Ruzbeh Səadəti Amerikanın Səsi ilə söhbətdə İranda qarşıdan gələn məclis seçkiləri ərəfəsində müxtəlif siyasi-ictimai cərəyanların tələblərini aşağı səviyyəyə düşürdüyünü müşahidə etdiyini deyir. Onun fikrincə, tələblərin səviyyəsinin mütəmadi olaraq endirilməsi toplumun demokratik tələblərini təmsil edən əsas cərəyanların zamanla səhnədən kənarlaşmasına səbəb olacaq. İranın Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan yazar və siyasi şərhçi həmçinin İslahatçıların dəstək verdiyi namizədlər siyahısında mötədil fundamentalistlərə də yer verildiyinə işarə edərək bu gedişatın islahatçı cərəyanın tədricən dağılmasına yol açacağını ifadə edir.
Ruzbeh Səadəti seçkilər ərəfəsində İranda ümumi siyasi atmosferi dəyərləndirməklə yanaşı türk dil haqları fəallarının tələbləri haqqında da danışır. O, dil hüquqlarına dair tələbləri gündəmə gətirən namizədlərin dəstəklənməsini müsbət dəyərləndirsə də, “türkçülük hərəkatının” öz tələblərini yuxarı səviyyədə tutmasını müdafiə edir.
Yəni bu gün bir namizəd bir şəhərdə türk dilində mədrəsə deyəndə, [konstitusiyanın] 15-ci maddəsindən söz edəndə, türkçülük cərəyanı bu səviyyədə qalmamalıdır... Artıq bir addım irəli gedib türkcənin İranda rəsmi dil olmasından danışmalıdırRuzbeh Səadəti
Fevralın 26-da İranda keçiriləcək Parlament və Xübrələr (Ekspertlər) Məclisi seçkilərinin namizədləri seçki kampaniyalarına rəsmi şəkildə fevralın 18-də start veriblər.
Səadəti ümumiyyətlə siyasi qrupların əksəriyyətinin seçkilərdə fəal şəkildə iştirak etdiyini bildirir.
Onun sözlərinə görə, “İranda çoxları yuxarı dərəcədə qatılmaqdan yanadır. Bu ona görə deyil ki, qatılaraq əllərinə bir şey keçəcək, ona görədir ki, keçən dönəmlərdə boykot edənlər bunu güclü şəkildə edə bilməyiblər. Qatılanlar inanır ki, keçmiş dönəmlərdə güclü boykot olmadı və Əhmədinejad kimi siyasətçilər seçildi, çünki seçki fəallığı güclü olmadı. Buna görə, indi islahatçıların böyük hissəsi qatılmağı dəstəkləyir... Qadın fəallar da qatılırlar. Onlar “Məclisin kişi simasını dəyişdirmə” adlı kampaniya işə salıblar. Bunu üç mərhələdə etmək istəyirlər: birincisi, fəal qadınları məclisə göndərmək, bu olmasa, qadın haqlarına müsbət baxan kişiləri seçmək, bu da olmasa, ən azından qadına qarşı insanların məclisi getməsini önləmək...”
Qatılmayanlar, ya da boykot edənlərin sayının çox az olduğunu vurğulayan siyasi fəal öz mövqeyinin qatılmamaq, ancaq fəal şəkildə səhnədə hazır olmaqdan ibarət olduğunu qeyd edir:
Bu sistem elə deyil ki bir mötədil usulgera islahatçılar tərəfindən gedib o mənbə və o təchizatdan bir şey qoparıb islahatçılara versin. O, mötədil usulgera özü də aradan qaldırılar.Ruzbeh Səadəti
“İranda siyasi atmosfer o qədər mürəkkəbdir ki, bunu hər hansı bir səmtə yönəltmək olmaz. İqtisadi durum yaxşı deyil. Bir çoxları məclis seçkilərinə şəxsi mənfəətlərinə görə qatılır, birisi iş, birisi maddi mənfəətlər üçün irtibatlar axtarır. Buna görə, ümumi əhalini qatılmamağa yönləndirmək olmaz. Mənim şəxsi tərcihim bir siyasi-ictimai fəal olaraq nə boykotdur, nə də bir aday ,(namizəd) ya da adayları təbliğ etmək, ya əhalini onlara səs verməyə yönləndirmək. Mənim seçimim bu ola bilər ki, seçki sahəsində də digər sahələr kimi hazır olub və oradan öz düşüncələrimizi yaymağa istifadə edək. Məncə, bu seçkilərin bundan artıq zərfiyyəti (tutumu) olmaz.”
İran mediasına istinadən, dəstək verdikləri namizədlərə dair bəyanat yayan islahatçı qrupların siyahısında bəzi mötədil usulgeraların (fundamentalist) da adları görünür. Ruzbeh Səadəti islahatçıların bu hərəkətinin islahatçı cərəyanın tədricən dağılmasına səbəb olacağını önə çəkir.
“Bu siyasət və təfəkkür bunu təmsil edən cərəyanı getdikcə dağıdacaq. Yəni siz bu gün bir mötədil usulgeraya səs verirsiniz ki, o, aşırı usulgera məclisə getməsin, gələn dönəm ki, o mötədil usulgera da olmayacaq nə edəcəksiniz? Yəni seçim getdikcə yaxşılaşmır, pisləşir. Mən fikr edirəm islahatçılar bu işlə öz meydanlarını itirir. Bir cərəyanın minimumları olar və deyər ki, mən bunlardan aşağı enməyəcəyəm, bu çərçivələr və meyarlarla namizədimi ortaya qoyacağam, olmasa daha bundan artıq əyilməyəcəyəm... Bunların minimum prinsipləri yoxdur, olsa da o qədər əyilgən olurlar, o qədər nisbi baxırlar ki, təqribən yox hesabındadır.”
Güneyli fəal ümumiyyətlə İranda fəaliyyət göstərən siyasi-ictimai cərəyanların getdikcə öz istəklərindən geri çəkildiyini və tələblərini aşağı səviyyəyə düşürdüyünü ifadə edir.
Bu siyasət və təfəkkür bunu təmsil edən cərəyanı getdikcə dağıdacaq. Yəni siz bu gün bir mötədil fundamentalistə səs verirsiniz ki, o aşırı fundamentalist məclisə getməsin, gələn dönəm ki o mötədil usulgera da olmayacaq nə edəcəksiniz?Ruzbeh Səadəti
“Usulgeraları dəstəkləyərək onlardan demokratik haqlar və tələblər istiqamətində yardım almaq olmaz... Əsasən bu sistem iki-üç mənbədən qidalanır – siyasi şiəçilik, irançılıq və başqa iqtisadi mənbələr. Sistemin özü usulgeradır və rəhbərin çevrəsinin əlindədir. Bütün mənbələr bunların əlində və açıqdır ki, onu başqaları ilə paylaşmaq istəmirlər... Bu sistem elə deyil ki, bir mötədil usulgera islahatçılar tərəfindən gedib o mənbə və o təchizatdan bir şey qoparıb islahatçılara versin. O mötədil usulgera özü də aradan qaldırılar..,” deyə Səadəti islahatçıların mötədil fundamentalistləri dəstəkləməklə heç nə əldə edə bilməyəcəklərini bəyan edir.
Güneyli yazar demokratik tələblər, o cümlədən dil hüquqları ilə bağlı tələblərin namizədlər tərəfindən gündəmə gətirilməsini, sadəcə səs almaq hədəfi ilə olsa belə, müsbət dəyərləndirir. Amma türk dil haqları fəallarının tələblərinin getdikcə daha irəli bir mərhələyə keçməsinin gərəkli olduğunu müdafiə edir.
“Tələblərin səsləndirilməsinin, səs almaq üçün belə olsa, qətiliklə müsbət təsiri olar... Ən azı toplumda bir maarifləndirmə olur, onları müəyyən dərəcədə oyandırır və bu demokratik tələbləri gündəmdə saxlayır. Ancaq önəmli olan budur ki, bu demokratik tələbləri təmsil edən cərəyanlar bir səviyyədə qalmamalıdırlar. Yəni, bu gün bir namizəd bir şəhərdə türk dilində mədrəsə deyəndə, [konstitusiyanın] 15-ci maddəsindən söz edəndə, türkçülük cərəyanı bu səviyyədə qalmamalıdır... Artıq bir addım irəli gedib türkcənin İranda rəsmi dil olmasından danışmalıdır,” Ruzbeh Səadəti əlavə edir.