NATO maliyyə problemləri ilə qarşılaşır (VİDEO)

  • Amerikanın səsi

NATO maliyyə problemləri ilə qarşılaşır (VİDEO)

Dünyanın ən güclü alyansı statusunu saxlamaq, eyni zamanda, raket və kiber hücumlarından müdafiə olunmaq məqsədilə müasir texnologiyaları inkişaf etdirmək üçün NATO-nun daha artıq resurslara, koordinasiyaya və yeni tərəfdaşlara ehtiyacı var.

Avropada iqtisadi problemlər hərbi-müdafiə proqramlarının maliyyələşdirilməsini çətinləşdirir. Bu, NATO-nun dünyanın müxtəlif yerlərində böhranlı vəziyyətlərə cavab verməsi üçün öz qabiliyyətlərini gücləndirmək səylərinə təsir göstərir.

BMT Təhlükəsizlik Şurası mart ayında Liviyada vətəndaşları qorumaq məqsədilə missiyanın yaradılmasına səs verəndə o zaman bu işi gürə biləcək yeganə hərbi qurum var idi: NATO.

Alyans Liviya vətəndaşlarını müdafiə etmək üçün oraya hərbi gəmi və təyyarələr göndərərək, hadisələrin gedişini dəyişə bildi. Liviyada üsyan Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsi ilə nəticələndi.

Fransa hərbi hava qüvvələrinin generalı Stefan Abrial NATO-nun transformasiyası məsələləri üzrə baş komandiri deyir ki, Liviyada kampaniya NATO-dan başqa seçimin olmadığını göstərdi. "BMT missiyanı təsdiq etdikdən sonra, NATO-dan başqa bu işin öhdəsindən kim gələ bilərdi?”-deyə o bildirir.

Lakin alyansın bu qabiliyyəti Avropada iqtisadi böhran, Avropa liderlərinin öz xalqlarını müdafiə xərclərinin mühüm olduğuna inandıra bilməməsinə görə təhlükə altına alınıb.

Britaniyanın müdafiə nazirliyinin keçmiş rəsmisi Daniyel Korski deyir ki, Liviya NATO-nun transformasiyası prosesinin uğuru idi, lakin Avropada iqtisadi böhran və ABŞ-da büdcə ixtisarı səyləri bu prosesi ləngidə bilər. “Biz iqtisadiyyatda ixtisarlar edildiyi, müdafiə xərclərinin azaldıldığı bir dövrdə yaşayırıq, özü də bu işlər əlaqələndirilmiş şəkildə aparılmır. Potensialın artırılması əvəzinə, biz bir sıra ölkələrdə vəziyyətdən çıxmaq üçün ixtisarlar aparıldığını müşahidə edirik, buna görə də müdafiə proqramlarının bir hissəsi təhlükə altına alınmış olur”-deyə o bildirir.

Avropa İttifaqının müdafiə agentliyinin keçmiş rəhbəri Nik Vitne isə deyir ki, bunun səbəbi maliyyə çatışmazlığı ilə bağlı deyil, daha çox səylərin əlaqələndirilməməsi və adi avropalılar arasında müdafiə məsələlərinə marağın olmaması ilə izah edilir. “Avropada müdafiə xərcləri sahəsində çatışmazlığın olduğunu demək olmaz. Məsələ bu maliyyənin lazımlı şəkildə istifadə edilməsi, düzgün sahələrə və effektiv şəkildə birgə xərclənməsindədir. Bu bizim müdafiə məsələlərini qeyri-ciddi qəbul etmədiyimiz üçün baş vermir”-deyə o bildirir.

General Abrial üçün bu, problemdir. Çünki onun sözlərinə görə, növbəti böhranın harada olacağı, ya da NATO-nun bu böhrana cavab vermək üçün kifayət qədər qabiliyyətə malik olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. “Biz hazır olmalıyıq, hər hansı bir əməliyyatı aparmaq qabilyyətinə malik olmalıyıq. Bizə böhran yarananda qüvvə və qabiliyyətlər lazımdır. Təqvimi biz hazırlamırıq”-deyə o bildirir.

General Abrial deyir ki, dünyanın ən güclü alyansı statusunu saxlamaq, eyni zamanda, raket və kiber hücumlarından müdafiə olunmaq məqsədilə müasir texnologiyaları inkişaf etdirmək üçün NATO-nun daha artıq resurslara, koordinasiyaya və yeni tərəfdaşlara ehtiyacı var.