İranda namizədlərin qeydə alınmasının vaxtı uzadılıb

Abbasəli Kədxudai

Proses mayın 21-də yekunlaşacaq
İranda prezidentliyə namizədlərin qeydə alınması prosesi mayın 21-də yekunlaşacaq.

“Media forum” saytının məlumatına görə, bunu jurnalistlərə mayın 16-da Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai deyib.

O bildirib ki, namizədlərin tam qeydə alınması üçün son müddət mayın 16-sı idi, amma prosesi yekunlaşdırmağa əlavə vaxt lazım olub. Ona görə də son müddət mayın 21-nə keçirilib: “Konstitusiyaya Nəzarət Şurasının meyarı həmişə olduğu kimi qanundur və şura məhz bu prinsipdən çıxış edərək namizədlərin qeydiyyatı məsələsinə baxır”.

İranda prezident seçkisi iyunun 14-də keçiriləcək.