Baş Prokurorluq Milli Şuranı araşdırır

Baş Prokurorluğun binası

El Hərəkatının Ali Məclisinin sədr müavini prokurorluğa dəvət edilib
“EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun “Milli Şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.

Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində müvafiq araşdırmalara başlanılıb. Хəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.