AXCP fəalı barədə üç aylıq həbs seçilib

Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Murad Ədilov narkotik ittihamı ilə tutulub

Bakı şəhər Nərimanov rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı və AXCP-nin mətbuat katibi Natiq Ədilovun qardaşı Murad Ədilov barəsində narkotik maddə saxlamaq ittihamı ilə 3 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Amerikanın Səsinə Natiq Ədilov bildirib.

Onun sözlərinə görə M.Ədilov məhkəmədə saxlanılarkən Sabirabad rayon Polis Şöbəsində döyüldüyün bildirib və narkotiklər bağlı ittihamları qəbul etməyib. “Narkotikin mənə dəxli yoxdur”.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mətbuat katibi Natiq Ədilovun qardaşı Murad Ədilov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində saxlanır. Onun barəsində ailəsinə və vəkilinə hər hansı məlumat verilmir. Vəkil Murad Ədilovla görüşə də buraxılmır. Bu barədə vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Vəkil artıq iki dəfə, - avqustun 12-də və bu gün səhər saatlarında görüş üçün müraciət edib. “Mən dünən ilk olaraq Murad Ədilovu saxlayan DİN Baş Narkotiklə Mübarizə İdarəsinə müraciət etdim. Orada dedilər ki, M.Ədilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil verilib. BMCMİ-də Ədilovun orada saxlandığını təsdiq etdilər. Lakin məni onunla görüşə buraxmırlar”, vəkil qeyd edib.

İmanov həmçinin M.Ədilov barəsində həbs qətimkan tədbiri seçilib-seçilməməsindən, sağlamlıq durumunun necə olmasından xəbərsiz olduğunu bildirib. “Mən MCQMİ-də müqaviləmi, vəkillik vəsiqəmi təqdim etdim və məlumat istədim. Lakin hər hansı məlumat verilmir”.

Murad Ədilovun qardaşı Natiq Ədilodv isə Amerikanın Səsinə qardaşının işgəncəyə məruz qaldığını bildirib. “Orada olan yaxın adamlar qardaşımın döyüldüyünü bildirib. Biz Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin qaynar xətlərinə və Ombudsman Aparatına məlumat vermişik. Amma hələ bir nəticəsi yoxdur. Yalnız Ombudsman Aparatından dedilər ki, vəkil günortadan sonra görüşə buraxılacaq”, o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə avqustun 11-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş, 7,4 qram marixuana götürüb. Ədilovun evinə baxış zamanı isə 685 qram marixuana götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb və Ədilov saxlanılıb.

DİN mətbuat xidməti M. Ədilovun həbsinin siyasiləşdirilməsinin əleyhinədir. “Ortada cinayət faktı var”.

Natiq Ədilov və AXCP Murad Ədilovun şərləndiyini bildirir və həbsi siyasi təzyiq kimi qiymətləndirir.