NİDA-çıların həbsdən azad edilməsi üçün ictimai kampaniya keçiriləcək [Video]

Your browser doesn’t support HTML5

N!DA-çıların müdafiəsi - ictimai müzakirə

Hərəkatın 7 fəalı həbsdədir
EL ictimai-siyasi hərəkatı digər siyasi partiyalar, hüquq müdafiə təşkilatları və ictimai birliklərlə birgə NİDA Vətəndaş Hərəkatının həbs edilmiş yeddi fəalının hüquqlarını müdafiə kampaniyasına başlayır.

Xatırladaq ki, martın 7-də fəallar Bəxtiyar Quliyev, Şahin Novruzoğlu və Məmməd Əzizov həbs edilib. Onlar 10 mart əsgər ölümlərinə etiraz aksiyası ərəfəsində zorakı hərəkətlər hazırlamaqda ittiham olunurlar. İstintaqın iddiasına görə, fəalların mənzillərində partlayıcı maddələr və narkotik tapılıb. Lakin onların doğmaları bu maddələri hüquq-mühafizə orqanları əməkdaşlarının özləri ilə gətirdiklərini bəyan ediblər.

N!DA-çıların müdafiəsi tədbiri

Martın 14-də NİDA-nın daha bir fəalı – Rəşad Həsənov həbs edilib. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı həbs edilənləri “vicdan məhbusu” kimi tanıyıb. Martın 30-da NİDA-nın daha iki üzvü – Rəşadət Axundov və Üzeyir Məmmədli, aprelin 1-də isə Zaur Qurbanlı həbs edilib.

EL lideri Eldar Namazovun bildirib ki, böyük nəslin nümayəndələri demokratik dəyişikliklər uğrunda mübarizədə gənclərlə həmrəydirlər. O bildirib ki, NİDA-nın həbs edilmiş fəalı Rəşadət Axundov EL-in aprelin ortalarında təqdimatı nəzərdə tutulan “Demokatiyaya keçid” gənclər layihəsinin koordinatoru idi. İndi Axundovu yoldaşları əvəz edir.

Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı bildirib ki, hazırki gənclər möhkəmliyinə və demokratiyaya sadiqliyinə görə 80-ci illərin sonlarındakı gənc nəsli xatırladır.

N!DA-çıların müdafiəsi tədbiri

“Amma Sovet hakimiyyəti hazırki rejim qədər gənclərə qarşı amansız deyildi”, deyə Hacılı bildirib.

O qeyd edib ki, ölkədə keyfiyyətcə yeni gənclər hərəkatı güclənməkdədir, onun sıralarında xaricdə təhsil almış çox sayda insan var.

“Biz birləşərək, həbslərin etiraz hərəkatını zəiflətmədiyini, əksinə, daha da gücləndirdiyini göstərməliyik”, deyə Hacılı bildirib.

Media Hüquqları İnstitutunun direktoru (MHİ) Rəşid Hacılı bütün həbs edilmiş gənclərin vəkillərlə təmin edilməsi zərurətini qeyd edib. O, gənclərə saxlanılarkən seçdikləri vəkillər olmadan ifadə verməməyi tövsiyə edib.
“Gənclər hərəkatının yeni dalğası Azərbaycanda yeni demokratik dövlət qurulmasına gətirib çıxaracaq”, deyən Hacılı həbs edilənlərin müdafiəsi üçün imzatoplama kampaniyasına başlamağı təklif edib.

NİDA hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər həbs edilənlərin hüquqi müdafiəsi üzrə tədbirlər haqqında danışıb. Onun sözlərinə görə, yalnız Bəxtiyar Quliyevin valideynləri NİDA üzvləri ilə əlaqədən imtina edərək, özləri vəkil tutduqlarını bildirirlər.

Şahin Novruzlunun ailə üzvləri də özləri vəkil tutsalar da, onlarla əlaqə saxlanılır. Digər məhbusları demokratik ictimaiyyət arasında məşhur olan vəkillər müdafiə edir.

N!DA-çıların müdafiəsi tədbiri

Zaur Qurbanlının vəkili Xalid Bağırov bildirib ki, istintaq prosessual normaların kobud şəkildə pozulması ilə aparılır. Belə ki, Qurbanlı günün günorta çağı şəhərin mərkəzində - Opera və Balet Teatrının önündə mülki geyimli şəxslər tərəfindən faktiki olaraq oğurlanıb.

Nəsimi rayon məhkəməsi həbs haqqında təqdimata formal olaraq baxıb, istintaqın dəlillərinin əsaslılığını təhqiq etməyib. Məhkəmənin qərarından şikayət veriləcək. Vəkilin fikrincə, həbs edilmiş bütün 7 fəal birlikdə mühakimə olunacaq.
Qurbanlının anası Səkinə Qurbanova bildirib ki, oğlu ilə fəxr edir və “Azərbaycan hakimiyyətini” tanımır.

“Oğlumu təkrarən həbs edirlər. Hakimiyyət gəncləri həbs etməklə öz qəbrini qazır. Bu gündən etibarən mən də NİDA hərəkatına keçirəm. Mən müəlliməyəm və bütün müəllimləri bu rejimə qarşı ayağa qalxmağa çağırıram. 100 manat maaş alıb, direktorlardan nə qədər təhqirə dözmək olar?”, deyə Qurbanova bildirib.

Müzakirələrin yekunlarına görə həbs edilmiş Nida fəallarının müdafiəsi üçün geniş kampaniyaya başlamaq qərara alınıb.