Müxalifət fəalları son sözlə çıxış edib

Müxalifət fəalları son sözlə çıxış edib

Elnur Məcidli (AXCP gənclər şöbəsinin üzvü), Ülvi Quliyev (bitərəf), Rüfət Hacıbəyli (Müsavat Partiyasının fəalı) və Əhəd Məmmədlinin (Müsavat Partiyasının gənclər təşkilatının sədri) son sözlə çıxış edib.

Bakının Nəsimi Rayon Məhkəməsində 2 aprel mitinqində iştiraka görə həbs olunan dörd müxalifət fəalının işi üzrə proses davam edib. Turan Agentliyinin məlumatına görə, bu gün ilk olaraq vəkil Xalid Bağırov çıxış edib. O bildirib ki, istintaq və məhkəmə saxtalaşdırılıb, müttəhimlərin günahı sübuta yetirilməyib. “Əgər məhkəmə onları günahkar sayarsa, hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsində izahat verməli olacaq, hakimlər isə qəbul olunmuş qərara görə cavab verəcək. Mən məhkəməni müttəhimlərə bəraət verməyə çağırıram”.

Sonra, Elnur Məcidli (AXCP gənclər şöbəsinin üzvü), Ülvi Quliyev (bitərəf), Rüfət Hacıbəyli (Müsavat Partiyasının fəalı) və Əhəd Məmmədlinin (Müsavat Partiyasının gənclər təşkilatının sədri) son sözlə çıxış edib.

Ülvi Quliyev və Əhəd Məmmədli Cinaytə Məcəlləsinin 233 (ictimai asayişin pozulması) və 315.1 (polisə müqavimətin göstərilməsi) maddələri ilə ittiham olunur. Elnur Məcidli və Rüfət Hacıbəyli 233-cü maddə ilə ittiham olunur.

Bundan əvvəl prokuror E.Məcidlinin və R.Hacıbəylinin 2 il yarım, Ü.Quliyev və Ə.Məmmədlinin isə 4 il azadlıqdan məhrum olunmasını istəyib.

Ülvi Quliyev bildirib ki, onlarla mitinq iştirakçısına qarşı əvvəlki hökmlər göstərir ki, məhkəmələr hakimiyyətin siyasi sifarişini yerinə yetirir. “Qoy, vicdanını unudan hakimlər və prokurorlar düşünməsinlər ki, Azərbaycan gənclərini susdura biləcəklər. Mübarizə qurban tələb edir və biz qurban olmağa hazırıq. Bizi bu hökmlərlə qorxutmaq olmaz”, - deyə o bildirib. Əhəd Məmmədli çox emosional çıxış edib. “Biz ölərik, amma təslim olmarıq. Küçədə “Azadlıq” qışqırdığına görə gəncləri 2il 6 ay müddətə azadlıqdan məhrum edirsinizsə, sizin vicdanınız haradadır. Əliyev rejimi düşünməsin ki, bir neçə nəfəri həbsxanaya salmaqla gənclərin etirazını dayandırmaq olar. Mən gəncləri bu avtoritar rejimə qarşı mübarizəyə çağırıram. İlham Əliyev, sən ölümdən qorxursan, mən isə yox”.
Elnur Məcidli bildirib ki, aprelin 2-də gənclər küçəyə bir məqsədlə çıxıblar - yeni Azərbaycanın qurulmasına nail olmaq. “Elə bir ölkə ki, orada korrupsiya olmasın, insan haqları, mülkiyyət hüquqları pozulmasın. Bu məqsəd uğrunda mübarizə davam edəcək”. Rüfət Hacıbəyli deyib ki, məhkəmələr yalnız gənc fəalların yox, həm də qanunsuz həbs edilənləri cəsarətlə müdafiə edən vəkillərin hüquqlarını pozur. Hakimiyyət dialoqdan danışır və müxalifətçiləri cinayətkar adlandırır. “Onda gələn dəfə bizi dərhal güllələyin və nümunəvi məhkəmələr şəklində şou düzəltməyin” , - deyə o vurğulayıb.

Müxalif gəncləri dinlədikdən sonra hakim elan edib ki, hökmün oxunması oktyabrın 10-da saat 11.00-da olacaq.

Xatırladaq ki, artıq 2 aprel mitinqində iştiraka görə indiyədək 10 fəal mühakimə olunub.