Mətbuat icmalı: ABŞ-ın Azərbaycanda demokratiya istəyi və regional maraqlar

  • Bulut Mehmandarli

Mətbuat icmalı: ABŞ-ın Azərbaycanda demokratiya istəyi və regional maraqlar

Washington Post qəzeti Azərbaycanda demokratiya məsələlərinə yer verib. Azərbaycanın Amerikadakı səfiri qəzetə cavabında Azərbaycanda demokratiyanın inkişaf etdiyini deyir və ölkənin bu sahə üzrə göstəricilərini müdafiə edib, ATƏT-in Azərbaycanda seçkiləri müşahidə missiyasının üzvü isə səfirin yazdıqlarını təkzib edib.

Bir neçə həftə əvvəl Tunisdən başlayaraq qığılcım kimi İrana, hətta Bəhreynə qədər region ölkələrinə yayılan xalq hərəkatları fonunda ABŞ hökümətinin dünya boyu demokratik azadlıqların inkişafı üçün göstərdiyi səyləri ilə onun milli maraqlar naminə avtoritar ölkələrlə əməkdaşlığını davam etdirməsi arasındakı ziddiyyət ABŞ mətbuatında geniş müzakirə olunur. Washington Post-un redaktoru Fred Hayat ABŞ hökumətinin üsyanlar başlamazdan əvvəl xüsusilə Misirlə bağlı siyasətini tənqidlə dövlət katibinin keçmiş siyasi kursa toxunmadan demokratik dəyişikliklərin zərurəti barədə bəyanatlarını təhlil edir və başqa ölkələrlə bərabər Amerikanın Azərbaycanla bağlı siyasətini də sual altına alır.

Azərbaycan dövlət başçısını diktator adlandıran cənab Hayata cəvab olaraq bir neçə gün sonra Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyevin qəzetə göndərdiyi məktub çap olundu. O, ATƏT-in hesabatına əsaslanaraq İlham Əliyevin seçicilərin əksəriyyətinin səsi ilə seçildiyini deyir, seçkilərdə inkişaf olduğunu irəli sürür. ATƏT-in Azərbaycanda seçki missiyasının nümayəndəsi Mitçel Polman səfirin yazdıqlarını təkzib edərək ATƏT-in 2008 və 2010-cu il seçkiləri barədə hesabatlarından seçkilər haqqında Yaşar Əliyevin dediklərinin əksini göstərən sitatlar gətirib.

Washington Post-un redaktoru Fred Hayat fevralın 7-də Yaxın Şərqdə yaranmış vəziyyət və ABŞ-ın regionla əlaqədar siyasəti barədə yazdığı “Obamanın özünün inana biləcəyi bir azadlıq gündəminə ehtiyacı var” adlı məqaləsində Obama administrasiyasının keçmişdə, xüsusilə Misirlə bağlı siyasətini tənqid edir. O yazır ki, administrasiya regiondakı maraqları hesabına Hüsnü Mübarəkin Misirdə medianı və əsas insan azadlıqlarını boğması qarşısında açıq, qətiyyətli mövqe nümayiş etdirə bilsəydi, Təhrir meydanındakı nümayişçilərin nəzərində Birləşmiş Ştatlar daha etibarlı olardı. Cənab Hayat məqaləsində Misirdəki hadisələrə işarə edərək Dövlət Katibi Hillari Klintona istinadən yazır ki, demokratik islahatların keçirilməsini tələb etmək də milli maraqlara daxildir. Xanım Klinton deyib ki, “bu təkcə idealizm məsələsi deyil, strateji zərurətdir”.

Məqalədə, Klintonun başqa bir çıxışından sitat gətirilir: “ABŞ qısa müddətli risklərə baxmayaraq avtoritar rejimlərə açıqlıq üçün təzyiq göstərəcək..... Status-kvonu davam etdirmək artıq mümkün deyil”.

Fred Hayat yazır ki, Azərbaycanda digər dünyəvi müsəlman diktator, seçkiləri saxtalaşdıranda və jurnalistləri həbs edəndə ABŞ-ın islam radikalizmi barədəki qorxusu və neftə olan ehtiyacı kartlarını oynayır. Jurnalist soruşur ki, görəsən ABŞ İlham Əliyevə status-kvonu davam edə bilməyəcəyini deyəcəkmi?

Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev isə Fred Hayatın məqaləsinə cavab olaraq yazdığı və fevralın 14-ündə Washington Postda dərc olunan “Azərbaycan demokratiya barədə öhdəlik götürüb” başlıqlı məktubunda İlham Əliyevin demokratik yolla seçilmiş prezident kimi qəbul edilə bilməyəcəyi barədə deyilənləri səhv adlandırır. O, Azərbaycanda 2008-ci il prezident seçkilərində “ATƏT və Avropa Şurası qarşısındakı öhdəliklərin yerinə yetirilməsində xeyli irəliləyiş əldə edildiyini” yazıb. Səfir əlavə olaraq Əliyevin həmin seçkilərdə prezident olmaq üçün kifayət qədər səs qazandığını və bunun onun iqtisadi inkişaf və demokratik islahatları həyata keçirmək üçün ən layiqli lider olduğu barədə xalqın mövqeyini əks etdirdiyini deyib. Yaşar Əliyev Azərbaycanın öz vətəndaşları üçün firavan və demokratik bir gələcək barədə öhdəlik götürdüyünü qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin məktubuna cavab olaraq, Mitçel Polmanın qəzetə göndərdiyi “Azərbaycanda seçki olaylarının təhrifi” başlıqlı məktub fevralın 17-də Washington Post-da dərc edilib. Mitçel Polman 2000-ci ildə ATƏT-in seçki müşahidəçisi kimi Azərbaycanda fəaliyyət göstərib. O yazır ki, səfir Yaşar Əliyev Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri ilə əlaqədar olaraq ATƏT-in hazırladığı hesabatdakı məlumatları yanlış əks etdirib. Mitçel Polman işarə edib ki, səfir hesabata istinadən seçkilərdə ölkənin beynəlxalq öhdəlikləri cəhətindən irəliləyiş olduğunu irəli sürsə də, hesabatda irəliləyişdən bəhs olunarkən yalnız texniki məsələlər nəzərdə tutulmuşdu. O, ATƏT-in 2008-ci il seçkiləri barədə hazırladığı hesabatdan sitat gətirərək, “seçkilərdə əsaslı rəqabət, canlı siyasi dialoq şəraitinin olmadığını, ölkədə media mühitinin məhdudlaşdırıldığını və bu səbəbdən mənalı, plüralist, demokratik seçkilər üçün zəruri olan bəzi prinsiplərin olmadığını” yazıb.

Mitçel Polman Washington Posta- yazdığı məktubunda ATƏT-in Azərbaycanda 2010-cu il parlament seçkiləri barədə hazırladığı hesabatdan da sitat gətirərək yazıb ki, “bu seçkilərin aparılması forması, ümumilikdə, ölkədə demokratiyanın inkişafında mənalı irəliləyiş üçün kifayət etmir.”