Vəkil: Blogerin həbsi siyasidir [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Blogerin atası:İttiham siyasidir

Müxalifət partiyasının üzvü, bloger fəalı Ömər Məmmədov narkotik ittihamı ilə həbs edilib. Blogerin atası Amerikanın Səsinə müsahibə verib
Həbsdə olan gənc siyasi fəal, bloger Ömər Məmmədovun Hüquqlarını İctimai Müdafiə Komitəsi cümə axşamı mətbuat konfransı keçirib.

Ömər Məmmədov yanvarın 24-də Bakıda, stomatoloji poliklinikadan çıxarkən saxlanıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Ömər Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə ittiham olunur və barəsində üç ay həbs qətimkan tədbiri seçilib.

Ömər Məmmədov

Ömər Məmmədov deyib ki, narkotik maddə onun cibinə atılıb, geyimində axtarış və ilk dindirmə vəkil olmadan aparılıb. Ömər Məmmədov ilkin dindirmə zamanı döyüldüyünü də vurğulayıb.

1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kiprdə Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə Axın Hərəkatını təsis edib.

İctimai Müdafiə Komitəsinin sədri Əlövsət Əliyev ölkədə gənc siyasi fəalların həbsinə etiraz edib. “

Həm də Ö.Məmmədov “narkotik istifadəçisi” kimi həbsə alınıb. Ölkədə təhsildə rüşvətə, əsgər ölümlərinə, qazilərin faciəvi ölümlərinə etiraz edən gənc fəallar həbs edilir. Bu həbslər bir gəncin deyil, gəncliyin həbsi kimi başa düşülməlidir”, o qeyd edib.

Ö.Məmmədovun atası Elyar Məmmədov oğlunun siyasi fəaliyyətə görə həbsə alındığını deyib.

“2013-cü ildə dekabrın 31-də Öməri “bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) çağırıb siyasi fəaliyyətdən, sosial şəbəkələrdə fəallıqdan çəkinməsi üçün xəbərdarlıq edib. Bu baxımdan oğlumun həbsi gözləniləndir. Yanvarın 20-də oğlum Şimali Kipr Türk Respublikasından Bakıya tətilə gəlib, yanvarın 21-də yenidən “banotdel”ə aparılıb. Onunla orada “profilaktik söhbət” aparılıb. Hətta “bandodtel”də Ömərə ehtiyatlı olmaq tövsiyə edilib. “Tövsiyyə”dən 3 gün sonra saxlanıb”.

“Bu ittiham şər, böhtandır. İttiham sadəcə siyasi baxımdan fəal gəncləri susdurmaq vasitəsidir. Biz bu gün təkcə Ömərin yox, gənclərin taleyini düşünməklə üz-üzə qalmışıq. Gəncliyin bir hissəsi məddah kimi böyüdülür, bir hissəsi azad, sərbəst, böyüyərək fərqli düşünür. Elə buna görə də həbsə alınırlar ki, niyə onlar məmurlar kimi düşünmürlər”, VHP sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qeyd edib.

“Ölkəni irəliyə məhz azad ruhlu gənclərin aparacaq”, S.Rüstəmxanlı rejimin azad gəncliyə münasibətinin dəyişməsinin vacibliyini bildirib.

Vəkil Əlayif Həsənov Ö.Məmmədovun həbsinin siyasi motivli olduğunu deyib və fəalı siyasi məhbus adlandırıb.

“21 ildir ki, ölkədə “siyasi məhbus” konveyeri işə düşüb, iqtidar ona sərf etməyən insanları müxtəlif adlarla şərləyib həbs edir”, vəkil qeyd edib.

Onun fikrincə, Ö.Məmmədovun həbsdən azad edilməsi məhkəmədən deyil, siyasi iradədən asılıdır.