Prezident Əliyev: 2010-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olunmayıb

Prezident Əliyev: 2010-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olunmayıb

Azərbaycan hökuməti ilin iqtisadi yekunları müsbət qiymətləndirib, 2011-ci ildə iqtisadi və social inkişafın olacağını vəd edib

Azərbaycan hökuməti 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələri müzakirə edib. Nazirlər Kabinetinin iclasına prezident İlham Əliyev sədrlik edib.

Prezident 2010-cu ilin sosial-iqtisadi yekunlarını çox əhəmiyyətli kimi qiymətləndirib. “Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf edib. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, 2010-cu ildə isə iqtisadiyyatımız 5 faiz artıb”.

Dövlət başçısı 2011-ci ildə də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacağına əmin olduğunu vurğulayıb. “2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür”.

Dövlət başçısı 2010-cu ildə bütün sosial proqramların icra edildiyini bildirib. “Minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata (102 dollar) qaldırıldı. Ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Çünki hələ də ehtiyac içində yaşayanlar var”.

Cənab Əliyev ötən il neft-qaz sektorunda bütün planlar yerinə yetirilib. “51 milyon ton neft hasil edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı və ixracı daha da artmalıdır. Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən böyük qaz yatağı aşkar edilmişdir. “Ümid” yatağı bizim qaz potensialımıza əlavə həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir”.

Prezident hazırda Azərbaycanın valyuta ehtiyatlarının 29,4 milyard dollar təşkil etdiyini bildirib.

Dövlət başçısı çıxışının böyük hissəsini Ermənistan -Azərbaycan münaqişəsinə həsr edir. Onun sözlərinə görə, 2010-cu ildə münaqişənin həllində irəliləyişə nail olunmayıb. “Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar nə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır”.

Prezident problemin həlli üçün Ermənistanın öz işğalçı qüvvələrini zəbt edilmiş Azərbaycan torpaqlardan çıxarmasının vacibliyini bildirib. “Ondan sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaqdır”.
Prezident Əliyev hesab edir ki, 2011-ci ildə Azərbaycan öz mövqelərini daha da möhkəmləndirəcək. “2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur. Dünən Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının və Avropa İttifaqının mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Yəni məsələnin həlli üçün beynəlxalq çərçivələr budur və o, yalnız bu çərçivələr daxilində öz həllini tapa bilər. Heç bir başqa variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun”.

Dövlət başçısı eyni zamanda ,münaqişənin həllində beynəlxalq hüquq normalarının əsas rol oynadığını da qeyd edib. “Azərbaycanın ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz öz həllini tapmalıdır. Digər tərəfdən, o da heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik”.

Prezident 2011-ci ildə ordu, müdafiə xərcləri 3 milyard dollardan çox olacağını deyib. “Onun böyük hissəsi yenə də silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir”.