Prokuror Pənah Hüseynin qohumlarına həbs istəyib

Pənah Hüseyn

Noyabrın 30-da Sabirabad rayon Məhkəməsində (Bakıdan 176 kilometr cənub-qərb) keçmiş baş nazir, bu il noyabrın 1-də keçirilən parlament seçkilərində 63 saylı Sabirabad seçki dairəısindən deputatlığa namizəd olmuş Pənah Hüseynin 7 nəfər yaxın qohumu üzərində proses keçirilib.

Müxalifətdə olan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, məhkəməyə 2014-cü ilin avqustunda qohumları ilə qarşı tərəf arasında baş vermiş mübahisə səbəb olub.

Bu iş rayon polisində təhqiqat səviyyəsində araşdırılıb. O vaxt konkret olaraq kimə isə qarşı cinayət işi qaldırılmayıb. Yalnız seçkilərdən sonra məsələ ciddiləşib. Parlament seçkilərindən bir-iki gün sonra P.Hüseynin qardaşı, qardaşı oğlu və 5 əmisi oğluna xuliqanlıq maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

“Bu, siyasi təqibdir. Bu şəxslər mənim qohumum olduqlarına görə təqib edilir. Görünür, həbslər kimlərəsə lazımdır”, Hüseyn qeyd edib.

O, məhkəmədə cəmi 5 dəqiqə çıxış edən dövlət ittihamçısının hər bir qohumuna 2,5-5 il arasında həbs cəzası istədiyini deyib.

“Dövlət ittihamçısı çıxışında konkret olaraq bu şəxslərin cinayətlərinə görə bir sübut belə ortaya qoya bilməyib”, Hüseyn bildirib.

Hüquq müdafiəçisi N.Cəfəroğlu bu həbslərin kiməsə lazım oldğunu və baş vermiş hadisədə hansısa cinayət motivi olmadığını bildirib.

“Başa düşmək olmur ki, ölkənin bu ağır vaxtında heç nədən məhbus yaratmaq kimlərin marağına uyğundur, bunu edənlər bu həbslərin sabah hansı nəticələrə səbəb olacağını düşünmürlər?” o qeyd edib.

N.Cəfəroğlu danışıqlar yolu ilə məsələni barışıq məcrasına yönəltmək istədiklərini bildirib.

Məhkəmə dekabrın 7-də davam etdiriləcək.