölkədə savadsızlığı stimullaşdırma siyasətinin məntiqi nəticəsidir. Bu cəmiyyətin sabahının hansı səviyyədə olmasının göstəricisidir. Xaricdə təhsilin daha effektli formalarından istifadə edilməlidir. Əhalinin sosial cəhətdən az təminatlı ailələrinin istedadlı uşaqlarının da bundan faydalanmaq imkanı olmalıdır. 2008-2015-ci illəri əhatə edən 5 min gəncin xaricdə təhsil alması barədə dövlət proqramı olsa da, lakin çox az gənc bu proqramdan faydalana bilib. Bir qayda olaraq müxtəlif yoxlamalar adı altında sosial cəhətdən aktiv olan gənclərin valideynləri müxalifət düşərgəsində təmsil olunan istedadlı gənclərin bu proqramlardan istifadə imkanları minimuma endirilib. Təhsildə ayrı seçkiliyi özündə ehtiva edən bu eybəcər yanaşmanı aradan qaldırmaq lazımdır.


Sual: [Nurane Suleymanova]: Salam Cəmil müəllim.
Sualım çoxdur, amma əsas olanları soruşacam sizdən. Siz hakimiyyətə gəlsəniz yaşlıların təqaüdü, 1-ci, 2-ci və 3-cü qrup əlillərin təqaüdündə artım gözlənilir? İpoteka ilə ev almağın şərtləri ağır olduğu üçün çox müraciət edilmir, amma halbuki, ən asan bu olmalıdır. İpoteka şərtlərində dəyişiklik gözlənilir? Aydındır ki, Azərbaycanda ağır xəstəliklərə görə müalicə almaq həm çox pul tələb edir, həm də ki, bir çox imkanlar yoxdur. Həkimlərimizin savadı da buna imkan vermir. Camaat İrana, Rusiyaya, qardash ökle olan Türkiyəyə üz tutur. TV kanallarda verilişlər hazırlanır ki, imkansız ailələrin xəstə uşaqlarına maddi dəstək verilməsi üçün. Halbuki, bu dəstəyi xalq yox, dövlət verməlidir. O, imkansız ailələrə, uşaqlara dövlət sahib çıxmalıdır. Buna imkan olduğu halda sahib çıxılmır. Tv kanallara müraciət edirlər və ən acınacaqlısı isə budur ki, TV kanallar da bundan öz şəxsi xeyirlərini güdürlər. Bu sadaladığım hər bir problem həll olunacaqmi?


Cavab: Azərbaycan xalqı layiqli və ləyəqtli həyat haqqına malikdir. Millətin haqqı ona sədəqə kimi verilməməlidir. Yalnız qeyd etdiyiniz əlil qrupları deyil, bütövlükdə əmək haqları və təqaüdlər ölkəmizin imkanlarından çox aşağı səviyyədədir. Ötən günlərdə hökumətin müşavirəsində orta təqaüd həddinin 200 dollar olması ilə fəxr etdiklərinin bildirdilər. Lakin rəqəmi yüksək göstərmək üçün bunu ABŞ-ın pul vahidi olan dollarla elan etdilər. Halbuki orta təqaüd həddi 120-130 manat həcmindədir. Bir milyon 250 min təqaüdçünün təxminən bir milyonu bu həddə təqaüd alır. Analoqsuz inkişaf edən ölkə üçün bu elə də yaxşı göstərici deyil. İnsanlar 30 il, 40 il öz əməyini, sağlamlığını, intellektini ona görə cəmiyyətə verməyib ki, ahıl yaşında 130 manat təqaüd alsın. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin dövlət müəssisələrində çalışan çox saylı məmur ordusunun əmək haqqı onların yaşayış xərclərinə uyğun deyildir. Müəllim normal əmək haqqı almasa ən yaxşı qanunla belə təhsili inkişaf etdirmək mükün deyildir. Azərbaycanda böyük tibb potensialı olduğu halda gözümüzün qarşısında ölkəmizin səhiyyə sistemi etimadsız bir vəziyyətə düşdü. Bir anlığa düşünün: Hansı vəzifəli şəxs öz ölkəsində müayinə olunur, tibbi yardım alır? Hansı vəzifəli şəxsin ailəsində uşaqlar məhz öz ölkəsində dünyaya gəlir. Ölkə səhiyyəsinə etimadsız münasibət ilk növbədə ölkəni idarə edənlərdən gəlir. Azərbaycanda bir çox səhiyyə müəssisələri artıq tibb müəssisəsi kimi deyil, biznes müəssisəsi kimi fəaliyyət göstərir. Bu dəhşətli mənzərədir. Yoxsul təbəqənin kütləvi şəkildə İranın sərhədyanı şəhərlərinə üz tutması ölkəmizin səhiyyə müəssisələrinin biznes obyektinə çevrilməsi ilə bağlıdır. Ölkə səhiyyəsinə etimadın bərpa olunması uzun və ağrılı bir proses olacaq. Tibbi sığorta sistemi işləmir, əhali tibb müəssisələrində tətbiq edilən qiymətlərə heyrət edirlər. Qonşu ölkələrə axın bilavasitə bununla bağlıdır. Mən özəl tibb müəssisələrinin əleyhinə deyiləm, lakin cərahiyyə əməliyyatına ehtiyacı olmayan adamların biznes maraqlarına görə əməliyyat olunduğunu eşitdikdə dəhşətə gəlirəm. Bunun bir çarəsi olmalıdır. Müayinə zamanı Azərbaycanda əməliyyat olunmağı tövsiyyə olunmuş xəstələrin böyük bir hissəsi qonşu ölkələrdə buna ehtiyac olunmadığını eşitdikdə onun bizim səhiyyəyə münasibəti şübhəsiz ki dəyişəcək,etimadı itəcək.


Emil Quliyev [moderator]: Cəmil bəy, 2 saatınızı ayırıb, oxucularımız və eləcə də sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırdığınız üçün sizə minnətdarlığımi bildirirəm. Çox sağ olun!


Cəmil Həsənli: Çox sağ olun, təşəkkür edirəm!!!

XS
SM
MD
LG