Məhkəmə AXCP fəalının şikayətini təmin etməyib

Aqil Hümbətov

Bakı Apellyasiya Məhkəməsi Xəzər rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun şikayətini təmin etməyib.

Fəal ittihamları qəbul etməyib, həbsinin əsl səbəbinin sosila şəbəkələr vasitəsi ilə Azərbaycan prezidentinə videomüraciəti olduğunu bildirib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, ittiham materialları ilə işin real hal və şərtləri bir-birinə uyğun deyil. Vəkilin sözlərinə görə, polis müttəhimi martın 14-də evindən polis idarəsinə aparıb.

SEE ALSO: AXCP fəalı həbs edilib

Növbəti gün o, Suraxanı rayon Məhkəməsinə çıxarılıb və 535.1-ci maddə ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilib. Bu zaman onu vəkillə təmin etməyiblər.

Mehdiyev həmçinin bildirib ki, polisin iddia etdiyinə görə, fəalın polisə tabe olmadığı yerdən videomüşahidə kameralarının görüntülərinə baxılsa, Hümbətovun heç bir qanun pozuntusu törətmədiyi aydın olar.

Mən dedim ki, işsizəm, zibilliklərdə karton yığaraq qarnını doyurmalı olduğum üç azyaşlı uşağım var.
Aqil Hümbətov, AXCP fəalı

Hümbətov özü danışıb ki, onu evdən aparanda mobil telefonunu əlindən alıblar. Polis idarəsində ona açıq-aşkar bildiriblər ki, sosial şəbəkələrdə çıxışları ilə bağlı iradları var.

"Mən dedim ki, işsizəm, zibilliklərdə karton yığaraq qarnını doyurmalı olduğum üç azyaşlı uşağım var. Xəzər rayon Polis İdarəsində mənə qohumlarımın iş yerləri barədə suallar veriblər. Mən polisə tabe olmamaq haqqında protokolu imzalamaqdan imtina etdim. Gecə polis bölməsində saxladılar, səhər isə məhkəməyə apardılar," Hümbətov bildirib.

Fəalın sözlərinə görə, inzibati protokolda və vəkildən imtina haqqında sənəddə onun imzaları saxtalaşdırılıb. Son nəticədə məhkəmə Hümbətovun şikayətini təmin etməyib.

Hümbətov martın 14-də saxlanılıb. Partiyada onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu hesab edirlər.

Zirə qəsəbəsinin sakini Hümbətov deyirdi ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.