NİDA-çı gənc: Mənə psixoloji təzyiq ediblər, döyüblər, 4 dişimi sındırıblar [Video]

Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)

Gənc fəalların məhkəməsi davam edir
Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İlk əvvəl Azad Gənclik Hərəkatı üzvü İlkin Rüstəmzadə vəsatətlə çıxış edib.

O, ötən proseslərdə vəkil Rəşid Hacılı tərəfindən audio və video yazıların aparılması barədə qaldırılan vəsatətlərin rədd edildiyini xatırladıb və deyib ki, bununla bağlı qərarın hansı əsaslarla rədd edilməsi göstərilməyib.

Rüstəmzadə bunun əsaslandırılmasını xahiş edib və həmin vəsatətləri yenidən qaldırıb.

İ.Rüstəmzadə barəsində həbs qətimkan tədbirinin uzadılması barədə qərarın da əsaslandırılmadığını deyib.

Rəşad Həsənov ötən mhəkəmə iclasının təxirə salınmasının səbəblərinin aydınlaşdırılmasını xahiş edib.

Hakim məhkəmə iclasının hava şəraiti ilə bağlı təxirə salındığını deyib.

Bu zaman digər NİDA üzvü Rəşadət Axundov müstəqil məhkəmənin olmadığını və məhkəmə iclasının keçmiş prezident Heydər Əliyevin ölümünün ildönümü mərasimi olduğuna görə təxirə salındığını deyib. Bunu məhkəmə zalındakılar alqışla qarşılayıb.

Vəkil Elton Quliyev bildirib ki, məhkəmədə ictimaiyyətin iştirakı üçün şərait yaradılmasını xahiş edib.

Daha sonra təqsirləndirilənlərə ifadə verilməsi təklif olunub.

Dövlət ittihamçısı təqsirləndirilən Bəxtiyar Quliyevə "Sizin gördüyünüz işlərdən ailənizin xəbəri varmı?" sualı qalmaqala səbəb olub. B.Quliyev suala etiraz edib və suallara cavab verməkdən imtina edib.

NİDA üzvləri hakimə “Burada əxlaq mühakimə olunur yoxsa hüquq?”, deyə etirazını bildiriblər.

Məhəmməd Əzizov hakimə “mənim əxlaqımı mühakimə edə bilməzsiniz mən onsuz da həbs olunmuşam” deyə etirazını kəskin ifadə edib.

Daha sonra təqsirləndirilən Şahin Novruzluya ifadə vermək təklif olunub.

Təqsirləndirilən şəxs hazırkı mərhələdə bunu istəmədiyini deyib. Bundan sonra onun istintaqa verdiyi ifadə elan olunub.

Hakim onun istintaqa verdiyi mart, aprel və sentyabr ayındakı ifadələrini elan edib.
İlkin ifadələrində Bəxtiyar Quliyevin ondan tüstü şaşkaları düzəltməyi xahiş etdiyini deyən Ş.Novruzlu tüstü şaşkası düzəldə bilməməsi barədə cavab verdiyini də qeyd edib. Başqa ifadəsində B.Quliyevin ona mitinqdə istifadə etmək üçün “Molotov” kokteyli düzəltmək lazım olduğunu deməsi əks olunub. İfadədə o da qeyd olunub ki, Facebook şəbəkəsində “NİDA-çıların qapalı qrupunda Rəşad Həsənov və digərləri hakimiyyəti devirmək barədə fikirlər paylaşıblar.

Sonuncu ifadəsində isə Ş.Novruzlıu əvvəlki ifadələrinin hamısından imtina edib və deyib ki, ona psixoloji təzyiqlər edilib.

“Mən döyülmüşəm, ailəm təhdid olunub, təzyiq ediblər, 4 dişimi sındırıblar. Qasım Məmmədov adlı şəxs mənə qarşı təzyiqlər edib”, Şahin Novruzlu qeyd edib.

Novruzlu yalnız, 27 sentyabrda verdiyi sonuncu ifadəsini təsdiqləyib, ittihamları qəbul etmədiyini bildirib.

Şahin Novruzlu bildirib ki, ifadə verən zaman yetkinlik yaşına çatmayıbmış.

Proses dekabrın 19-da davam edəcək.

Məhk\əmə qarşısənda 8 gənc fəal dayanıb. Martın 10-da Bakının mərkəzində əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs edilən gənclərə qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə 17 mayda həbs edilib. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Amnesty İnternational təşkilatı gənslərin hamısını vicdan məhbusu kimi tanıyıb və dərhal azad edilmələrini tələb edib.

Your browser doesn’t support HTML5

NİDA-çı gənc: Mənə psixoloji təzyiq ediblər, döyüblər, 4 dişimi sındırıblar