Misirdə nümayişçilər prezident sarayından kənarlaşdırılıb

Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları və müxalifləri arasındakı qarşıdurma nisbətən səngiyib.

Amerikanın Səsinin Qahirədəki şöbəsinin müdüri Elizabeth Arrot Müsəlman Qardaşları tərəfdarlarının prezident sarayının qarşısından kənarlaşdırıldığını və insanların cənab Mursinin xalqa müraciət etməsini gözlədiklərini deyir.

Nümayişçilər cənab Mursinin də ərazini tərk etməsinə görə məyus olub, buna baxmayaraq onlardan bəziləri oranı tərk etməyib. Misir ordusu tərəfləri ayırmaq üçün əraziyə tanklar göndərərək hər iki tərəfə ərazini tərk etmək üçün yerli vaxtla günorta saat 3-ə qədər vaxt verib.

Arrot 24 saat öncə ilə müqayisədə, indi ərazinin kifayət qədər fərqli olduğunu deyir.

Qahirədə baş verən zorakılıq nəticəsində 350 insan yaralanıb, beş nəfər həlak olub.