Misirdə hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları o hakimiyyətə qaytarılmayana qədər Qahirənin Rabaa Əl-Ədəviyyə meydanında etiraz nümayişlərini davam etdirməyə söz verib.
Müsəlman Qardaşları təşkilatının üzvləri cənab Mursinin Misir ordusu tərəfindən hakimiyyətdən salındığı vaxtdan meydanda etiraz aksiyası keçirir.
Cümə günü Məhəmməd Mursinin on minlərlə tərəfdarı Qahirədə yürüş keçirib. Onlar müvəqqəti hökumətə Misirin legitim prezidentinin kim olduğunu aydın etmək çağırışı ilə Rabaa Əl-Ədəviyyə məscidinin qarşısında “həqitəti söyləyin” şüarı bağırıb.
Mursinin opponentləri isə Qahirənin Təhrir meydanında nümayiş keçirərək, Müsəlman Qardaşları təşkilatını həftənin əvvəli insan ölümülə nəticələnmiş zorakılıqlarda ittiham ediblər. Həm Mursi tərəfdarları, həm onun opponentləri cümə günü nümayişlərin dinc olacağına söz verib və hər hansı bir insidentin baş verməsi qeydə alınmayıb.
Misir ordusu Məhəmməd Mursini günlərlə sürən nümayişlərdən sonra hakimiyyətdən kənarlaşdırıb. Müxalifət onu 2011-ci ildə ölkəni 30 ildən çox idarə etmiş Hüsnü Mübarəkin hakimiyyətdən getməsinə gətirib çıxarmış inqilabın ideyalarına xəyanət etməkdə günahlandırır.