Mübariz Qurbanlı: Dini radikalizmin qarşısı alınır və alınacaq [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Mübariz Qurbanlı: Dini radikalizmin qarşısı alınır və alınacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində ölkədə dini durum, dini radikalizmin Azərbaycana təsirləri, radikal dini cərəyanlara qarşı mübarizə, yas mərasimlərində ehsan və israfçılıqdan danışıb.

Amerikanın Səsi: Dünyada dini radikalizmi ilə dini liberalizmi arasında ciddi qarşıdurma gedir. Bu fonda Azərbaycanın dini siyasətində hansı dəyişikliklər gözləmək olar?

Dini radikalizmə qarşı mübarizənin ən başlıca yolu maarifləndirmədir. Eyni zamanda burada hüququn, qanunun bizə verdiyi üstünlüklərdən istifadə etməliyik.

Mübariz Qurbanlı: Dinlərin tarixinə nəzər salsaq müxtəlif zamanlarda dini radikalizmin baş qaldırdığını görə bilərik. Bəzən qərb mətbuatında radikalizmdən danışanda yalnız islam dinini nəzərdə tutmaq istəyirlər. Amma hesab edirəm ki, bu doğru deyil.

Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır. Biz tarixən ənənəvi islam ölkəsiyik və ölkəmizin özünəməxsus milli adət-ənənələri var. Bu adət-ənənələrimiz də islam dini ilə bağlıdır. Əhalinin 96 faizi islama sitayiş edir.

Mübariz Qurbanlı

Ölkəmizdə islam dininin mövcud olduğu dövrdən tarixin istənilən mərhələsinə nəzər salsaq Azərbaycanda dini baxımdan qarşıdurma, toqquşma baş verməyib. Lakin Azərbaycanda da müxtəlif qeyri-islami dini cərəyanları, o cümlədən xristian dininin özünün inkar etdiyi radikal xarakterli cərəyanları yaymaq istəyənlər var. Bu cür cəhdlər var.

Dini radikalizmə qarşı mübarizənin ən başlıca yolu maarifləndirmədir. Eyni zamanda burada hüququn, qanunun bizə verdiyi üstünlüklərdən istifadə etməliyik. Maarifləndirmə aparılacaq, qanunçuluğa riayət ediləcək, həmçinin dini radikalizmi yaradan səbəbləri arayıb taparaq aradan qaldıracağıq.

Amerikanın Səsi: Dini radikalizmə qarşı mübarizədə xristian və islam liberalizmi birləşib və eyni cəbhədə döyüşür. Azərbaycan hərbçiləri koalisiyanın tərkibində dini radikallara qarşı cəbhədədir. Digər tərəfdən az da olsa Azərbaycanın dini radikalları qarşı tərəfdə döyüşür. Münasibətiniz?

Azərbaycanda da bəzi radikal qruplar, qeyri-ənənəvi islam qruplarının nümayəndələri təşviqat yolu ilə bəzi gəncləri öz təsir dairəsinə salaraq, onları bu cür hərbi əməliyyatlara sövq edə biliblər

Mübariz Qurbanlı: BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində biz bütövlükdə radikalizmə, terrorizmə qarşı birliyi görməkdəyik. Bunun başlıca səbəbləri ondan ibarətdir ki, dini radikalizmi sözün əsl mənasında terrorizmin ideya mənbələrindən birinə çevrilməkdədir. İstər xristian, istər islam, istərsə də buddist radikalistlər olsun, fərqi yoxdur. Bunlar terrorizmin mənbəyinə, ideoloji mənbəyinə çevrilir. Ona görə də harada dini radikalizmi baş qaldırırsa, istər-istəməz həmin radikalizmin aradan qaldırılmasında beynəlxalq səviyyədə birliyin olması vacib şərtlərdən birinə çevrilir. Əlbəttə dini radikalizmin elementlərini biz Yaxın Şərqdə daha aydın şəkildə görməkdəyik, xüsusilə özünü islam xilafəti, islam dövləti adlandıran terrorçu qruplaşmaların bu ad altında öz məqsədlərinə çatmaq üçün silahlı dəstələrdən istifadə etdiyini görməkdəyik. Bu çox pis bir nümunədir. Eyni zamanda biz dini radikalizmi terror qrupları şəklində xristian ölkələrində görməkdəyik. Təbii ki, bunlar da qarşısı alınmalı olan məsələlərdir.

O ki, qaldı Azərbaycandan radikal dartışmalarda iştirak etmək məsələsinə, bəli Azərbaycanda da bəzi radikal qruplar, qeyri-ənənəvi islam qruplarının nümayəndələri təşviqat yolu ilə bəzi gəncləri öz təsir dairəsinə salaraq, onları bu cür hərbi əməliyyatlara sövq edə biliblər. Bunun qarşısını almaq üçün də ölkəmizdə həm hüquqi, həm dini maarifləndirmə ilə, həm də hüquq-mühafizə orqanlarının yolu ilə işlər görülür. Bunların qarşısı alınır və alınacaq.

Amerikanın Səsi: Dini radikal cərəyanların liderləri islam dövlətinin yayılma coğrafiyasının Qafqaz və Orta Asiya regionuna doğru genişlənəcəyini bəyan edib. Bu baxımdan radikal islam toxumlarının Azərbaycanda cücərməməsi üçün nə etmək lazımdır?

Bu baxımdan onların Qafqaza gəlib çıxması sıfıra bərabərdir. Bunun qarşısını almaq üçün biz lazımi tədbirlər görürük, görəcəyik.

Mübariz Qurbanlı: Onların bunu etməyə nə maddi imkanları, nə də fiziki gücləri var. Eyni zamanda onların təşviq etdikləri “ideologiya” da xalqlar tərəfindən qəbul edilmir. Buraya toplaşanlar əslində bir tərəfdən terrorla məşğul olanlardır, digər tərəfdən müəyyən təsir altına düşən insanlarıdır. Eyni zamanda məcaraçı insanlar da bu aradadır. Bu tərəfdarlar ki, toplaşaraq əlinə silah götürüb müəyyən ərazilərə hücumlar təşkil edirlər, onların hücumlarının qarşısı alınacaq. Bu baxımdan onların Qafqaza gəlib çıxması sıfıra bərabərdir. Bunun qarşısını almaq üçün biz lazımi tədbirlər görürük, görəcəyik. Biz burada Azərbaycanda ənənəvi klassik şəkildə formalaşmış islamı dəyərlərdən kənar hansısa qeyri-islami xətlərin, cərəyanların, qrupların ayaq açmasına imkan verməyəcəyik. Biz əsas müqəddəs kitabımız “Qurani-Kərim” və ondan irəli gələn müddəaları əhaliyə daha geniş şəkildə çatdırmaqla, həmin xırda qrupların, radikal dairələrin söylədikləri fikirlərin islama aid olmadığını onların diqqətinə çatdırmağa qadir olacağıq. Bununla da onun qarşısını alacağıq. Digər tərəfdən biz hüquq-mühafizə orqanlarımızın vasitəsi ilə qanunun verdiyi üstünlüklərdən, imkanlardan istifadə edərək onların qarşını qətiyyətlə alacağıq.

Amerikanın Səsi: Azərbaycanda dini radikalizmin siyasi proseslərə təsir etməməsi üçün hansı qabaqlayıcı tədbirlər görülür? Artıq bu prosesin Yaxın Şərqdə dağıdıcı təcrübəsi var?

Azərbaycanda dini radikal dairələrin siyasi proseslərə müdaxilə imkanları demək olar ki, çox məhduddur.

Mübariz Qurbanlı: Dinin siyasətə müdaxilə etməsi birinci dəfə deyil. Din vasitəsi ilə siyasətə müdaxilə edərək siyasi məqsədlərini reallaşdırmaq istəyənlər həmişə olub, bundan sonra da olacaq. Lakin Azərbaycanda din dövlətdən ayrıdır, biz dünyəvi dövlətik. Azərbaycanın dünyəvi dövlət olması dini təbliğat pərdəsi altında müəyyən siyasi məqsədlərə çatmağın qarşısını alır. Azərbaycan qanunları, konstitusiyası imkan yaradır ki, bunların qarşısını hüquqi yolla da alaq. Azərbaycanda dini radikal dairələrin siyasi proseslərə müdaxilə imkanları demək olar ki, çox məhduddur. Onların bütövlükdə Azərbaycan ictimai-siyasi həyatına, ictimai-siyasi prosesə, fəaliyyətə təsirləri çox aşağı səviyyədədir.

Amerikanın Səsi: Azərbaycanda vaxtaşırı yas mərasimlərində israfçılığa qarşı mübarizə məsələsi qaldırılır. Amma indiyədək effektiv nəticələri olmayıb. Bu dəfə necə, nəticə olacaq?

İnsanlar dəfn mərasimlərində süfrələrinə qoyacaq təamlar varsa, bu təamlar insanları doydurmaq üçün deyil.

Mübariz Qurbanlı: Yas və dəfn mərasimlərində qaydalar bizim düşüncəmizə görə belə olmalıdır: İnsanlar dəfn mərasimlərində süfrələrinə qoyacaq təamlar varsa, bu təamlar insanları doydurmaq üçün deyil. Həmin dəfn mərasimi, iştirak edən insanların müəyyən zaman çərçivəsində rəhmətə gedən şəxs haqqında söhbətlər aparmaq üçün bir vasitə rolunu oynamalıdır. Söhbət dəfn mərasimlərində süfrələrə nəyinsə qoyulmasının dayandırılmasından getmir. Bunlar yalnız və yalnız müəyyən zaman çərçivəsində insanların özünün razılığı, hər kəndin, qəsəbənin, cəmiyyətin razılığı ilə baş tutan məsələdir. Əminəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti bu qaydaları dəyişmək istəyir.