Milli Hökümətin ildönümünü qeyd edən fəallara həbs hökmü çıxarılıb

Ötən ilin dekabr ayında İranda Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd etdikləri üçün nəzarət altına alınıb və daha sonra müvəqqəti olaraq sərbəst buraxılmış 5 milli fəala qarşı Mahabad İnqilab Məhkəməsi tərəfindən həbs hökmü çıxarıldığı bildirilir.

Öyrənci Səsi veb səhifəsinin yaydığı məlumata əsasən hakim Cavadikiya Daryuş Əndəlibiyanı 9 ay, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahimini isə 3 ay və bir gün həbsə məhkum edib.

Yayılan məlumatda deyilir ki, qoşaçaylı fəallar həbs hökmü ilə bağlı məlumatı məhkəmədən deyil, Ettelaat idarəsindən alıblar.

Öyrənci Səsi məhkəmə sənədinin fəallara verilməməsini, həmçinin onlara hökm ilə bağlı məlumatın məhkəmə deyil, təhlükəsizlik qurumu tərəfindən bildirilməsini aşkar qanunsuzluq olaraq dəyərləndirib.

Bu fəallar ötən ilin dekabr ayında Qoşaçay şəhərində Azərbaycan Demokrat Firqəsinin liderlərindən olmuş Xanəli Mütiyinin məzarı üstündə toplaşaraq 1945-46 illərdə qurulan Milli Hökümətin ildönümünü qeyd etdikləri üçün nəzarət altına alınıb, daha sonra müvəqqəti olaraq zəmanətlə sərbəst buraxılmışdılar.

1945-ci ilin dekabrında Seyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulan Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə devrilmişdi.

“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər kor-təıbii şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalımca bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı,” deyə o illərdə Azərbaycana səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas Qəribə torpaqlar və mehriban xalq adlı kitabında İran ordusunun Azərbaycan şəhərlərinə hücumunu təsvir edib.