Accessibility links

Washington Post: ABŞ administrasiyası avtoritar rejimlərə demokratiyanın inkişafı məsələsində təzyiq göstərməlidir


Washington Post: ABŞ administrasiyası avtoritar rejimlərə demokratiyanın inkişafı məsələsində təzyiq göstərməlidir
Washington Post: ABŞ administrasiyası avtoritar rejimlərə demokratiyanın inkişafı məsələsində təzyiq göstərməlidir

Qəzetin dərc etdiyi məqalədə deyilir ki, Obama administrasiyası Misirdə olduğu kimi, Çində və Azərbaycanda demokratiya və insan hüquqları məsələlərinə kifayət qədər diqqət verməyib

Washington Post qəzeti ABŞ administrasiyasının Misir hadisələrinə reaksiyası və xarici siyasət sahəsində risklərlə bağlı yazı dərc edib. Qəzetin müxbiri Fred Hayat yazır ki, Misirdə demokrtatik islahatlar Amerikanın milli maraqlarına uyğundur. O, qeyd edir ki, əgər administrasiya Dövlət katibi Klintonun Münhendə təsvir etdiyi kursu tutsa idı, bu gün Qahirənin Təhrir meydanındakı fövqəladə nümayişlərin liderinin kim olduğu haqda daha aydın təsəvvürə malik olardı. Bunun əvəzində, müəllifin yazdığı kimi, Misirdə son iki ildə vətəndaş cəmiyyətinin inkişafı məsələsində Klintonun rəhbərlik etdiyi Dövlət Departamenti prezident Hüsnü Mübarəkə üz tutmuşdu. Qəzet bildirir ki, ölkədə hansısa qruplara maliyyə fondlarının ayrılması prezident Mübarəkin istəyindən asılı idi və əgər o, müəyyən qrupların maliyələşdirilməsini istəmirdisə, Dövlət Departamenti bunu etmirdi. Washington Post yazır ki, Misirə lazım olan bir mötədil, demokratik mərkəz bu mühüm məqamda yoxdur. Hətta, daha az inkişaf etmiş və rəqabətə daha az davamlı olan demokratik mərkəz belə ABŞ siyasətçilərinə də məlum deyil..

Qəzetin yazdığına görə, Obama administriyası üçün Misirin əhəmiyyəti İran problemi, İsrail-Fələstin münaqişəsi, əks-terror və nüvə silahalarının yayılmaması kimi məsələlərdə göstərəcəyi köməklə ölçülür. Dəyərlərə gəldikdə isə, onlara yalnız strateji maraqlarla bir araya gəldiyi zaman diqqət verilir.

Fred Hayat yazır ki, xarici siyasət həmişə risklərin balanslaşdırılmasını tələb edir və müttəfiq diktatoru qəzəbləndirmək, ya da onun rejimini sabitsizləşdirmək riskləri isə tamamilə aydındır ki, əsas ağırlığı çox uzaq görünən repressiyalardansa, siyasətçilərin üzərinə qoymaq kimi bir tendensiya yaradır. Mübarək əslində İran və əks-terror məsələlərində əmkdaşlıq aparırdı, amma bunu yalnız öz maraqları çərçivəsində edirdi.

Qəzetin yazdığına görə, Mübarəkin demokratik islahatların həyata keçirilməsinə yol verməməsinin səbəbi təkcə hakimiyyətdə qalmaq istəyi ilə bağlı deyildi, o həm də amerikalıları islamçıların yeganə alternativ olması ilə qorxuda bilirdi. O, İsrailin zəif tərəfləri ilə belə oyun oynayaraq, bir tərəfdən sülh işində öz dəyərini artırır, digər tərəfədənsə, Misrin dövlətə məxsus mətbuatında İsrail əleyhinə hissələrə yol verir və beləliklə də özünü İsrail və ona düşmən olan xalqın arasında dayana bilən yeganə şəxs kimi göstərirdi.

Belə taktika əleyhinə ən yaxşı üsul azad mətbuatın inkişaf etdirilməsi, müxtəlif siyasi partiyalar, həmkarlar təşkilatları və başqa müstəqil təşkilatların mövcudluğunu təmin etməkdir. Misir xaricində heç kəs ölkənin taleyini həll edə bilməz, lakin hər il ölkəyə 1,5 milyard dollar maliyyə yardımı edən Birləşmiş Ştatlar Mübarəkin Misir cəmiyyətində artıq mövcud tendensiyalara daha artıq tolerantlıq göstərməsini istəyə bilərdi.

Obama administrasiyası prezident Buşun azadlıq proqramından özünü kənarlaşdırmaq və ABŞ-ın İraqa müdaxiləsinin demokratiyanın inkişaf etdirilməsi ideyasına ləkə saldığına görə bunu etməmək kimi seçim edir, deyə müəllif yazır.

Washington Post qeyd edir ki, belə strategiyanın təsəvvür edilə biləcək risklərini tam aydın görmək mümkündür. Birləşmiş Ştatlar Mübarəkə dünyəvi opponentlərini həbs edib, onlara işgəncə verməməsi üçün təzyiq göstərsəydi, bu, həm Misir, həm İsrail, həm də ABŞ-ın özü üçün daha yaxşı olardı.

Fred Hayat yazır ki, Münhendə təhlükəsizlik konfransında siyasətdə hər hansı bir dəyişikliyin olacağına işarə etmədən danışan Klinton deyib ki, Birləşmiş Ştatlar qısa müddətli risklərə baxmayaraq, avtoritar rejimlərin daha açıq olması üçün təzyiq göstərəcək. “Status-kvo sabit ola bilməz”, - deyə o bildirib.

Müəllif bunun təcrübədə nə olacağını sual edir. O yazır ki, Azərbaycanda daha bir dünyəvi müsəlman diktator olan İlham Əliyev ABŞ-ın islamçı radikalizm təhlükəsindən qorxu hisslərində oynayır və Birləşmiş Ştatlar neftə ehtiyaca görə o, seçkiləri saxtalaşdırdıqda və jurnalistləri həbs edəndə buna göz yumur. ABŞ rəsmiləri ona status -kvo vəziyyətinin qeyri-sabit olduğunu deyəcəkmi?

Yaxud, Çində Kommunist partiyası siyasi sistemdə pluralizm tərəfdarı olan hər kəsi həsb edir, lakin adminstrasiya İran və valyuta məsələləri ilə bağlı müzakirələrə müdaxilə etməmək üçün insan hüquqları məsələsini kənara qoyur. Prezident Obama həbsə salınmış Nobel mükafatı laureatı Lyu Ksiabaonun məsələsini gələn dəfə prezident Hu Tsintao ilə görüşü zamanı qaldıracaqmı? - deyə Fred Hayat yenə də sual edir.

Məqaləni sonunda müəllif yazır ki, insan hüquqları və demokratiyanın inkişaf etdirilməsi daim prioritet ola bilməz. Çinin İran məsələsində mövqeyi, ya da Azərbaycanın Rusiya ilə bir yerdə dayanmaq istəyi də əhəmiyyətli məsələlərdir. Lakin demokratiyanın inkişafının strateji maraqlara uyğun olduğu nəzərə alınsa, yəni dünyanın Çində Kommunist partiyası ilə yanaşı başqa müstəqil qurumların yarandığı, ya da anarxiyanın Əliyevə yeganə alternativ olmadığı bir şəraitdə daha təhklükəsiz bir yer olacağı nəzərə alınsa, o zaman risklər də başqa şəkildə götür-qoy edilə bilər.

XS
SM
MD
LG