Daha bir NİDA-çı gəncə 10 günlük həbs cəzası [Yenilənib]

N!DA Vətəndaş Hərəkatı üzvü Anar Abdulla bu gün Nərimanov Rayon Məhkəməsi tərəfindən polisə müqavimət maddəsi ilə 10 gün azadlıqdan məhrum edilib.

Bu barədə N!DA Vətəndaş Hərəkatı məlumat yayıb.

***

Mayın 27-də NİDA Hərəkatının gənc fəalı Anar Abdulla saxlanılaraq Nərimanov rayon Polia İdarəsinin 18-ci Polis Bölməsinə aparılıb. Bu barədə NİDA Hərəkatından bildirilib.

Hazırda polis bölməsində olan vəkil Şəhla Hümbətova saxlanmanın səbəblərini aydınlaşdırmağa çalışır. Lakin polisdə A.Abdullanın orada olmasını inkar etmək istəyirlər, baxmayaraq ki, vəkil özü orada onu görüb və Turan-ın müxbirinə bildirib.

Qeyd edək ki, bu, mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək!” sözləri yazılandan sonra saxlanılan beşinci gənc fəaldır.

Bir gün sonra gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov həbs edilib. Onlar böyük miqdarda qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunur.

Mayın 25-də NİDA fəalı Amid Süleymanov və fotoreportyor Elnur Muxtar saxlanılıb. Onlar inzibati qaydada 10 sutka həbs ediliblər.