Milli Şura İTV-nin efirində baş verənlərlə bağlı bəyanat yayıb

Cəmil Həsənli Milli Şura üzvləri ilə birgə

Hkumətdən, Mərkəzi Seçki Komissiyasından və İctimai Televiziyadan qanuna əməl edilməsi tələb edilir
Demokratik Qüvvələrin Milli Şurasının dünən axşam İctimai Televizyanın efirində prezidenliyə namizədlərin debatında baş verən qalmaqal, Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı haqsızlıqlarla bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

Sentyabrın 19-da İctimai Televiziyada debatlar zamanı Demokratik Qüvvələrin Milli Şursının prezidentliyə namizədi Cəmil Həsənliyə qarşı adi insanı etikadan və qanundan kənar davranışlara yol verilib.

Cəmil Həsənli bu hücumların cavabını təmkinlə, ləyaqətlə və sərrast verib. Tamamilə haqlı olaraq hücumların arxsında İlham Əliyevin durduğunu bəyan edib.

Milli Şura Cəmil Həsənliyə qarşı bu hərəkətləri pisləyir və bunların aradan qaldırılması üçün qəti addımlar atılmasını tələb edir.

Milli Şura prezidentliyə namizəd İlham Əliyevi öz tərəfdarlarını və vəkil etdiyi şəxsləri prezident seçkiləri kampaniyasını gözdən salan belə çirkin davranışlardan çəkindirməyə çağırır.

Milli Şura İctimai Televiziya rəhbərliyinə seçki debatlarına qanunsuz müdaxilələrin Seçki Məcəlləsinə zidd olduğunu xatırladır və üzərinə düşən vəzifələri tərəfsiz və düzgün yerinə yetirməyə səsləyir. İctimai Televiziyanın rəhbərliyi başqa namizədlərin qanunsuz hərəkətləri və müdaxiləsi nəticəsində Cəmil Həsənli üçün ayrılmış vaxtın itkisini bərpa etmək vəzifəsi daşıyır.

Milli Şura Mərkəzi Seşki Komissiyasından Cəmil Həsənliyə qarşı baş vermiş qanun pozuntularını qısa zamanda araşdırmağı, onun pozulmuş haqqlarını bərpa etməyi, bu hadisəni törədənlər barədə ölçü götürməsini tələb edir.

Milli Şura xatırladır ki, Mərkəzi Seçki Komissiyası üzvləri seçkilərin ədalətli və qanun əsasında keçirilməsinə, bütün namizədlərə bərabər imkanlar yaradılmasına və hüquqlarının təmin olunmasına məsuliyyət daşıyırlar.