“Bu millət vəkilləri əslində dövlət vəkilləridir və millət içində mərkəzin siyasətinə haqq qazandırmaqla məşğuldurlar,” deyə Muctaba Ərcümənd Urmiyə millət vəkili Nadir Qazipur kimi siyasətçilərin qeyri-fars toplumlarda güclü olan milli düşüncədən sui-istifadə etdiklərini bildirir. Urmiyədən Amerikanın Səsinə danışan jurnalist müxtəlif siyasi cərəyanlar, həmçinin qadınlar və qeyri-fars toplumlar baxımından İranın 10-cu dövr parlament seçkilərinin nəticələrini dəyərləndirib. O, habelə İran mediasının gündəmində olan deputat Nadir Qazipurun qadınlara qarşı dilə gətirdiyi sözlərə münasibət bildirib.
Your browser doesn’t support HTML5
“Hazırkı parlamentin millət vəkillərindən yüzdə yetmişi 10-cu dövrdə məclisə girməyə səs qazanmayıb... Beləliklə, anlaşılır ki, İranda 9-cu parlamentdən böyük narazılıq var. Birinci mərhələdə 14 qadın seçilib... İkinci mərhələyə qalan 8 qadından yalnız bir qadın səs qazansa, bu İran İslam Cumhuriyyəti tarixində bir rekord sayılacaq. Əlbəttə, bu nəticə yenə də dünya və qonşu ölkələrlə müqayisədə yaxşı rəqəm sayılmır,” deyə Muctaba Ərcümənd bildirir.
İslahatçılar qeydiyyata alınmaq üçün daha az tanınmış ya da hakimiyyət baxışında daha az mübahisəli adaylarla meydana gəldilər və mötədillərin himayəsini də cəlb edərək usulgeraların (fundamentalist) da bəzi önəmli fiqurlarını özlərinə qatdılar...Muctaba Ərcümənd
Jurnalist müxtəlif siyasi cərəyanların məclisə göndərə bildiyi millət vəkili sayı ilə bağlı dəqiq bir statistikanın mövcud olmadığını vurğulayır:
“Həm usulgeralar (fundamentalist), həm də islahatçılar və mötədillər bu seçimləri qazandıqlarını iddia edirlər. Ancaq, hansı cərəyanın parlamentə neçə millət vəkili göndərdiyinə dair dəqiq bir statistika yoxdur və hazırda bunu müəyyənləşdirmək çətindir. Niyə ki, namizədliklərin rədd edilməsindən sonra bu cərəyanların arasındakı sərhəd zəifləşdi. Misal üçün cənab Laricani (İran Parlamentinin hazırkı başqanı) kimi usulgera siyasətçi Qum şəhərində islahatçıların dəstəklədiyi siyahının başında idi və eyni zamanda Müdərrislər Cəmiyyəti (fundamentalist qrup) də onu dəstəkləyirdi...”
Ərcüməndin sözlərinə görə, seçkilərin qalibini müəyyənləşdirmək üçün millət vəkillərinin sayı deyil bəlkə müxtəlif siyasi-ictimai anlayışlar və baxışların əldə etdiyi siyasi ağırlığı dəyərləndirmək lazimdır. O, bu seçkilərin nəticələrini bütöv hakimiyyət, fundamentalistlər, islahatçılar və mötədillər eləcə də, qeyri-fars toplumların baxışı əsasında dəyərləndirir:
“Hakimiyyət açısından seçkilər abırlı və problemsiz şəkildə başa çatdı və hakimiyyət 62 faiz iştirakla xalq arasında legitimlik, həm də beynəlxalq imic qazandığını deyir.
İslahatçılar və onlara yaxın mötədillər özlərini qazanan tərəf sayır, cünki, öz proqramları istiqamətində uzun müddətdən sonra ictimai sektorda yenidən yüksəlməyi və parlamentdəki hakim tərkibi dəyişdirməyi bacardılar. Amma, bu qazanmanın keyfiyyəti zamanla aydınlaşacaq. Niyə ki, qeydiyyata alınmaq üçün daha az tanınmış, ya da hakimiyyət baxışında daha az mübahisəli adaylarla meydana gəldilər və mötədillərin himayəsini də cəlb edərək usulgeraların da bəzi önəmli fiqurlarını özlərinə qatdılar... Daxili və xarici muxalif qruplar da bunların yanında yer aldı.
Usulgeralar da özünü qazanan tərəf bilir. Bunlar Tehranda qazanmasa da başqa vilayətlərdə özünü qalib hesab edir. Onlar Tehranda qarşılaşdıqları durumun səbəbini yabançıların müdaxiləsi olaraq açıqlayırlar.
Qeyri-fars millətlərin ya daha dəqiq desək mərkəzçi düşüncəyə muxalif olanların qazanma anlayışı islahatçılar ya usulgeraların qazanması ilə əlaqədar deyil. Bunu açıqlamaq üçün bu qrupun seçkilərə qatılma motivlərinə baxmalıyıq... Kimlik mövzusu ilə bağlı qayğılar və milli istəklər bu cərəyanların düşüncə təməlidir.”
Seçkilər zamanında namizədlər qeyri-fars bölgələrdən səs almaq üçün milli düşüncədən faydalanır ya daha dəqiq desək sui-istifadə edərək bu düşüncənin yiyələrini kənarlaşdırıb öz çıxarları istiqamətində yönləndirirlər. Əlbəttə hakimiyyət də bu mövzuda proqramsız deyil. Ümumiyyətlə, qeydiyyata alınanlar mərkəzdə millətin nümayəndəsi deyil, millətin içində hakimiyyətin nümayəndəsi sayılırlar.Muctaba Ərcümənd
Muctaba Ərcüməndin söylədiklərinə görə, qeyri-fars toplumlar o cümlədən, türklər arasında seçkilərdə qazanma anlayışının fərqli olmasının səbəbi bu cəmiyyətlərin ictimai ağırlığa malik olmasına baxmayaraq siyasi sahələrdən uzaqlaşdırılmış olmalarıdır:
“Bunlar hər zaman kültürəl, iqtisadi və siyasi ayrı-seçkilik, milli zülm və bəzi yerlərdə də məzhəbi basqıya məruz qalaraq tələblərini ortaya qoya bilmirlər və mərkəzçi düşüncə, habelə fars şovinizmini bunun səbəbi kimi görürlər. Beləliklə mərkəziyyətçi düşüncənin yaratdığı mədəni toplum başqa millətləri əhatə etmir... Təəssüflə qeyri-fars millətlərin qayğıları və istəkləri İranın ictimai sahəsində tanınmır, özünə yer tapa bilmir. Özlərini qanuni qurumlara çıxara bilmirlər.
Buna görə də, mərkəzçi düşüncənin təsirində olan yerlər, yəni İsfahan, Tehran, Şiraz və Yəzd kimi bölgələr, ya ümumiyyətlə etnik olaraq fars olan bölgələrdə əhali durumun yaxşılaşması üçün islahatçı-usulgera rəqabəti əsasında səs verir. Amma, Sistan-Bəluçistan, Xuzistan və Azərbaycan kimi vilayətlərdə, yəni etnik olaraq fars olmayan ya məzhəb baxımından şiə olmayan yerlərdə bu durumu görmürük.
Mərkəzçiliyə qarşı olan cərəyanların milli və kimlik düşüncəsi böyük bir ictimai potensial və ağırlığa malikdir və millət bu ifadəyə çox müsbət yanaşır. Çünki, bu cərəyanlar millətin içindədir və öz çalışmaları ilə bu düşüncəni gündəmdə saxlaya biliblər. Amma, bu düşüncəni daşıyan, daha doğrusu bu düşüncənin yiyələri bir sıra səbəblərə görə siyasi ağırlığa malik ola bilmirlər... Bütün mərkəzçi cərəyanlar İrandakı totalitar və şovinist düşüncəni dəstəkləyərək bu cərəyanın qanuni şəkildə təşkilatlanması və istəklərini gündəmə gətirməsini önləyirlər.
Buna görə də, seçkilər zamanında adaylar səs almaq üçün bu düşüncədən faydalanır ya daha dəqiq desək sui-istifadə edərək bu düşüncənin yiyələrini kənarlaşdırıb öz çıxarları istiqamətində yönləndirirlər. Əlbəttə, hakimiyyət də bu mövzuda proqramsız deyil. Ümumiyyətlə, qeydiyyata alınanlar mərkəzdə millətin nümayəndəsi deyil, millətin içində hakimiyyətin nümayəndəsi sayılırlar.”
Urmiyədə yayımlanan Ağrı qəzetinin əməkdaşı həmin kontekstdə Urmiyədəki seçki atmosferinə diqqət çəkərək Nadir Qazipur kimi siyasətçinin seçilməsinə yol açan şəraiti şərh edir.
“Bu durumda Qazipur kimi opportunist adamlar [milli] düşüncədən öz çıxarları istiqamətində faydalanırlar... Halbuki, Qazipur nə bu düşüncədən sayılır, nə də onu qəbul edir. O, fikir cəhətindən mərkəzə bağlıdır və onun sözlərini deyir. Onun yanlışları da elə bu zəmində təhil edilməlidir,” deyə jurnalist əlavə edir.
Ərcümənd habelə Urmiyədə namizədlərin əhalidən səs almaq məqsədilə gündəmə gətirdikləri şüarlar və əhalinin tələbləri haqqında Amerikanın Səsinə məlumat verib.