Bakı Apelyasiya Məhkəməsi siyasi fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə 14 saylı həbsxananın nümayəndəsi B.Hacıyevin “idman və müəssisədaxili ictimai işlərə” maraq göstərməməsini əsas gətirərək azadlığa buraxılmasını məqbul saymayıb.
B.Hacıyevin vəkili Əlayif Həsənov çıxışında müdafiə etdiyi şəxsin həbsinə səbəb olan Qaradağ Rayon Məhkəməsinin 29 mart 2012-ci il tarixli qərarını əsassız adlandırıb. 14 saylı həbsxana təmsilçisinin B.Hacıyevlə bağlı mülahizəsinin həbsdə qalmasına əsas vermədiyini bəyan edib.
Tərəfləri dinləyərək müşavirəyə gedən hakim apelyasiya şikayətini təmin etməmək barədə qərar verib. Məhkəmə prosesinə çoxsaylı yerli və xarici jurnalistlər, həmçinin diplomatik korpusun nümayəndələri qatılıb.
ABŞ-ın Harvard Universitetinin məzunu B.Hacıyev ötən il mayın 18-də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmətə çağırışdan yayınma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il iyulun 6-da bu qərardan verilən apelyasiya şikayəti təmin edilməyib, 2011-ci ilin dekabrında isə Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
Bundan öncə müdafiə tərəfi B.Hacıyev cəzasının 3/1 hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Ötən ilin sonlarında Qaradağ Rayon Məhkəməsi müraciəti təmin etməyib, bu ilin fevralında isə Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Həbsxananın nümayəndəsi B.Hacıyevin “idman və müəssisədaxili ictimai işlərə” maraq göstərməməsini əsas gətirərək azadlığa buraxılmasını məqbul saymayıb.