Milli Təhlükəsizlik Nazirliyi terrora hazırlığın qarşısını alıb

Milli Təhlükəsizlik Nazirliyi terrora hazırlığın qarşısını alıb

Terroru hazırlayan iki nəfər həbs edilib, bir nəfər isə İranda gizlənir

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakıda əcnəbi ictimai xadimlərin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa edib.
MTN-in məlumatında deyilir ki, nazirliyin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.
Qətlləri planlaşdıran iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs edilib, hazırlanan terror aktlarının digər mühüm iştirakçısı - əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş Balaqardaş Dadaşov hazırda İranın Ərdəbil şəhərində gizlənir.
Qrupun üzvlərindən odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.
Dadaşov Rasim Əliyevə Azərbaycanda bir sıra terror aktlarının həyata keçirilməsi üçün 150 min dollar vəd edib. O, Əliyevə 9,3 min dollar, “sifariş olunmuş” şəxslərin və onların avtomaşınlarının fotoşəkillərini, Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini təqdim edib. Rasim Əliyev isə 7 min dollar və sözügedən sənədləri Makarov tapancası olan Əli Hüseynova təqdim edib.
2011-ci ilin oktyabrında Balaqardaş Dadaşov snayper tüfəngi, iki ədəd səsboğucu, 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd “PM” tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində “Charge Demolition M-112” yazıları olan “C4” kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanın İrandan Azərbaycanın Biləsuvar rayonuna gətirilməsini təşkil edib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa catdıra bilməyərək yaxalanıb. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.
Rasim Əliyev və Əli Hüseynov Azərbaycan Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
İş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.