Musəvi və Kərrubinin övladları birgə bəyanat yayıb

İran müxalifətinin liderləri

Onlar valideynlərinə qarşı repressiyalara son qoyulmasını tələb edir
İran müxalifətinin iki ilə yaxındır ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin övladları birgə bəyanat yayaraq valideynlərinə qarşı repressiyaya son qoyulmasını tələb edib.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, Kərrubiyə, Musəviyə, həmçinin onun ev dustağı olan xanımı Zəhra Rəhnəvərdiyə qarşı ya açıq məhkəmə keçirməli, ya da onlar dərhal azadlığa buraxılmalıdır.

“Ölkə rəhbərlərinin razılığı olmasaydı, Musəvi, Kərrubi və Zəhra Rəhnəvərdin qanunsuz həbsi davam etdirilməzdi, onların hüquqlarının pozulmasına bu qədər israr olunmazdı. Ölkə rəsmiləri ya ən qısa zamanda valideynlərimizin işinə baxılması üçün onların məhkəməsinin keçirilməsinə razılaşmalı, ya da onları hər hansı bəhanə gətirmədən azad etməlidir.

Biz həmçinin saxlandıqları müddətdə valideynlərimizə qarşı əsassız ittihamların irəli sürüldüyünü, onların repressiya və zülmlərə məruz qoyulduğunu nəzərə alaraq valideynlərimizə özlərini müdafiə etmək və baş verənləri olduğu kimi xalqa çatdırmaq imkanı yaradılmasını tələb edirik”, sənəddə qeyd eilir.