İPGA: Azərbaycanda söz azadlığı həyəcan doğurur

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupuna 20-yə yaxın təşkilat daxildir: Article 19, Sərhədsiz Reportyorlar, Senzura İndeksi, Amnesty İnternational, Human Rights Watch və başqa təşkilatlar.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (İPGA) növbəti hesabatını hazırlayıb. Sənəd 2010-cu ilin sentyabrından 2012-ci ilin martına kimi olan dövrü əhatə edir. Azərbaycanda söz azadlığının hazırkı vəziyyəti həyəcan doğurur. Belə ki, jurnalistlərə qarşı zorakılıq halları və hücum edənlərin cəzasız qalması davam edir. Jurnalistlər, blogerlər, hüquq müdafiəçiləri, siyasi və vətəndaş cəmiyyəti fəalları hakimiyyət tərəfindən artan təzyiq və təqiblərə məruz qalır. Hesabatda jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıqdan, onların susmağa məcbur edilməsinə cəhddən, dinc toplaşma hüququnun məhdudlaşdırılmasından, QHT-lərə, hüquq müdafiəçilərinə və vəkillərə edilən təzyiqlərdən danışılır. İPGA bu problemlərin həlli və ölkədə ab-havanın yaxşılaşdırılması məqsədilə Azərbaycan hakimiyyətinə bir sıra tövsiyələr hazırlayıb. Bura əsasən məhkum olunmuş vicdan məhbuslarının dərhal azadlığa buraxılması, jurnalistlərə qarşı zorakılıq faktlarının araşdırılması və diffamasiyanın dekriminallaşdırılması daxildir. Bu problemlər Azərbaycanda keçiriləcək Eurovision müsabiqəsi və İnternet Forumu ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlı jurnalistlər və hüquq müdafiəçiləri tez-tez soruşurlar: Eurovision-dan sonra nələr baş verəcək? IPGA ümid edir ki, bu hesabat beynəlxalq birliyi Azərbaycanda söz azadlığının vəziyyətinin monitorinqi və hakimiyyəti qanunazidd əməllərdən çəkindirmək üçün səylərini daha da artırmağa sövq edəcək. Beynəlxalq koalisiyaya 20-yə yaxın təşkilat daxildir: Article 19, Sərhədsiz Reportyorlar, Senzura İndeksi, Amnesty İnternational, Human Rights Watch və başqaları.