Accessibility links

Mahmudəli Çöhrəqanlı: "Millətimdən başqa heç kimdən əmr almadım" [Forum]


Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Sərbəst Kürsü canlı forumunun qonağı olub

Emil Quliyev [moderator]: Mahmudəli bəy, Sərbəst Kürsüdə sizi salamlayırıq. Dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun.


Mahmudəli Çöhrəqanlı: Mən də sizdən və bütün Voice of America Azərbaycan bölümündə çalışanlardan bu proqramı təşkil ettiyiniz üçün təşəkkür edirəm, sizə və bütün proqramda iştirak edənlərin hamısına ən səmimi salamlarımı çatdırıram. Umuram ki bu proqram vətən və millətimizə xeyirli və uğurlu olsun.


Emil Quliyev: İlk sualı Samir Səfərli adlı Facebook istifadəçisi göndərib. O soruşur:

- Həqiqətənmi İsrail və ya ABŞ-ın adamısınız?


Cavab: Mən ulu Azərbaycan millətinin bir övladı və oğlu olmaqla qurur duyuram. Bütün ömrümdə millətimdən başqa heç kimsədən əmr almadım. Beləliklə ajan sayıla bilərsəm yalnız öz millətimin ajanı ola bilərəm. Artırmalıyam ki, Türkiyə və Azərbaycanın qapıları bütün Amerika və İsrail ajanlarına açıqdır. Harada görülüb ki, bu iki ölkənin qapıları İsrail və Amerika ajanlarına bağlı (qapalı) olsun ki, mən ikincisi olum. Nəticə olaraq bu tip qaralamalar kobud töhmətdən başqa bir şey deyildir. Yaşasın Azərbaycan və onun vətən və millətinə sadiq olan övladları.


Sual [Rüfət Əhmədzadə]: Cənab Çöhrəqanlı bundan sonra Amerikada Azərbaycandakı avtoritar rejimə qarşı fəaliyyətə keçəcək? Yoxsa, yalnız İran problemi ilə bağlı fəaliyyətlə kifayətlənəcək?


Cavab: Azərbaycan müstəqil olduğundan indiyədək heç zaman Azərbaycanın iç işlərinə qarışmadıq. Praktik olaraq hakimiyyət və ya muxalifətin yanında durmadıq. Niyə ki Azərbaycanımızın müstəqil bölgəsində 10 milyona yaxın insan yaşamaqdadır və orada kimin hakimiyyətdə kimin muxaliftətdə olması, o cəmiyətin səsindən və rəyindən asılıdır. Məncə Azərbaycanın içində və xaricində hakimiyyətlə mücadilə olunursa, yenə də Azərbaycanımızın müstəqil bölgəsinə mənsub olan insanların tərəfindən olmalıdır.


Sual [Araz]: Böyük Azərbaycan dedikdə siz nəyi anlayırsınız, mənim üçün böyük Azərbaycan içində Kərkükün də, İrəvanın da, Şirazın da olduğunu, Orta Asiyaya birləşən Azərbaycandir. Məncə Azərbaycan diasporalari bunu deməyə cəsarət etmir,(Yaxşı diaspora nümayəndələrində söhbət gedir). Türkiyədə bir dəfə görmüşdüm Cənubi Azərbaycan üçün mitinq keçirirlər, amma Cənubi Azərbaycanın bir hissəsi Kürdüstan, bir hissəsi ərəb olub.


Cavab: Böyük kəliməsinin Azərbaycanla bağlı iki anlamı vardır. Bir millətimizə sayqı və hörmət üçün işlədirik, yəni böyük millət-uca millət. İkincisi, sizin dediyiniz kimi Bütöv Azərbaycanı qəsd etməkdəyik. Bildiyiniz kimi Bütöv Azərbaycan, Azərbaycanımızın müstəqil bölgəsini, Güney Azərbaycanı və başqa parça-parça edilmiş bölgələri əhatə etməkdədir və təəssüflər ki bu proqramda parça-parça edilmiş bölgələri izah etməyə zamanımız yetməz. Bu məsələ özü bir geniş konfrans mövzusu ola bilər. Azərbaycan coğrafyası haradır? Haralara Azərbaycan deyilir? Bu məsələlər geniş mubahisə və müzakirə mövzularıdır, və dediyim kimi bu qısa proqramda bu önəmli məsələlərə yetişmə imkanımız yoxdur.


Sual [Elnaz Tebrizli]: Güney Azərbaycan Türklərinin gələcəyi və İran rejiminin gələcəyini necə görürsünüz?


Cavab: Bəlli olduğu kimi 35 milyon Güney Azərbaycan Türk milləti getdikcə oyanaraq yüksək səviyyədə milli və siyasi şüura sahib olmaqdadır. Təbii olaraq heç bir oyanıq və intibaha sahib bir millət asimilə olaraq yox olmaz. İnanıram ki Güney Azərbaycan Türk milləti qurtuluş mücadiləsinə davam edərək yaxın gələcəkdə işğal edilmiş vətənini azad edərək öz müqəddəratını təyin etmə haqqını qazanacaqdır. Və yenə də ikinci qısa bir müddətdə vətən və millətimizin birləşərək Bütöv Azərbaycanımızı yaratmağa nail olacağıq. Mən bu nailiyəti çox yaxınlarda görürəm.

Amma İran adlanan ölkədə hakim olan fars molla rejiminin taleyi, reform və islahatı hər halu-karda rədd etdiyi üçün Qəzzafilər və Bin Əlilərin taleyindən başqa bir şey olmayacaqdır. Yəni bu rejim yaxın gələcəkdə İranda yaşayan millətlərin qiyamı nəticəsində süqut edəcəkdir.


Sual [Mehman]: Azərbaycanın gələcəyini necə görürsünüz? Bu gün Kərkükü, Qarabagğı itirdik, sizcə sabah? .Bir də sizə bir sualım var: Siz iran azərbaycanlısısınız, nəyə görə İranda Türklər Farslardan çox olmalarına baxmayaraq Azərbaycandan nifrət edirler? Fakt faktdır.


21:56
Cavab: Azadlıq, istiqlal, ən zor və çətin əldə edilən, bahalı və böyük nemətlərdirlər. Bunlar yalnız can və qan bahasına əldə olunur. Təəssüflər ki bunları qorumaq və vətən və milləti saxlamaq da qan və can bahasına olur. Yalnız yüksək səviyyədə milli və siyasi şüura malik olan, cəsarətli və şəxsi mənfəətlərini milli mənfəətlərinə qurban verəcək millətlər azadlıq, istiqlal və topraq bütövlüklərini qoruya bilərlər. Azərbaycan milləti zatən qeyrətli və cəsarətli bir millətdir, amma təəssüflər ki intibah və oyanıqlıq açısından çox zəif və gücsüz qalmışdır. Beləliklə, millətimizin Azərbaycanın hansı bölgəsində yaşadığından asılı olmayaraq milli və siyasi şüurunu yüksəltməliyik. Vətənpərvərlik və millətsevərlik ruhunu onda aşılamalıyıq. Yalnız vətənpərvər millətsevər və bütün şəxsi varlığını, milli varlıqlarını qorumaq uğrunda fəda etməyə hazır olan millətlər öz azadlıq, istiqlal və bütövlüklərini qoruya biləcəklər.


Sual [Hemit Ulutürk]: Quzey Azərbaycan və Türkiyə nədən bizim hərəkata dəstək olmurlar? Sizcə mədəni savaşla istəyimizə çatacağıq? Bir də ki kürd məsələsi necə çözüləcək? İşğal etdiyi topraqlarımızı savaşlamı alacağıq? Çox təşəkkürlər sayın D.R. Çöhrəqanlı..varolun.


Cavab: Bildiyiniz kimi Türkiyədə hakim olan iqtidarın ideologiysının təməlində ümmətçilik və Sünni İslamçılıq var. Bu ideologiyada etnikə təvəccüh və önəm verilməməkdədir. Yalnız ideoloji açıdan İslam dünyasının Sünni kəsimini qapsamaqdadır. Və elə buna görədir bu hökümət Filistin, Misir, Suriya və başqa Sünni Ərəblərin haqlarını hər gün mudafiə etməkdədir. Qulağının dibində 35 milyon Şiə Azərbaycan Türk millətinin ən ibtidai insani haqlarından məhrum olmasına baxmayaraq hətta bir dəfə İran rejiminə etiraz etməmişdilər.

Amma Azərbaycan hakimiyyətinin Güney Azərbaycan milli hərəkatına dəstək verməməsinin nədəni bu hakimiyyətin milliyətçi, vətənsevər və tam mustəqil olmamağından asılıdır.

Mədəni savaş bir millətin qurtuluş savaşının fondasyon bölümüdür. Mədəni savaş bir milləti praktik olaraq qurtarmaya bilər, ama teorik olaraq bir millət mədəni mücadilə sonucu yükəsk səviyyələrdə milli və siyasi bilincə sahib olur. Və bu tip millətlərin asimilasyonu və yox edilməsi imkansız olar. Tam özgürlük və bağımsızlıq üçün təbii ki mədəni mücadilə kifayət etməz və təəssüflər ki fiziki müharibələr, can və qan ittihafları gərəkməkdədir.

Sualınızın son bölümü təəssüflər ki bizim istəyimizin və hədəfimizin tam ziddinə olaraq savaş və müharibə meydanında bəlli olacaqdır.


Sual [Mahmut Zengin]: Türkiyəyə, özəlliklə İzmirə nə zaman gələcəksiniz?


Cavab: Türkiyəyə gəlmək üçün çox tələsməkdəyəm, amma təəssüflər ki hələlik qardaş qapıları üzümüzə qapalıdır. O qapıları açmağa çalışırıq. Nə zaman açılırsa yaz-yay-qış demədən gələcəyəm. Bütün Türkiyəyə, özəlliklə gözəl İzmirimizə səlam olsun.


Sual [Beyrek]: Salam Mahmudəli bəy, bir neçə il əvvəl Bursada türk toplantısına gəlmək istəyəndə də sizi Türkiyəyə buraxmamışdılar. Mən sizin Bakıya və ya Bursaya buraxılmanıza haqq qazandırmıram. Amma sizin hər dəfə türk zirvə toplantısı, türk qurultayı ərəfəsində Bakıya, Bursaya və s. gəlmək həvəsinə düşməyiniz məni çox maraqlandırır, daha doğrusu, təəccübləndirir. Siz özünüz çox gözəl bilirsiniz ki, bu ərəfədə sizə viza verilməyəcək. Üstəlik əvvəlcədən viza almaq üçün heç bir müraciət etmirsiniz. Məqsədiniz nədir? Türklər haqqında mənfi rəy yaratmaq? Yoxsa başqa bir məsələ var. Əgər siz həqiqətən Cənubi Azərbaycanda milli hərəkata liderlik etmək iddiasıdasınızsa, Şimali Azərbaycan, Türkiyə haqqında mənfi rəy yaratmağa çalışmayın. Zəhmət çəkin ABŞ-da bir xeyirli iş görün.


Cavab: Bu iddianız doğru deyildir, yalandır, belə bir şey olmamışdır. Bu ikinci iddianız da doğru deyildir, çünkü mən heç zaman Türk zirvəsi toplantıları olanda Azərbaycan və Türkiyəyə səfər niyətində olmamışam. Dünyanın bildiyi kimi keçən 7 ildə mənim Türkiyə və Azərbaycana iki səfərim olmuşdur, birisi Türkiyəyə MHP-nin dəvətiylə o partiyanın 10-cu qurultayına (4 Novambr, 2012). İkincisi, geçən həftə (Avqust 15, 2013) Azərbaycana. Və yalnız Azərbaycana səfərimiz dediyiniz zirvə ilə təsadüf etmişdir. Diqqətli baxsanız ən azı hər həftə bir önəmli hadisə, görüş və ya toplantı Ankara və Bakıda olmaqdadır. İndi mənim gəlişimi bu hadisələrin biriylə bağlamaq məntiqi deyildir, çünkü hər həftə səfər etsək bu önəmli hadisə və toplantıların biriylə təsadüf edəcəkdir.
İddia edirsiniz ki viza almaq üçün müraciət etməmişik, bu da yalandır. Çünkü mən Azərbaycana viza almaq üçün Azərbaycanın Vaşinqtondaki səfirliyinə avqustun 6-da müraciət etmişəm, bütün istədikləri sənədləri təqdim etmişəm, təəssüflər ki üzdə və zahirdə heç bir mənfi reaksiya almadan ayın 14-də vizasız pasportları təhvil veriblər. Bu 8 gündə mən və oğlum 5 dəfədən çox telefon və huzuri olaraq səfirlik ilə təmasda olmuşuq, amma heç bir nəticə ala bilməmişik.
Türk dünyasının gözləri görməkdə, qulaqları duymaqda və beyinləri araştırmaqdadır. Kimin Fars və rus nökəri olduğu, və kimlərin bu böyük ulusa qulluq etdiyi Türk millətinə və hamıya bəllidir.


Sual: [İlqar Əhməd]: İranda niyə azərilər farslaşır? Hakimiyyətmi onların gözünə pərdə salır? Yoxsa kreslo sevdasımı??? Niyə azərilər əzilir, orda kresloda yüzlərlə azərinin oturduğu haldaaa???


Cavab: Bildiyiniz kimi 1924-dən bəri (fars pəhləvi rejiminin iş üstünə gəlməsindən bu yana) İranda yaşayan qeyri-fars millətlər, o cümlədən 35 milyon Azərbaycan Türk milləti öncəliklə Pəhləvi rejimləri və 1979-dan bəri İran İslam molla rejiminin hakimiyyəti altında ən ağır və sistematik mənfi asimilasiyaya məruz qalmışdır. Və nəticə olaraq sizin tərəfdə bəzi Azərbaycanlıların ruslaşdığı kimi bizim tərəfdə də bəzi Azərbaycanlılar manqurdlaşaraq farslaşmışlar.
Amma Güney Azərbaycan milli hərəkatının başladığı tarixdən (1995) millətimiz dərin oyanış prosesinə girərək yüksək səviyyədə milli və siyasi şüura sahib olmuşdur. Bu oyanış qurtuluşa qədər və millət ilə vətənin bütövləşməsinədək davam edəcəkdir.



Sual [Orxan Ulfanov]: Düşünürem ki, Elçibeyin 1992-ci ildə Güney Azərbaycanla sərhədləri götürməklə və böyük dəstək verməklə Güney Azərbaycandakı Türklük ruhuna su verib. Pişəvərinin də böyük qiyamla susdurulmuş azadlıq hərəkatını yenidən canlandırdı. Amma Quzey Azərbaycandakı hökümətin Güney Azərbaycandakı 35 miliyonluq Türkü görməməsi nə qədər məntiqlidir? Görəsən Elçibəy səvh elədi, yoxsa bu hökümət səvh eləyir?


Cavab: Rəhmətlik Elçibəy bütün həyatını Azərbaycan və onun qurtuluşu, bütövləşməsi uğrunda sərf etmişdir. O bir böyük ideoloq olaraq düz və doğru düşünmüşdür. Bəli problemlərin səbəbini Azərbaycanı idarə eliyənlərin ideoloji və düşüncəsində axtarmalıyıq. Beləliklə fürsətdən istifadə edərək yol bəyimiz Elçibəyin Tanrıya qovuşmasının 13-cü il dönümünü ulu Azərbaycan millətinə təsliyət deyirik və yol bəyimizə söz verərək deyirik: “ulu insan rahat yat, yüz minlər əskərin, əmanət etdiyin Bütöv Azərbaycan yolunda Azərbaycanın toprağını və millətini bütövləşdirmək üçün hədəfə sarı irəliləməkdədirlər.”


Emil Quliyev [moderator]: Mahmudəli bəy, vaxtınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün təşəkkürümü bildirirəm. Çox sağ olun!


Mahmudəli Çöhrəqanlı: Dəyərli və hörmətli Emil bəy, sizdən və bütün əməkdaşlarınızdan və proqrama iştirak edən soydaşlarımızdan təşəkkür edirik.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG