MSK-nın iclasına qatılmağa əngəl olan "zibil torbasından sıçrayan su" [Video]

Gülağa Aslanlı

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı saxlanılmasına dair mətbuat konfransı keçirib
Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bu gün üzləşdiyi hadisə ilə bağlı mətbuat konfransı keçirib. Başına gələnləri nəql edən cənab Aslanlı deyib ki, bir gün qabaq MSK ilə ora təqdim etdikləri şikayətlə bağlı əlaqə saxlamaq istəyib. Lakin onun zənglərinə qurumda cavab verən olmayıb. O, MSK-nın saxtakarlığı əks etdirən aktların əslini istəməsindən şübhələnib və bu gün səhər sənədləri quruma aparmaq qərarına gəlib.
Səhər saat 9:30 radələrində evdən çıxan Gülağa Aslanlı əlindəki zibil torbasını zibil qutusuna atandan sonra kommunal xərcləri ödəmək üçün yaşadığı binanın kommendatının oturduğu otağa gedib. Elə buradaca 3 nəfər tanımadığı mülki şəxs onu tutaraq, özlərini təqdim etmədən və heç bir izahat vermədən zorla maşına mindirib, polis bölməsinə aparıblar.
Bölmədə bir müddət saxladıqdan sonra deyib ki, o səhər zibil qutusuna zibil torbasını atarkən çirkli su torbadan bir nəfərin üzərinə sıçrayıb və orada mübahisə yaranıb və qarşı tərəf şikayət ərizəsi verib. Gülağa Aslanlı belə bir hadisənin ümumiyyətlə baş vermədiyini bildirib.
Onu saat 12:00-a qədər bölmədə saxlayıb, sonra sərbəst buraxıblar. Həmin vaxta qədər isə MSK Cəmil Həsənlinin saxtakarlıqlarla bağlı şikayətinə baxıb və aktların əslinin olmadığını əsas götürərək şikayəti rədd edib.
G.Aslanlı hesab edir ki, onun saxlanması MSK və polislə birgə qurulmuş əməliyyatdır. Vəkilin sözlərinə görə, məqsəd ona saxtakarlıqla bağlı aktların əsillərini MSK-ya çatdırmağa imkan verməmək olub.

AzadlıqRadiosunun məlumatına görə isə, MSK-nın mətbuat katibi Azər Sarıyevin məsələyə münasibəti isə belədir:

“Seçki prosesi ilə bağlı necə böhtan danışırlarsa, bu hadisə barədə də eyni mövqe sərgiləyirlər. MSK sədri onu niyə həbs etdirməlidir ki? Şikayəti dünən təqdim edib və təkidlə ondan təsdiqedici sübutlar istənilib. O isə kserosurətlərdən başqa heç bir şey təqdim etməyəcəyini bildirib”.
Mətbuat konfransından video Musavat.com-a məxsusdur: