Mitt Romni üç praymerizdə qələbə çaldı

  • Amerikanın səsi

Respublikaçı prezidentliyə namizəd Mitt Romni əlavə üç ştatda praymerizdə qələbə çalıb. Bu qələbələr onun rəsmən namizəd olmaq şanslarını xeyli gücləndirib.

İndiana, Şimali Karolina və Qərbi Virciniya ştatllarındakı qələbələrdən sonra Romni indi Respublikaçıların ümummilli qurultayına gedəcək 900 nümayəndəyə malikdir. Sabiq Massaçusets qubernatoruna namizədliyi təmin etmək üçün 1,144 nümayəndə lazımdır.

“Biz prezident Obamadan bunu gözləmirdik. O, dəyişiklik və ümid vəd etmişdi, və demişdi ki, hamımızı birləşdirmək istəyir. Amma ritorika reallıqla toqquşdu və reallıq üstün gəldi,” deyə Romni bəyan edib.

İnidiana praymerizində Respublikaçı senator Riçard Luqar 30 il təmsil etdiyi ştatdan namizədliyini irəli sürmək şansından məhrum olub. 80 yaşlı senator partiyadaxili yarışda mühafizəkar Çay Ziyafəti hərəkatının nümayəndəsi Riçard Mordoka məğlub olub.

Şimali Karolinada seçicilər ştat konstitusiyasında nikahın kişi ilə qadın arasında olması barədə qanunun yer almasını dəstəkləyiblər.